0
Thursday 27 January 2011 - 16:53

DÖVLƏTİN ƏSASI İKİ HALDA SARSILA BİLƏR...

Story Code : 52191
DÖVLƏTİN ƏSASI İKİ HALDA SARSILA BİLƏR...
DÖVLƏTİN ƏSASI İKİ HALDA SARSILA BİLƏR...
Rövşən Əhmədli: "Məhkəmədə, bu gün günahsız bir insanın həbsi dövlətin əsasını sarsıtmırmı” deyə sual edəndə susqunluq nümayiş olundu"



Son günlər Azərbaycanda alnını möhürə qoyub Allaha səcdə edən həqiqi dindarların polis tərəfindən saxlanma, həbs olunma metodları cəmiyyətdə acı gülüş doğurur. Əvvəllər fəal siyasi səhnədə olan Hacı Rövşən Əhmədlinin yanvarın 9-da evdən aparılaraq, ona Binəqədi Rayon Məhkəməsində 10 gün həbs cəzasının verilməsi də bu cür tragikomik mənzərələrdən biridir. Bu günlərdə həbs müddəti başa çatıb azadlığa qovuşan R.Əhmədli ilə söhbətimizin məzmununu da elə bu və digər məsələlər təşkil edir.



Həbsinin təfərrüatlarından danışan R.Əhmədli yanvarın 9-da evinə gələn mülki geyimli bir şəxs və polislər tərəfindən polis bölməsinə aparıldığını söylədi: “Bismillahir Rəhmanir Rəhim. Yanvarın 9-u, təxminən saat 12 radələrində qapımızın zəngi çalındı. Qapını uşaqlardan biri açdı və “ata bir nəfər sizi çağırır” deyə məni səslədi. Həmin şəxslə salamlaşdıqdan sonra “məni tanımadınız, axı biz əvəllər də görüşmüşük” dedi. Əlbəttə, o adamı tanımırdım. Ümumiyyətlə biz onunla heç yerdə görüşməmişdik də. Özünü təqdim etməkdən yayınan həmin şəxs məndən geyinib aşağı düşməyimi istədi. Onu evə dəvət etsəm də, təklifimi qəbul etmədi və məni qapıda gözlədi. Qeyd edim ki, həmin şəxslə polis işçiləri də gəlmişdilər. Ancaq onlar pilləkəndə dayanmışdılar. Məni Binəqədi Polis İdarəsinin 7-ci polis bölməsinə apardılar. Düz iki saat həmin bölmədə gözləməli oldum. Bu vaxt ərzində mənə heç bir söz deyilmədi. Amma dəhlizdə polislərin bir-biri ilə mübahisə etdiyini eşidirdim. Onlardan kimisi “mən yazmıram”, digəri isə “biz də yaza bilmərik” kimi sözlər işlədirdilər. Hiss edirdim ki, polisləri saxta protokol yazmağa təhrik edirlər. Belə də oldu. Bir-iki saatdan sonra məni Binəqədi Rayon Məhkəməsinə aparacaqlarını bildirdilər. Polislərdən evimə gələn həmin mülki geyimli şəxsin kim olduğunu soruşdum. Dedilər ki, o, polis rəisinin müavinidir. Birtəhər Kənan adlı həmin polis zabiti ilə görüşüb nələrin baş verdiyini öyrənməyə çalışdım. O isə “Evinizdə əmrimə tabe olmayıb telefonla danışdınız, günah sizdədir” deyərək, sualıma cavab verməkdən yenə də yayındı”.

Binəqədi Rayon Məhkəməsinə aparıldıqdan sonra R.Əhmədliyə məlum olub ki, o, polisin saxta protokolu əsasında saxlanılıb: “Protokolda göstərilirdi ki, guya mən, yaşadığım binanın qarşısında səs-küy salıb, nalayiq hərəkət etmişəm. Polisin qanuni tələbinə əməl etməmişəm. Əlbəttə, proses zamanı bütün bunların qondarma olduğunu, məni gəlib yaşadığım evdən apardıqlarını bildirdim və vəkilimin çağırılmasını tələb etdim. Məhkəmə iştirakçılarının diqqətinə onu da çatdırdım ki, Qarabağ müharibəsi veteranı, müqəddəs Məşhəd, Kərbəla, Həcc zəvvarı, 3 uşaq atası, cəmiyyətdə müəyyən qədər tanınan bir şəxsəm. Amma məhkəmə vəkilimin iştirakı olmadan, səsləndirdiyim dəlillərin heç birisini araşdırmadan uzun-uzadı fasilələrdən, kimlərləsə məsləhətləşmələrdən sonra məni 10 günlük inzibati həbs cəzasına məhkum etdilər”.

Qeyd edək ki, Hacı Rövşənin saxlanılması barədə heç bir məlumat verilmədiyinə görə hüquqlarının müdafiəsi ilə məşğul olan Elman Mustafayev müvəkkiliylə çox çətinliklə əlaqə yarada bilib. Və yanvarın 10-da apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Amma apellyasiya məhkəməsi də Binəqədi Rayon Məhkəməsinin R.Əhmədli barəsində çıxardığı qərəzli qərarı qüvvədə saxlayıb: “Mən apellyasiya məhkəməsində də saxta ifadələr və qondarma ittihamlar əsasında həbs edildiyimi dedim, hakimdən ədalətli qərar çıxarmasını istədim. Ancaq təəssüf ki, bu məhkəmə instansiyası da qondarma ifadələri ədalət prinsiplərindən, həqiqətdən üstün tutdu. Həm Binəqədi Rayon Məhkəməsinin, həm də apellyasiya məhkəməsinin giriş qapısının üzərində böyük hərflərlə “Dövlətin əsası iki halda sarsıla bilər: Cinayətkar cəzasız qalanda, günahsız insana cəza veriləndə: Ümummilli lider Heydər Əliyev” sözləri yazılıb. Mən hər iki prosesdə məhkəmənin girişində yazılan bu sözləri xatırladıb, hakimlərə“Günahsız bir insanın həbs edilməsi dövlətin əsasını sarsıtmırmı” deyə sual etdim. Onlar isə sualımın qarşısında susqunluq nümayiş etdirdilər”.

Bununla belə, müvəqqəti tədricxanada saxlanma şəraitindən də söz açan Hacı Rövşən orada hansısa problemlə üzləşmədiyini vurğuladı: “Nəzarətçilər hamımızla normal davranırdılar. Onların baxışlarında hətta bir məyusluq hissi vardı. Çünki başa düşürdülər ki, heç bir günahımız yoxdur. İnanclı insanlar kimi heç kimə zərərimiz toxunmayıb, hansısa cinayət əməli törətməmişik. Həmin ərəfədə məhbusların saxlanma şəraitini yoxlamağa gələn Ombudsman Aparatının nümayəndələrinə də şikayətimizin olmadığını söylədiik. Amma bununla yanaşı mən, uydurma əsaslarla həbs edildiyimiz, hüquqlarımızın pozulduğu barədə məlumat verdim. Hər halda gələn nümayəndələr qeydlər aparıb, deyilənlərlə bağlı araşdırma aparacaqlarına söz verdilər”.

Sonda dindarların kütləvi həbsinə də münasibətini açıqlayan müsahibimiz bunu mənfi tendensiya kimi xarakterizə etdi. “Günahsız insanların həbsi insan haqlarına və dəyərlərinə, beynəlxalq hüquq normalarına ziddir. Şəxsən mənim üzləşdiyim qanunsuzluqlarla barışmaq niyyətim yoxdur. Və artıq bütün əlaqədar instansiyalara müraciət edərək hüquqlarımın bərpasını, qanunsuz hərəkətə yol verənlərin cəzalandırlmasını tələb etmişəm”.

Azərbaycanda çox qəribə proseslərin baş verdiyini dilə gətirən R.Əhmədliyə görə, cərəyan edən hadisələri birmənalı şəkildə dəyərləndirmək mümkün deyil: “Hadisələr ciddi və qərəzsiz araşdırmalar tələb edir. Məncə, dindarların həbsi, evlərində silah “tapılması” daha çox psixoloji məqsəd daşıyır. Bütün hallarda düşünmürəm ki, cəmiyyət bu uydurmalara inansın. İnsanların kütləvi tutulması, barələrində həqiqətdən uzaq fikir formalaşdırma cəhdi müsbət heç nə vəd etmir, əksinə, Azərbaycan dövlətçiliyinə, vətəndaş-hakimiyyət həmrəyliyinə zərbə vurur. Çox güman ki, ölkəmizdə qarşıdurma yarada, sabitliyi poza biləcək bu cür proseslərin arxasında Azərbaycan dövlətinə və hakimiyyətinə dost olmayan qüvvələr dayanır. Belə qüvvələrin hegemonluğuna mütləq son qoyulmalı, ölkəmizdə qanun şah olmalı və hamı ona istinad etməlidir. Hüquq və azadlıqların pozulması, haqqın tapdalanması, insanlarla əşya kimi rəftar vətəndaşlarla hakimiyyət arasında dərin uçurum yarada bilər. Ona görə də ağıllı adamlar bu barədə düşünməli və qanunsuz hərəkətlərin qarşısını almağa tələsməlidirlər”.



Emin Nəsirli
Source : faktxeber
Comment