Yaxın tarixdə Azərbaycan xalqının həyatında faciəli, sarsıntılı, üzüntülü izlər buraxan hadisələr çox olub. Onlardan biri və bəlkə də ən birincisi Şuşanın əsli-kökü bilinməyən, əlindən yalnız nankorluq, namərdlik, xəbislik, yaltaqlıq və xainlik gələn erməni dığaları tərəfindən zəbt edilməsidir. Dünən isə bu biabırçı işğalın 17-ci ildönümü tamam oldu. 17 ildir ki, Azərbaycanın ən gözəl guşələrindən biri olan, füsunkar təbiətə malik Şuşadan didərgin düşən şuşalılar respublikanın ən müxtəlif bölgələrində məskunlaşıblar. Ancaq vaxt varıydı ki, Şuşa respublika əhalisinin istirahət yerinə çevrilmişdi. Əlbəttə, Şuşa müdafiəsiz təslim olmamışdı. Amma etiraf etmək lazımdır ki, onun işğalını yaradan səbəblər meydana çıxana qədər Şuşa yalnız şuşalıların ümidinə buraxıldı. Və strateji əhəmiyyətli mövqelər itirildi. Belə bir şəraitdə isə təbii ki, azman dövlətlərin himayəsi ilə təpədən dırnağa qədər silahlanmış düşmənin qarşısında azacıq silahla təmin olunmuş xırda bir dəstə duruş gətirə bilməzdi. Buna baxmayaraq, şuşalılar döyüşdü. Hətta 500 nəfərə qədər şəhid də verdilər. "Şuşa" Birlik Cəmiyyətinin sədri, əslən Şuşadan olan Zahid Həsənoğlu ilə söhbətimizdə də elə bu mövzuya toxunmuşuq.
- Zahid bəy, Şuşanın işğal gününü necə xatırlayırsınız? - Mən Şuşadan orta məktəbi bitirdikdən sonra çıxmışam. Hazırda Bakıda yaşayıram. Lakin işğala qədər hər ilin 2-3 ayını Şuşada olmuşam. Son dəfə Şuşada 1992-ci ilin fevral ayının 24-25-də oldum. Şuşaya gediş-gəliş çətinləşmişdi. Xankəndi-Şuşa yolu bağlandığından Laçın-Şuşa yolu ilə getmişdik. O zaman şuşalıların vəziyyəti dözülməz həddə çatmışdı. İşıqlar tez-tez sönürdü, qaz, su çatışmırdı. Əhali əsasən zirzəmilərdə yaşayırdı. Elə gün olmurdu ki, şəhər Xankəndi və Daşaltı tərəfdən atəşə tutulmasın. Şuşalılara köməklik göstərən yox idi, demək olar ki, unudulmuşdular. Onlara daha çox mənəvi dayaq lazım idi. Əslən Şuşadan olan Bakı sakinləri də artıq Şuşaya gəlib-getmirdilər. Respublika rəhbərliyinə, səlahiyyətli şəxslərə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, onlar da susur, biganəlik baş alıb gedirdi. Orduda da könüllülər arasında nizam-intizam yox idi. Fövqəladə vəziyyətin hökm sürməsinə baxmayaraq spirtli içkilər satılırdı. ZTR-lərə əyləşib siqaret almağa, çayxanaya belə gedənlərə rast gəlmək olurdu. Biz Bakıya qayıtdıq və belə qərara gəldik ki, Şuşa ilə respublika rəhbərliyi, şuşalılarla Şuşadan olan Bakı sakinləri arasında əlaqənin olması üçün görüşlər keçirmək, onlara hardasa mənəvi dayaq durmaq məqsədilə bir iş görmək lazımdır. Və qərara aldıq ki, şuşalı ziyalıların köməyi ilə bir ictimai təşkilat yaradaq. Təsis konfransının vaxtını mayın 9-na təyin etdik (Hələ aprel ayı idi - Z.H). Mayın 9-da saat 10-a qalmış yenicə iclasa başlamaq istəyirdik ki, Şuşanın ermənilər tərəfindən işğal olunması xəbərini eşitdik. Bu hələ rəsmi məlumat olmasa da bizi hədsiz dərəcədə məyus etdi. Həyəcanı, gərginliyi, düşdüyümüz çıxılmaz vəziyyəti sözlə ifadə etmək mümkün deyildi. Hamımız qəhərlənmişdik, bir-birimizin üzünə baxa bilmirdik. Mənim üçün də, Qarabağ sevgili, Şuşa həsrətli hər bir soydaşımızdan ötrü də bundan betər dərd ola bilməz. Şuşalı günlərimizin qayıtması ən böyük və müqəddəs arzumuzdur.
- Necə hesab edirsiniz, Şuşanın işğalı sırf erməni ordusunun gücü ilə həyata keçirildi, yoxsa burda hansısa başqa güc, məsələn, elə deyildiyi kimi bəzi daxili qüvvələrin xəyanəti faktoru da vardı? - Şuşamızı və eləcə də digər rayonlarımızı rus-erməni birləşmiş ordusu işğal edib. Özü də hər cür hərbi texnika ilə silahlanmış, nizam-intizamlı, təlim keçmiş ordu. O ki qaldı daxili xəyanətə, torpaqların satılması və sair haqda deyilənlərə, mən buna inanmıram. Və hesab edirəm ki, bunun əsası yoxdur. Lakin o vaxt bizim orduda nizam-intizam çox zəif olub. Müxalifət qüvvələri arasında çəkişmələr, mənəm-mənəmlik, orduda ümumi komandanlığın lazımi səviyyədə olmaması, siyasilərin sırasında vahid liderin tapılmaması, hakimiyyət hərisliyi və digər amillər də ümumi işimizə az ziyan vurmadı. Mən bunları hadisələrin bilavasitə iştirakçısı olan bir adam kimi qeyd edirəm.
- Sizcə, problemin həllinin bu qədər uzadılması, köçkünlər üçün yeni qəsəbələrin salınması mübarizə əzmini, o yerlərə qayıtmaq həvəsini zəiflətmir ki? - Əvvəla, mən "problem", "münaqişə" ifadələri ilə razılaşmıram. Bu, Ermənistan-Azərbaycan müharibəsidir. Yəni Ermənistan Dağlıq Qarabağı işğal etmək, mənimsəmək üçün bizə qarşı müharibə etdi. Və nəinki Dağlıq Qarabağı, hətta onun ətrafındakı 7 rayonu da ələ keçirdi ki, danışıqlar zamanı bizə təzyiq göstərsin. Bəli, birinci Qarabağ müharibəsi faktiki olaraq ermənilərin xeyrinə başa çatıb. Biz bu gün müharibənin müəmmalı, necə deyərlər, acı bağırsaq kimi uzanan atəşkəs rejimində yaşayırıq. Aparılan danışıqların nəticəsiz qalmasının səbəbləri çoxdur. Ən əsası isə ermənilərin öz əsassız iddialarından bir addım belə geri çəkilməmələri, ermənipərəst beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşmalırıdır. O ki qaldı qaçqın və köçkün soydaşlarımız üçün qəsəbələrin tikintisinə, bu vacib məsələdir. Uşaq bağçalarında, məktəblərdə, düşərgə və sanatoriyaların əksəriyyətində yaşayan soydaşlarımız elementar kommunal xidmətlərdən belə məhrumdurlar. İkinci Qarabağ müharibəsinə başlayıb təki qələbə çalaq, işğaldan azad olaq. Qarabağı, Şuşanı sevən şəxsi nəinki salınmış alababat qəsəbədə, heç Bakıda da saxlamaq mümkün olmayacaq. Ata-baba yurdu şirindir, müqəddəsdir.
- Zahid bəy, zəbt olunmuş rayonlarımız hər dəfə işğal gününü cəmi bir neçə gün qalmış xatırlanır. Bunu necə dəyərləndirirsiniz? - Əlbəttə, bu heç kimi qane etmir və etməməlidir. Düzdür, işğal olunmuş rayonlar heç olmasa ildə bir dəfə yad edilir. Ancaq köçkün və qaçqınlarla daim təmasda olan bir şəxs kimi deyə bilərəm ki, Şəhidlər xiyabanını ziyarət edənin də, etməyənin də, ziyalının da, fəhlənin də, imkanlı və imkansızın da ürəyində bir Qarabağ yanğısı, Şuşa həsrəti var. Təki torpaqlarımız erməni işğalından təmizlənsin. Bu halda hamı elliklə ata-baba yurduna, daimi yaşayış məskəninə qayıdacaq. Ancaq çox təəssüflər olsun ki, yenə də müəmmalı atəşkəs rejiminin bu günündə vasitəçilik uğrunda səmərəsiz mübarizə gedir. Məlum Amerika, Rusiya, Fransa üçlüyünün çarpazlaşan maraq dairəsi sıfır nöqtəsindən tərpənməyə imkan vermir. Ermənistan isə işğal etdikləri Dağlıq Qarabağ ətrafındakı rayonlarla "bazarlıq" edir. Gah mərhələli həlldən paket həllə, gah da əksinə keçirlər. Bu gün ikinci Qarabağ müharibəsi bizi gözləyir. Demokratik Azərbaycanın Qarabağ qapısını aça biləcək bu müharibə humanitar tərkibli, lokal xarakterli hərbi əməliyyatlardan ibarət olacaq. İnşallah, Ulu Tanrının köməyi ilə o gün gələcək.