AZƏRBAYCAN ICTIMAIYYƏTI MƏSCIDOFOBIYAYA ETIRAZ EDIR
Story Code : 4121
Öncə Yevlaxda məscid ərazisinin qəsbinə cəhdlər edildi (19 aprel 2009). Sonra müqəddəs Şəhidlər Xiyabını ərazisində yerşələşən "Şəhidlər Camesi" təmir adı ilə bağladıldı (25 aprel 2009 (14:00-da)). Bu bağladılma xəbərdarlıqsız və müddəti elan edilmədən həyata keçirildi. Daha sonra isə Yasamal rayonunun M.Muxtarov küçəsi 190 ünvanında yerləşən “Peyğəmbərimiz Muhəmmədin (s) məscidi” adlı məscid yerlə yeksan edildi (26 aprel 2009 gecə saatlarında). Baş verənlər haqqında nə düşündüklərini, onların nəzərində bunların nə anlamına gəldiyini araşdırmaq üçün blits-sorğuya start verdik. Beləliklə, aşağıdakı sualla ölkənin ictimai-siyasi xadimlərinə müraciət etdik.
- Son günlər Yevlaxda məscid ərazisinin qəsb edilməsini, “Şəhidlər Camesi”nin bağladılmasını və “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin yerlə yeksan edilməsi kimi hadisələri necə dəyərləndirirsiniz?
Çingiz Sultansoy - Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi: - Mən sualın korrekt qoyuluşunun tərəfdarıyam. Əlbəttə Allah evini bağlamaq pis şeydir. Amma burada bir məqam da var. Mən özüm Şəhidlər Xiyabanındakı Şəhidlər camesinin tikintisində iştirak etmişəm. Onun betonunda mənim alın tərim var. Onun betonu hazırlananda mənim əlim qabar olmuşdu. 14-15 ildir keçib. Mən bu gün də öyünürəm ki, mən onun inşasında iştirak eləmişəm. Amma mən inanmıram ki, o bağlansın. Bəlkə burada başqa bir səbəb var. Mən bu bağlanmanın səbəblərini öyrənmək istərdim. Səbəblərini öyrəndikdən sonra mən buna şərh verə bilərəm. Allah evinin sökülməsi həmişə pisdir. Amma işin başqa tərəfi də var. Allah evini tikən insanlar gərək onun torpağını halallıqla alsınlar. Mən sizin torpağınızı əlinizdən alıb deyim ki, burada məbəd tikirəm. Bu da düzgün deyil axı. Yəni əgər biz məbəd tikiriksə mən qəti bunun tərəfdarıyam ki, o halallıqla tikilməlidir. Məsələn, oraya hansısa məmurun rüşvətlə aldığı xalça ehsan və ya hədiyyə olaraq verilməməlidir. Mən belə şeylərin tərəfdarıyam. Həmişə saflığın, halallığın tərəfdarıyam. Təəssüf ki, məsələni dəqiq bilmirəm. Məndə olan məlumata görə o, məbəd sənədsiz tikilmişdi. Onun sənədləri kifayət qədər düzgün sənədləşdirilməmişdi. İndi bu söhbətlər nə dərəcədə düzgündür-düzgün deyil, mən deyə bilmərəm.
Elxan Şahinoğlu - “Atlas Araşdırmaları Mərkəzi”nin rəhbəri: - Təəssüratlar çox mənfidir. Hazırda Türkiyə ilə münasibətlərdə müəyyən çətinliklər yaranıb. Türkiyə Ermənistanla danışıqlar aparır. Bir “Yol xəritəsi” planı hazırlayıb. Sərhədlərin açılması məsələsi gündəmdədir. Haradasa başa düşüləndir ki, Azərbaycanda buna qarşı bir etiraz vardır. Amma bu o demək deyil ki, etiraz belə olmalıdır ki, götürüb məscidin qapılarını bağlayasan. Məncə bu qətiyyən yolverilməz hadisədir. Yəni iqtisadi, siyasi məsələləri yoluna qoymaq olar. Amma iki strateji müttəfiq dövlət arasında mənəvi tellərə zərbə vurularsa – bunu sonradan həll etmək çox çətin olacaq. Mən hesab edirəm ki, əgər təmir lazım idisə - bunu bir ay sonra da etmək olardı. Münasibətlərin belə gərgin olduğu ərəfədə məscidi təmir adı ilə bağlamaq – bu doğru deyil. Kimi isə də inandırmaq çətin olar ki, bu məhz təmirdir. Çünki görürük ki, hansı hadisələr baş verir, bölgədə hansı proseslər gedir. Bu mənada mən bu hadisəni mənfi qiymətləndirirəm. Məncə bu qərarı verənlər təcili məscidin qapılarını insanların üzünə açmalıdır. Yasamal rayonunda da məscidi söküblər. Bunu da çox mənfi hadisə kimi qiymətləndirirəm. Tutaq ki, sənədlər qaydasında olmayıb və tikilibsə də bunu başqa vasitələrlə yoluna qoymaq olardı. Orada düzgün sənədləşdirməni yenidən aparmaq olardı. Müəyyən həll yolu tapmaq olardı. Biz neçənci əsrdə yaşayırıq ki, məscid sökülür?! Bunu da doğru hesab etmirəm. Bu məsələni də yoluna qoymaq olardı. Məscidin axşam vaxtı gizlicə sökülməsi də ondan xəbər verir ki, başa düşüblər ki, bu ictimaiyyətdə mənfi reaksiya doğuracaq. Əgər həqiqətən özlərinə güvənirdilərsə, bunu günorta da edə bilərdilər. Bu da onu göstərir ki, bunun cəmiyyətdə mənfi reaksiya doğuracağını bilirdilər.
Sərdar Cəlaloğlu - ADP
sədri: - Həftənin birinci günü biz bunlarla bağlı keçirdiyimiz idarə heyətimizin iclasında bu məsələni müzakirə etmişik. Həm Əbu-Bəkr məscidinin bağlanması, həm Şəhidlər məscidinin bağlanması, həm də Yasamal rayonunda məscidin dağıdılması - bunlarla bağlı bəyanat vermişik. Bəyanatımızda da bildirmişik ki, bunlar faktiki olaraq Azərbaycanda vicdan azadlığının boğulması, dini kəsimə qarşı qeyri-qanuni hərəkətlərdir. Hökuməti çağırmışıq ki, bu cür hərəkətlərə son qoysunlar. Dini icmaların hüquqları tanınsın, onların ibadəti üçün hər cür şərait yaradılsın.
Leyla Yunus – “Sülh və Demokratiya İnstitutu”nun (SDİ) direktoru: - SDİ vəziyyəti izləyir. 1998-1999-cu illərə nisbətən 2008 - 2009-cu illərə baxsaq, biz görərik ki, Azərbaycanda, həmçinin Bakıda daha çox adam məscidlərə gəlir. Digər İslam ölkələrindəki kimi Azərbaycanda da cümə günləri məscidlər dolur və biz fikir verdik ki, bu məmurları narahat edir. Təkcə məsciddə yox, hətta məscidin həyətində də adamlar çox olur. Bu təbiidir. Türkiyədə, digər ölkələrdə də namaz vaxtı məsciddə yer qalmır, insanlar məscidin həyətində namazlarını qılırlar. Bütün ölkələr üçün bu çox adi bir haldır. Ancaq biz təhlil edən də gördük ki, Azərbaycan iqtidarı bundan narahatdır. Buna görə də birinci İçərişəhər “Cümə” məscidi bağlandı. Sonra Əbu-Bəkr bağlandı. Mən soruşanda ki, bəs indi Əbu-Bəkr məscidinə gedənlər hara gedir? Dedilər ki, Şəhidlər məscidinə gedirlər. Sonra da namaza gedənlər belə bildirdilər ki, hakimiyyət icazə vermir ki, həyətdə namaz qılsınlar. Bu bir daha onu göstərir ki, hakimiyyət məscidlərin və ora gələnlərin sayından narahatdır. Onları nəzarət altında saxlaya bilmirlər. Mənim fikrimcə bu çox ağılsız və qeyri - üzaqgörən siyasət yerinə yetirilir. Yəni ki, hansı məsələlərə ki, nəzarət edə bilmirik onu bağlayaq. Onun üçün də məscidlər də bağlanır. Və məscidlərin həyətlərində camaatın namaz qılmasına da icazə verilmir. Bu çox uzağgörməyən siyasətdir. Allah eləsin ki, bunların başına ağıl gəlsin. Bu siyasəti dayandırsınlar və bu davam olunmasın.
Lalə Abbasova – Milli Məclisin bitərəf millət vəkili, MM-in Elm və Təhsil məsələləri daimi komissiyasının üzvü: - Mən bu haqda dəqiq bir söz deyə bilmərəm. Siz bunu Hidayət Orucovdan soruşmalısınız. Mən bilmirəm bu nə ilə əlaqədardır (sökülən məscidi nəzərdə tutur – red.). Bəlkə yerində nə isə tikiləcək. Ona görə onun aqibəti belə pis olub. Bu birisini isə təmirlə əlaqədar bağlanıb. Siz bilirsiniz ki, bəzi məscidlərdə vəhhabilərlə mübarizə aparırlar. Mən dəqiq heç nə bilmədiyimdən qəti söz deyə bilmirəm. Mən təxminən belə düşünürəm. Ola bilsin ki, dövlətimizə müəyyən xələl gətirə bilən bir şey var ki, burada belə bir proses gedir.
Arif Əliyev - “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri: - Bir vətəndaş kimi deyə bilərəm ki, əlbəttə bunlar narahat edən məsələlərdir. Mətbuatdan aldığımız məlumatlar da çox düşündürücüdür. Açığı, insanları daha çox narahat edən məsələ bu hadisələrin hansısa siyasi mülahizələrlə, siyasi münasibətlərlə bağlı olması ehtimalıdır. Çünki əgər həqiqətən bu belədirsə - vətəndaşların dini ehtiyaclarını, dini hisslərini hansısa siyasi münasibətlərə qurban vermək olmaz. Hər halda belə ardıcıl faktlarla Azərbaycanda nə əvvəllər, nə də postsovet dövründə rastlaşmamışdıq. Bunların birdən-birə ardıcıl baş verməsinə görə, bunların təsadüfi baş verməsinə inanmaq olmur. Hər halda mən bu vəziyyətini narahatçılıqla izləyirəm.
Arzu Abdullayaeva – Helsinki Vətəndaş Assambleyasının həmsədri, hüquq müdafiəçisi: - Əlbəttə ki, bu hadisələr bizə mənfi təsir bağışlayır. Hətta əlavə olaraq sizə bildirim ki, “Dalğa” gənclər təşkilatının üzvləri Şəhidlər Xiyabanına gediblər. Onlar belə qərara gəliblər ki, təmir adı ilə bağladılan məscidlə bağlı bir monitorinq keçirsinlər. Onlardan bəzilərini həbs edərək 39-cu və 9-cu bölmələrə aparıblar. 5 nəfər həbs olunub. Ancaq indi də onlar xiyabana gəlməkdədirlər. Bizə məlumat çatıb və biz çalışırıq ki, onları oradan çıxaraq. İnsan haqları prizmasından isə bu halları çox mənfi qiymətləndiririk.