0
Wednesday 21 July 2010 - 00:26

BAKI-TİFLİS YAXINLAŞMASI NƏ VƏD EDİR?

Story Code : 31659
BAKI-TİFLİS YAXINLAŞMASI NƏ VƏD EDİR?
Bildiyimiz kimi bir neçə gün əvvəl Azərbaycanın dövlət başçısı İlham Əliyev Gürcüstana səfər etmişdi. Səfər zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan dövlətinin ünvanına minnətdarlıq dolu ifadələr işlədəndən sonra, Azərbaycanla Gürcüstanın konfederativ dövlətdə birləşməsi ideyasını səsləndirib. Bunu düzgün təklif hesab edən Yaşıllar Partiyasının həmsədri, fəlsəfə elmlər doktoru Mayis Güləliyev FaktXeber.com-a bildirdi ki, Qafqaz ölkələri ayrı-ayrılıqda yaşamaq gücündə deyil: “Biz bunu dəfələrlə demişik. Kiçik ölkələr gələcəkdə qlobal problemləri həll etmək imkanında deyillər. Bu mənada Qafqaz ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə inteqrasiyasını dəfələrlə gündəmə gətirmişik. Azərbaycanla Gürcüstanın konfederativ dövlət kimi birləşməsi əslində yaxşı ideyadır. Amma iqtisadi və siyasi yaxınlıq olmadan onu həyata keçirmək bir qədər çətin məsələdir. Digər tərəfdən burada təhsil, səhiyyə, maliyyə məsələləri və istifadə olunacaq valyuta problemləri var. Əksər məsələlərin həyata keçməsi üçün zaman lazımdır. İndiki halda Azərbaycanla Gürcüstanın konfederativ şəkildə birləşməsi mümkün deyil. Çünki, bunlar bir-birindən uzaqlaşmış cəmiyyətlərdir. Nəinki Gürcüstanla, ümumiyyətdə region ölkələri ilə konfederativ şəkildə birləşmək çox yaxşı ideyadır”.

M.Güləliyev hesab edir ki, mövcud vəziyyəti nəzərə alsaq, regionda konfederativ dövlət yaratmaq mümkün deyil: “Hər iki ölkənin bu təkliflə bağlı dəqiq məqsədi olarsa, bu, çox uzun bir dövrə - təqribən 20-30 il, istiqamətlənmiş tədbirlər planının həyata keçirilməsindən ibarət olmalıdır. Həm tədbirlər planı hər iki ölkənin cəmiyyətinin dəyişməsini və bir-birinə yaxınlaşmasını nəzərdə tutmalıdır. Əks halda, əgər bu məsələni dövlət başçılarının qərarı və zor gücü ilə həyata keçirsələr digər region ölkələrinin mənfi reaksiyası ilə qarşılana bilər. Çünki, aydın məsələdir ki, belə konfederativ dövlətin yaradılmasında Qərb dövlətlərinin təsiri qaçılmaz olacaq. Amma bu proses mövcud cəmiyyətlərin obyektiv yaxınlaşmaları nəticəsində baş tutacaqsa, o halda region dövlətləri buna mane olmayacaq. Əksinə regionun təhlükəsizliyi üçün müsbət nəticə verə bilər”.

Gələcəkdə bu konfederativ dövlətə üçüncü tərəfin də daxil olma zərurəti yarana bilər. Azərbaycanla Gürcüstanın konfederativ dövlət kimi formalaşması mütləq regionda münaqişələrin həllini tələb edir – deyə bildirən M.Güləliyev əlavə etdi: “Konfiliktlərin həll edilməsi, üçüncü ölkənin, yəni Ermənistanın da bu birliyə yaxınlaşmasını nəzərdə tutmalıdır”.

Əli Mövlud
Source : faktxeber
Comment