0
Saturday 17 July 2010 - 14:57

QARABAĞ ƏLDƏN GEDİR!

Story Code : 31308
QARABAĞ ƏLDƏN GEDİR!
Xəbər verildiyi kimi iyulun 17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrdən olan həmkarlarının iştirakı ilə Qazaxıstanın Almatı şəhərində görüşəcək. Məlumatda bildirilir ki, Elmar Məmmədyarov, Edvard Nalbəndyan və həmsədr ölkələrin xarici işlər nazirləri Sergey Lavrov (Rusiya), Bernar Kuşner (Fransa), ABŞ dövlət katibinin müavini Ceyms Staynberq və ATƏT-ə fəaliyyətdə olan sədri Kanat Saudabayevin iştirakı ilə təşkil olunacaq görüş ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutacaq. Məmmədyarov Nalbəndyan görüşünün nəticəsiz qalacağını bildirən konfliktoloq Elxan Mehdiyev FaktXeber.com-a bildirdi ki, bu görüş gündəliyi məlum olmayan görüşə çevrilib: “Erməni tərəfi deyir ki, biz Sankt-Peterburqda Medvedyev tərəfindən irəli sürülmüş son prinsiplər üzərində danışacağıq. Azərbaycan tərəfi deyir ki, danışıqları yenilənmiş Madrid prinsipləri əsasında davam edəcəyik. Digər tərəfdən rəsmi Bakı iddia edir ki, Ermənistan əvvəlki razılaşmadan geri çəkilib, yenidən razılaşdırılmış məsələləri gündəmə gətirir. Eyni zamanda İrəvan da qeyd edir ki, Azərbaycan əvvəlki razılaşmadan geri çəkilir. Çox qarışıq və mürəkkəb vəziyyət yaranıb”.

E.Mehdiyev hesab edir ki, görüş baş tutacaq: “Görüşün baş tutmaması ehtimalı çox azdır. Çünki, görüşdə həmsədr ölkələrin xarici işlər nazirləri də iştirak edəcəklər və heç bir nəticə olmasa da görüşəcəklər. Elmar Məmədyarov belə bir açıqlama verdi ki, onlar əvvəlcədən beş rayonun qaytarılması, sora isə 5 il ərzində Laçın və Kəlbəcərin verilməsini razılaşıblar. Amma indi ermənilər öz mövqeyini dəyişib, o vaxtı uzatmağa çalışır. Onlar yəqin ki, Dağlıq Qarabağın statusu müəyyənləşməyənə qədər ərazidən çıxmayacaqlar”.

Belə görüşləri həmişə nəticəsiz görüş kimi dəyərləndirmişik. Çünki, 16 ildən çox vaxtdır ki, atəşkəs imzalanıb, minlərlə belə görüşlər keçirilib – deyə bildirən konfiliktoloq əlavə etdi: “İndiki vəziyyətdə erməni tərəfi torpaqlardan çıxmaq istəmir. Eyni zamanda Azərbaycanın verdiyi boş bəyanatlara da artıq inanmır və heç bir qorxu hiss etmir. Əksinə beynəlxalq tərəfdən dəstək qazanır. Bu baxımdan arzuları həyata keçməyənə qədər torpaqlardan çıxmaq fikrində deyil. Torpaqları 18 il işğal altında saxlaya bilirsə, yenə bu müddəti uzatmaq istəyir. Bəzi rayonların qaytarılmasına gəldikdə, Azərbaycan tərəfi Dağlıq Qarabağın Ermənistana birləşməsinə razılıq verərsə, o zaman 5 rayondan çıxacaq”.
Əli Mövlud
Source : faktxeber
Comment