Dekabrın 5-də AİP-in rəhbər funksionerləri hacı Elçin Manafov, hacı İnqilab Əhədli və AİP-in də yer aldığı “Vətən” blokunun İcra Aparatının katibi Mayis Güləliyev AİP sədri hacı Mövsüm Səmədovla Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində görüşüblər.
Görüşün təfərrüatı barədə İslamazeri.az-ın suallarını “Vətən” blokunun İcra Aparatının katibi Mayis Güləliyev cavablandırıb:
-Doktor Mövsüm Səmədovun əhvar-ruhiyyəsi və səhhəti necədir, özünü necə hiss edir?
-Biz – İslam partiyasının sədr əvəzi Elçin manafov və sədrin birinci müavini İnqilab Əhədi və “Vətən” blokunun icra katibi kimi mən iki gün öncə İslam Partiyasının sədri doktor Mövsüm Səmədovu ziyarət etdik. Onun əhvali – ruhiyyəsini yaxşı gördüyümüzdən çox sevindik. Dr. Səmədov həmişəki kimi optimistdir və sağlamlığı da normaldır. -Görüşünüzdə əsasən söhbət mövzusu nə oldu?
- İki saata yaxın söhbət etdik. Əsasən “Vətən” blokunun mahiyyəti, gələcək fəaliyyəti, hədəfləri ilə bağlı məsələlər müzakirə edildi.
-Siyasi və ictimai proseslərə baxışı necədir?
-Dr. M. Səmədovun son aylarda baş verən ictimai-siyasi proseslər haqqında geniş məlumatları var. Mənim üçün onun seçki prosesinin nəticələri haqqında, regionda baş verən hadisələr və Azərbaycanın gələcək inkişaf perspektivləri haqqında baxışı da xeyli maraqlı oldu. Mən bir daha əmin oldum ki, o ciddi siyasətçidir. Hadisələrə sistemli yanaşaraq analizlər aparır. O, müxalifətin pərakəndəliyindən xeyli narahatdır. Hacı Mövsüm haqlı olaraq qeyd edir ki, pərakəndəlik siyasi mübarizəni xeyli zəiflədir.
-Mövsüm Səmədov İslami cameə haqda fikirlər və gələcək üçün dindarlardan gözləntisini bildirdimi?
- Onun müxalifətin pərakəndəliyi ilə narahatçılığı həm də dini cameədə olan pərakəndəliyə də işarə idi. Doktor M.Səmədov, dindarlardan gözləntisi mövzusunda siyasi mübarizənin əsas şərti kimi iki mühüm amili prioritet hesab edir: 1) hədəflərin aydın olması; 2) birliyin,vəhdətin vacibliyi.
-Ümumilikdə ölkə daxilində, dünyada gedən proseslər və “Vətən” blokunun bu fonda fəaliyyəti barədə hansı fikirdədir?
- Dr. M.Səmədovla görüşümüzdə Ukraynada olan vəziyyət və onun Azərbaycana təsiri, həmçinin Azərbaycanın gələcək inkişaf perspektivləri də xeyli müzakirə edildi. Biz bir daha belə qənaətə gəldik ki, bütün siyasi fəaliyyət Azərbaycanın müstəqilliyinin qorunması və qanunun aliliyinin təmin edilməsi istiqamətində olmalıdır. “Vətən” blokunun tədbirləri də Azərbaycanın müstəqilliyinin inkişaf etdirilməsi, ərazi bütovlüyünün bərpası, cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində olmalıdır.