“Nələrin baş verdiyini görəcəyik. İndi deyilənlərin reallaşanı da olacaq, reallaşmayanı da. Hesab edirik ki, yeni bir gün başlayır. Gün başlayanda yeniliklər olduğu kimi, siyasi həyatda da təbii proseslər olur” – bu sözləri KXCP sədri Mirmahmud Mirəlioğlu “Azadlıq” blokunun dağılması ilə əlaqədar açıqlamasında FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə blokun dağılmasında insanların subyektiv müdaxiləsi də var: “Bu kimi blokların mövcudluğu, siyasi fəaliyyətini başa vurması tam normaldır və ümumi qaydalara uyğundur. Burada qeyri-adi heç bir şey yoxdur. “Azadlıq” blokunun dağılmasına gəldikdə, bu, gözlənilən idi. Proseslərin inkişafını nəzərə alsaq belə nəticə gözlənilirdi”.
AXCP-Müsavat birliyi yaradılır. Siz bu birlikdə təmsil olunacaqsınız – sualını cavablandıran M.Mirəlioğlu əlavə etdi: “Burada təkcə AXCP-Müsavatdan söhbət getmir. Bütövlükdə müxalifət təmsil olunacaq. “Azadlıq” blokundan ayrılan Əli Kərimli ilə Müsavatın birliyindən söhbət gedirsə, bu, bizim neçə müddət apardığımız siyasət idi. Bu istiqamətdə dəfələrlə təşəbbüs irəli sürmüşdük və müxtəlif mənada müraciətlər etmişdik. Qeyd edim ki, bu təkcə Müsavat-AXCP birliyi ola bilməz”.
M.Mirəlioğlu bu birliyi DUİ-nin təşəbbüsü hesab edir: “Burada vurğulamaq lazımdır ki, DUİ-nin təşəbbüsü ilə atılan addımlardır. Sadəcə, DUİ daha geniş tərkibdə, yəni “Azadlıq” blokunun bütöv şəkildə yeni yaradılan blokda təmsil olunmasını istəyirdi. İndi belə qismət oldu. Bu birliyin ideya müəllifi bizik. Əli Kərimli bura gəlirsə, alqışlayırıq.”
Əli Kərimli Cəbhədən ayrılıb. Yenidən bir blokda sizə qoşulması nəyi dəyişəcək – sualını M.Mirəlioğlu belə şərh etdi: “O dövrdə vəziyyəti obyektiv qiymətləndirmək böyük əksəriyyətin imkanlarından kənar olub. Obyektiv qiymətləndirmə olmadığı üçün belə nəticələr baş verib. Təşkilatın özündə parçalanma olub və sair, bu ayrı məsələdir. Bu həm də kimin nə cür qəbul etməsindən asılı olmayaraq tərcümeyi-halıdır. İndi artıq 2010-cu il parlament seçkiləri ərəfəsidir. Söhbət seçkilər dövründə siyasi qüvvələrin bir arada olmasından gedir. Bunlar fərqli mövzulardır”.
Müsahibimiz İsa Qəmbərin “AXCP-Müsavat, Müsavat adı altında birləşsin” təklifinə də münasibət bildirdi: “İsa bəy “Mənim namizədliyim olmayacaq cəbhəçilər və müsavatçılar birləşsinlər, özlərinə başqan seçsinlər” - deyə bildirib. İsa bəy özü mənə dedi ki, mən bütün cəbhəçiləri nəzərdə tutmuşam. Müsavat-Cəbhə birliyi baş tutarsa, nə yaxşı.”