Xəbər verildiyi kimi avqustun 16-da Türkiyənin prezidenti Abdulla Gül Bakıya səfər edəcək. Məlumatda bildirilir ki, görüş zamanı ikitərəfli əlaqələr, iki ölkə arasında viza rejiminin ləğvi, enerji sahəsində əməkdaşlıq, regional məsələlər və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Abdulla Gülün bu səfərini çox müsbət qiymətləndirən konfliktoloq Elxan Mehdiyev FaktXeber.com-a bildirdi ki, belə səfərlər ildə bir dəfə deyil, daha tez-tez baş verməlidir: “Türkiyə-Azərbaycan görüşləri adi hal almalıdır. Eyni zamanda ildə bir dəfə baş tutan səfərə sürpiriz kimi baxmamalıyıq. Səfər zamanı müzakirə olunan məsələlərə gəldikdə, viza rejiminin ləğvi çox önəmlidir. Hətta daha böyük önəm daşıyır. Türkiyə artıq Balkan ölkələri ilə vizasız rejimdə işləyir və dünənə qədər onunla düşmən olan Suriya və Livanla vizasız rejimdədir. Eyni zamanda Gürcüstan və Rusiya ilə gediş-gəliş vizasızdır. Amma “bir millət iki dövlət” şüarı ilə yaşayan ölkə ilə hələ viza rejimi hökm sürür. Bunun günahı da bilavasitə Azərbaycan hakimiyyətindədir”.
Türkiyə-Azərbaycan arasında enerji məsələsi çox önəmlidir. Bunun əsasını da qaz sazişləri təşkil edir. Ekspertlər iddia edirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı qalması iqtisadi baxımdan Azərbaycana milyonlar dollara başa gəlir. Yəni sərhədlərin bağlı qalması müqabilində Azərbaycan Türkiyəyə qazı dünya bazarından dəfələrlə aşağı satır. Bu mənada Türkiyə-Ermənistan sərhədlərinin bağlı qalması Azərbaycana nə qədər lazımdır – sualını konfliktoloq belə şərh etdi: “Məsələni pulun üzərində qurarıqsa, o zaman Azərbaycan Türkiyədən heç nə gözləməməlidir. Bundan əlavə Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan münasibət deyil, bir millətin iki dövləti arasında olan münasibətlər kimi olmalıdır. Bildiyimiz kimi burada Azərbaycan tərəfinin günahı daha böyükdür. Eyni zamanda qaz məsələsi təkcə qiymətlə bağlı deyil. Bu məsələnin çox tərəfi var. Bundan əlavə Azərbaycan qazını alan da yoxdur və rəsmi Bakının bu istiqamətdə problemləri var”.
E.Mehdiyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinə bu səfərin heç bir təsiri olmayacaq: “Bu səfərin Qarabağ məsələsinə heç bir təsiri olmayacaq. Son iki ildə Qarabağ problemini yerindən tərpədən məhz Türkiyə olub. Azərbaycan rəhbərliyinin bəyanatlarına fikir verəndə görünür ki, hamısı yalan və sonda mənasız duruma gətirib çıxartdı. Ortada heç bir şey olmaya-olmaya xalqı içəridən aldadaraq erməni tərəfinə daha çox avantaj verməklə məşğul oldular. Beləliklə Türkiyədən üz döndərib, Rusiyaya tərəf qaçan Azərbaycan sonda elə Rusiyadan şapalaq aldı. Rusiya Ermənistanı müdafiə edərək Əliyev, Sarkisyan və Medvedyev görüşündə ermənilərin planına dəstək verdilər”.