0
Wednesday 7 July 2010 - 13:58

AXCP "AZADLIQ" BLOKUNUN MÜSAVATA QURBAN VERİR?

Story Code : 30393
AXCP "AZADLIQ" BLOKUNUN MÜSAVATA QURBAN VERİR?
“Bu gün “Azadlıq” blokunun daxilində yaranan problemlərdən daha çox kənarda bu problemləri yaratmaq istəyənlər diqqəti cəlb edir. Təəssüf ki, ölkədə demokratik seçkilər uğrunda mübarizə apardığımız bir zamanda kimlərsə blokda həqiqətə uyğun olmayan fikir formalaşdırmağa çalışırlar” - bu sözləri AXCP-nın sədr müavini Fuad Qəhrəmanlı “Azadlıq” blokunda baş verən problemlərə münasibət bildirərkən, FaktXeber.com-a dedi. Onun sözlərinə görə, istənilən təşkilatda problem yarana bilər: ““Azadlıq” blokunda da bəzi çətinliklərin yaranması istisna olunmur. Blokda fikir ayrılığının olmasını inkar etmək istəmirik. Lakin biz AXCP olaraq mövcud problemləri həll etməyə çalışırıq. Hesab edirəm ki, blok daxilində baş verən problemlər, elə bloka üzv olan təşkilatlar tərəfindən çözülməlidir. Bu cür məsələlərin ictimaiyyətə çıxarılması seçki öncəsi diqqəti rejimə qarşı deyil, müxalifət daxili münaqişələrə yönəldir. Bu, sağlam müxalifət prinsiplərinə əsaslanan heç bir təşkilata uğur gətirən mövqe deyil”.

Biz “Azadlıq” blokunun üzvü olaraq həm də AXCP kimi istənilən aksiyaya qoşula, yaxud təşkil edə bilərik. Hansısa blokda olmağımız hər hansı tədbir keçirməkdəm imtina etmək anlamına gəlmir - F.Qəhrəmanlı vurğuladı: “İyulun 3-də keçirilən mitinqi AXCP kimi təşkil etmişdik. Bloka üzv olan digər müttəfiqlərimiz də verəcəkləri qərara uyğun olaraq sərbəst idilər. Hesab edirəm ki, bu cür tendensiyalar normaldır, ALP və VİP-in müstəqil şəkildə aksiya keçirmək hüquqlarını tanıyırıq. Xatırladım ki, AXCP-nin ayrıca aksiya keçirməsi “Azadlıq” blokunda hansısa problemin yaranmasında əsas kimi görünür. Kənar qüvvələr də bundan istifadə etməyə çalışırlar. Hesab edirəm ki, mübarizəmizin əsası ictimai fikiri ortaya qoyulan tələblərə yönəltməkdir. Bu mənada keçirdiyimiz mitinqlər uğurlu sayıla bilər”.

F.Qəhrəmanlı AXCP-Müsavat münasibətlərinə də aydınlıq gətirdi: “Bu vaxta qədər Müsavat Partiyası qarşısında qoyduğumuz şərtlər və səsləndirdiyimiz fikirlər yalnız “Azadlıq” bloku üçün keçərlidir. “Azadlıq” blokundan kənar heç bir şərt və fikir səsləndirməmişik. Mən KİV nümayəndələrinə də demişəm ki, “Azadlıq” bloku ilə əməkdaşlıq üçün qeyd etdiyimiz məsələlər həll olunmalıdır. AXCP olaraq isə müəyyən razılaşmalar əldə olunub. Amma hələ onları açıqlamaq fikrim yoxdur. 3 iyul aksiyasına gəldikdə, biz bu tədbiri ayın 10-a təyin etmişdik. Sadəcə müəyyən məsləhətləşmələr aparıb, razılığa gəldik ki, aksiyaları birlikdə keçirə bilmiriksə, eyni vaxtda müəyyən istiqamətlərdə təşkil edək. Bununla da rejimin aksiyalara müdaxilə imkanlarını məhdudlaşdıra bilərik. Bu, həm bizim, həm də müttəfiqlərimizin, eyni zamanda Müsavat Partiyasının və DUİ-nin maraqlarına uyğundur. Ona görə də hesab etdik ki, aksiyanı eyni vaxtda keçirmək daha effektli olar”.

Müsavat Partiyası ilə birlik yaxud blok yaratmaq fikriniz var – sualına cavab olaraq F.Qəhrəmanlı qeyd etdi: “Bu istiqamətdə dəfələrlə mövqeyimizi bildirmişik. Seçki ili başlayandan Müsavata birgə aksiya keçirmək üçün müraciət etmişik. Düşünürəm ki, qarşıdan gələn seçki marafonu siyasi qüvvələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək. Bu imkanlar əsasında real güclər birləşib, yaranmış maneələri aşa biləcək”.

Əli Mövlud

Source : faktxeber
Comment