İsrail hərbi komandanlarının birinin oğlu ilə müsahibə
Story Code : 218304
Mayko Pold 1961-ci ildə Beytül-Müqəddəsin tanınmış sionistlərindən birinin ailəsində dünyaya göz açıb. Babası sionist rejimin istiqlal bəyannaməsini imzalayan rəhbərlərdən biri Meti Pold, atası sionist rejim ordusunun əfsanəvi generallarındandır. Ata Pold 6 günlük müharibədə, İordan çayının Qərb sahili və Qolan yüksəkliklərinin işğalında aparıcı rol oynayıb.
Mayko Pold uzun illər ailə tarixçəsi ilə iftixar edib. Hazırda isə sionist rejimin ən barışmaz müxaliflərindəndir. O əmindir ki, Fələstin probleminin yeganə həll yolu sionist rejimin ləğvidir.
Pold "Nəsim" agentliyi ilə söhbətdə özündə baş vermiş inqilabi dəyişikliklər haqqında deyir: “Bu inqilab ata evində başladı. 1948-ci ildə anama təklif olundu ki, fələstinli ailədən müsadirə edilmiş evə köçsün. Anam bu təklifi rədd etdi və bildirdi ki, heç vaxt bir ananın zorla çıxarıldığı evə ayaq basmayacaq.”
Maykonun atası 1968-ci ildə təqaüdə çıxıb. Maraqlıdır ki, işğalçı ordunun generalı nəinki keçmişi ilə fəxr etmir, hətta ömrünün sonunadək fələstinliləri himayə etməkdə israrlıdır. Meti Pold inanır ki, İsrail Fələstin dövlətinin yaranmasına imkan verməlidir. Onun fikrincə İordan çayının Qərb sahili, Qəzzə daxil olmaqla Fələstin dövləti yaradılmalı və Şərqi Qüds onun paytaxtı elan edilməlidir.
Maykonun dəyişməsinin əsas səbəbi bacısı oğlunun qətlə yetirilməsi olub. Pold deyir: “Bacımın bu ölümə reaksiyası məni tərpətdi. O nəinki bu ölümə görə fələstinliləri tənqid etmədi, əksinə ölümün əsas səbəbkarı kimi İsrail rejimini günahlandırdı. Bacım dedi: “Biz israillilər fələstinliləri ümidsiz vəziyyətə gətirmişik. Onları torpaqlarından çıxarmış, evlərini viran qoymuşuq. Atalarını həbs edib, azyaşlı körpələrini qətlə yetirdik, gələcəyə olan ümidlərini qırdıq.”
Mayko bu hadisədən sonra fələstinliləri tanımaq qərarına gəlir. O işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərlə görüşə gedir. Onların həyat hekayəsini dinləyir və sionizmin yalanlarından heyrətə gəlir.
"Nəsim" agentliyi ABŞ-da yerləşir və Pold da artıq ABŞ-da yaşayır. Buna görə də onunla geniş söhbətləşmək imkanı yaranıb. Müsahibəni xülasə şəkildə nəzərdən keçirək:
- Nə üçün Fələstin probleminin həlli istiqamətində 60 illik təlaşlar faydasız olub? Bu təlaşlarda ABŞ və Britaniyanın rolu nədir? - ABŞ və Britaniya Fələstin xalqına qarşı bütün cinayətlərdə şərikdirlər. Sülh müzakirələrinin uğursuzluğu bu iki ölkənin sülh istəməməsidir. Onların fikri Fələstini təslim etməkdir. Sionist rejimlə müzakirə faydasızdır.
- Yasir Ərəfatın sülh müzakirələrində rolu nə oldu? - Ərəfat 30 ildən artıq çalışdı ki, sülh yaransın. O hətta Qəzzə və Qərb sahilində Fələstin dövlətinin yaranması ilə razılaşdı. Bu addım Fələstinin 78% torpaqlarını itirməsi demək idi. Amma Ərəfat sülhə xatir hər şeyə gedirdi. Buna baxmayaraq İsrail sülhlə razılaşmadı. Ərəfatdan tələb olunurdu ki, Qərb sahilindən də gözünü çəksin. Ərəfat razılaşmadıqda İsrail onun ofisini tanklarla mühasirəyə aldı. 2004-cü ildə Ərəfat dünyasını dəyişdi.
- Qərb dövlətlərinin sülh proseslərində rolu nədir? - Sionistlər sülhə müxalifdir. İsrail bəzi Qərb ölkələrinin istəklərinə uyğun addım atacaqsa, sülh olmayacaq. Onlar iddia edirlər ki, Fələstin torpaqları İsrailə məxsusdur. Onların güzəştə gedəcəyi gözlənilmir.
- Sülh nə zaman yarana bilər? - Sülh yalnız o zaman mümkün olacaq ki, yəhudi dövləti olmasın. Gələcək Fələstin hökuməti bütün məntəqə sakinləri üçün demokratiya və insan haqqlarının təminatçısı olacaq. Eynən Cənubi Afrikada Aparteid rejimi dağılan zaman sülh yarandığı kimi ümid edirəm İsrailin dağılması ilə məntəqədə sülh yaranacaq.
- İran rəhbərinin təklifinə münasibətiniz? - Yəhudi, müsəlman, məsihi fələstinlilərin iştirakı ilə referendum keçirilməsi təklifi ilə tam razıyam. Sakinlər özləri öz talelərini həll etməlidir. İran rəhbərinin bu ideyasına əsasən bütün fələstinlilər bərabər haqqlara malik olacaq. Bütün sakinlərin demokratik bir cəmiyyətdə yaşaması üçün fürsət veriləcək. Amma bu plan yalnız İsrailin ləğvindən sonra baş tuta bilər.
- Qərbin iki dövlət yaradılması təklifinə münasibətiniz necədir? - Bunu bəyənmirəm. Bu layihə heç vaxt uğur qazanmayıb. Yarısı yəhudi olmayan ərəb ölkəsində yəhudi dövləti yarana bilməz. Bunu yalnız zorla, vəhşiliklə həyata keçirmək mümkündür. İsrail Fələstinsiz bir dövlət qurmaq istəyir. Ona görə də heç bir uğur gözləmirəm.
- Region sakinlərini Fələstin həqiqətlərindən necə xəbərdar etmək olar? - Mən bir kitab yazmışam: “Bir İsrail generalının oğlunun Fələstin səfəri”. Mən bu kitabda İsrailin yalanlarını faş edirəm. Söhbətlərimdə də buna çalışıram. İsraildə bəzi sakinləri rejimin vəhşiliyini bilsələr də onu himayə edirlər. Amma rejimə qarşı çıxıb Fələstini müdafiə edənlər də var. Fələstinlilər sülh istəyir. Amma onlar torpaqlarını qəsb etmiş İsraillə üzbəüzdürlər. Müzakirələri faydasız görürəm. Müqavimət hərəkatının bütün üsullarını müdafiə edirəm. Elə düşünürəm ki, bu hərəkat sülh və ədalətə nail olacaq.
- İran haqqında nə deyə bilərsiniz? - Bilirəm ki, İran xalqı sanksiyalara, İsrailin hədələrinə görə qəzəblidirlər. Bu problemlərin aradan qalxacağına inanıram. İsrail İranı hədələməklə ictimai fikiri çaşdırmaq, Fələstindəki cinayətlərini ört-bastır etmək istəyir. Mən İran xalqına müvəffəqiyyət diləyirəm. Bu ölkəni yaxından görəcəyimə ümidvaram.