0
Friday 2 July 2010 - 07:33

QARABAĞ MƏSƏLƏSİNDƏ ÖZÜMÜZƏ SÖYKƏNMƏLİYİK

Story Code : 29796
QARABAĞ MƏSƏLƏSİNDƏ ÖZÜMÜZƏ SÖYKƏNMƏLİYİK
"Vaxtilə İsrailin yaradılmasında, Fələstinin parçalanmasında böyük rol oynayan Birləşmiş Ştatlar və onun müttəfiqləri indi də Dağlıq Qarabağdakı separatçı rejimi müdafiə edir, beynəlxalq aləmdə hüquqi status qazanması üçün əllərindən gələni əsirgəmirlər"

İsrailin Türkiyədən Qəzzaya yola düşən və göyərtəsində onlarla Avropa ölkələrinin könüllüləri olan gəmilərə hərbi hücumu, 9 türk vətəndaşının qətlə yetirilməsi doğrudan da faciə idi. Dünya ictimaiyyəti, xüsusən də müsəlman xalqlar hələ də qanlı hadisənin şokunu yaşayırlar. Buna baxmayaraq, yəhudi dövləti törətdiyi əməllərə görə heç bir məsuliyyətə cəlb olunmadı, beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşmədi. Bunun səbəbləri, Türkiyə-İsrail münasibətlərinin gərginləşdiyi fonunda Azərbaycanın yeri və digər məsələlər barədə söhbətimizi Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovla davam etdiririk.



- Mövsüm bəy, Aralıq dənizində baş verən insident İsrailin terrorçu dövlət olduğunu bir daha təsdiqlədi. Və sionistlərin maskasını yırtdı. Rəsmi Təl-Əvivin beynəlxalq tribunal qarşısında dayanmasına mane olan nədir?

- Bildiyiniz kimi, son ay ərzində biz növbəti dəfə Qəzza ilə bağlı hadisə ilə üzləşdik. Yəni mühasirədə saxlanılan məzlum Qəzza xalqına köməklik göstərmək üçün yola düşən humanitar yüklü gəmi karvanı beynəlxalq sularda İsrail hərbçiləri tərəfindən təcavüzə məruz qaldı. Nəticədə 9 türk vətəndaşı şəhid oldu, onlarla insan yaralandı, digərləri isə əsir alındı.

Əlbəttə, bir çox ölkələri təmsil edən və müxtəlif dinlərə mənsub olan insanların blokadada saxlanılan Qəzza əhalisinə yardım etmək qənaətinə gəlməsi sevindirici haldır. Belə bir missiya insaniyyət, mərhəmət nişanəsiydi ki, hər bir vicadanlı insan bu addımı dəstəkləməli, təqdir etməliydi. Amma biz İsrailin nəinki Fələstin xalqının, bütün sülhsevər, insanpərvər insanların haqlarını tapdalamağa hazırlığının şahidi olduq. Əgər bütün dünya Fələstinə, Qəzzaya yardım etməyə qalxsa, sionist rejim yenə də əməllərindən əl çəkməyəcək. İsrail sanki özünü törətdiyi cinayətlərə görə cavabdeh bilmir. Nə vaxtsa beynəlxalq səviyyədə məhkum olunacağını düşünmür. Həqiqətdə sionizmin belə bir addım atması onun düşünən beyinlərinin artıq öz ağıllarını itirdiyini gösətirir. Çünki ağıllı siyasətçilər, hansısa cəmiyyəti təmsil edən şəxslər bu cür hərəkətə heç vaxt yol verməzlər. İsrail rejimi isə humanitar yardım gəmilərinə hərbi basıqn etməklə bütün dünyanın lənətinə gəldi. 2008-ci ildə törədilən Qəzza soyqırımından sonra İsrailin yer üzündə mövcudluğu sual altında qalmışdı. Hətta sionistlər də tezliklə bu ölkənin süqut edəcəyini düşünməyə başladılar. Son hadisə həmin qənaəti daha da gücləndirdi. Artıq arxasında Qərbin, ABŞ kimi hegemon, mürtəce bir dövlətin dayanmasına, güclü hərbi, iqtisadi potensiallara malik olmasına baxmayaraq, İsrailin süquta uğradığını görürük. Amma təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, tribunallar İsrailin bəşəri cinayətlərinə lazımi münasibət bildirmədilər. Və bu dəfə də sionist rejimin bədnam, xain hərəkətini həqiqətdən çox-çox uzaq olan, yəni humanitar gəmilərin guya Qəzzaya silah apardığı prizmasından təqdim etməyə çalışırlar. Halbuki başda BMT və onun Təhlükəsizlik Şurası olmaqla İsrailə qarşı ciddi sanksiyalar qəbul etməli, onu cinayətkar əməllərindən əl çəkməyə vadar etməliydilər. Lakin biz, bunun şahidi olmadıq. Bu isə, bir daha təsdiq edir ki, beynəlxalq strukturların, əsasən də BMT TŞ-nin heç bir səlahiyyəti yoxdur və ABŞ-ın diqtəsi ilə hərəkət edir.

Düzdür, sionistlər qondarma Xolokost hadisəsi vasitəsilə özlərini dünyaya məzlm xalq kimi göstərmək istəyirlər, amma əslində reallıq bunu əks etdirmir. «Məzlum xalq» adı altında cinayətlərinə kölgə salmağa, unutdurmağa, dünya dövlətlərini aldatmağa səy göstərsələr də, indi bunu bacarmırlar. Şükürlər olsun ki, əvvəllər İslam cəmiyyəti qəflətdəydisə, artıq oyanıb, İsraildən cinayətkar siyasətinə son verməyi tələb edir. Xüsusilə də Türkiyədə hakimiyyətdə olan Rəcəb Tayyib Ərdoğanın və komandasının İslam dəyərlərinə yüksək qiymət verməsi, bu dəyərləri şəxsi və siyasi baxışlarında yaşatması, müsəlman ölkələrilə münasibətlərə üstünlük vermələri, onlara sionizmlə bağlı həqiqətləri çatdırması təqdir olunmalıdır. Yalnız İran İslam Respublikasının deyil, Türkiyənin də bu sahədə aktivliyi müsəlman dünyasının ruh yüksəkliyinə səbəb olur.



- Türkiyə yəhudi dövlətilə bütün əlaqələri, hətta bahalı hərbi müqavilələri də ləğv etdi. Hadisələrin sonrakı inkişafını necə görürsüz?

- «Mavi Mərmərə» gəmisinə hücuma cavab olaraq Ankaranın Təl-Əvivlə bütün əlaqələri dondurması müsbət qiymətləndirilməlidir. Türkiyə İsraillə qırıcı təyyarə və tankların modernləşdirilməsi ilə bağlı 1,5 milyard dollarlıq layihələri belə dayandırdı. Bu ölkə ilə planlaşdırdığı hərbi təlimləri ləğv etdi. Eyni zamanda İsrailin Türkiyəyə satmaq istədiyi müasir tanklarla bağlı 5 milyard dollarlıq təklifi də gündəmdən çıxartdı. Ola bilsin, hansısa layihənin ləğvi Türkiyəyə maddi ziyan vursun. Amma buna baxmayaraq, Ankara təcavüzkar rejimlə münasibətləri davam etdirməyi lüzum görmədi. Və düşünürəm ki, bu addımı atmaqda haqlıydı.



- Türkiyə Azərbaycanın dostu və müttəfiqidir. Mövcud hakimiyyətin isə İsraillə isti münasibətinin olması heç kimə sirr deyil. Sizcə, belə vəziyyətdə ölkəmiz kimin yanında olmalıdır?

- Son 10 ildə Azərbaycan dövlətinin İsraillə münasibətləri xeyli güclənib. Bildiyiniz kimi, hər hansı əlaqə şəxsi deyil, xalqın maraqlarına xidmət etməlidir. Ona görə də Azərbaycan-İsrail münasibətlərinin dövlətimizə və xalqımıza nələr vəd etdiyi, yaxud nələri vəd edəcəyi mütləq təhlil olunmalıdırır. Türkiyə kimi güclü bir dövlət təxminən bir əsrə yaxın sıx münasibətlərdən sonra qəsbkar ABŞ və İsrail dövlətləri ilə əlaqələrin zərərli olduğunu dərk edib ona yenidən nəzər salırsa, Azərbaycan niyə bu barədə düşünməməlidir? Vaxtilə İsrailin yaradılmasında, Fələstinin parçalanmasında böyük rol oynayan Birləşmiş Ştatlar və onun müttəfiqləri indi də Dağlıq Qarabağdakı separatçı rejimi müdafiə edir, beynəlxalq aləmdə hüquqi status qazanması üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan artıq ya Türkiyə dövlətinin, bütövlükdə İslam aləminin, ya da əli müsəlmanların qanına batmış və hər gün dinc insanları gülləbaran edən, zindanlara salan İsrailin yanında olmasını ayırd etməlidir.

İsrail-Azərbaycan münasibətləri fonunda mütəmadi şəkildə Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması təklifləri səslənir. Azərbaycan tərəfi bu addımı atmamışdan öncə qeyd etdiyim kimi İsraillə münasibətlərin bizə, ümumiyyətlə müsəlman aləmində imicimizə hansı təsir göstərdiyini aydınlaşdırmalıdır. Bəlkə, bu gün nəinki Təl-Əvivdə səfirliyimizin açılması, Türkiyə, İran, hətta qeyri-müsəlman dövlətləri – Latın Amerikası, Venesuela kimi Azərbaycanda da İsrailin diplomatik nümayəndəliyinin bağlanmasının vaxtı çatıb? Xalqın mənfəətini, milli inkişafını əsas tutanlar bu barədə mütləq düşünməlidirlər. Məncə, nə İsrail-Azərbaycan münasibətlərinin, nə də Təl-Əvivdə səfirliyimizin açılmasının heç bir perspektivi yoxdur, bundan sonra da olmaycaq. Çünki biz bu əlaqələrdən heç bir müsbət irəliləyiş hiss etməmişik. Əksinə, Azərbaycan sanki İsrail rejimindən asılı vəziyyətə düşüb.



- Bakıya tez-tez gələn sionist məmurlar Azərbaycanla İsraili eyni taleli dövlət adlandırırlar. Bu barədə sizin düşüncəniz necədir?

- Bu fikir yalnız İsraildə deyil, zaman-zaman ölkəmizdə fəaliyyət göstərən bir qrup Qərbyönlü siyasətçilər tərəfindən də səsləndirilib. Onlar hətta cəmiyyəti inandırmağa çalışırdılar ki, guya Qərb, ABŞ, İsrail Dağlıq Qarabağ münaqişəsini həll edəcəklər. İndi artıq hamı anlayır ki, bu vədələr boş xülyadan başqa bir şey deyil və əslində Azərbaycan Fələstinlə eyni taleyi yaşayır. İsrailin taleyi isə işğalçı ruhiyyəyə malik ölkələrlə, separatçı qurumlarla, xüsusən də qondarma Qarabağ rejimi ilə eynilik təşkil edir. Vaxtilə İsrailin yaradılmasında, Fələstinin parçalanmasında böyük rol oynayan Birləşmiş Ştatlar və onun müttəfiqləri indi də Dağlıq Qarabağdakı separatçı rejimi müdafiə edir, beynəlxalq aləmdə hüquqi status qazanması üçün əllərindən gələni əsirgəmirlər. Əgər BMT Assambleyasında yüzdən çox ölkə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdısa, bu gün həmin rəqəm azalaraq, 40-a enib. Mövcud hal birbaşa ABŞ-ın, müttəfiqlərinin məsələyə ikili münasibətin, apardıqları siyasətin nəticəsidir. Bununla belə, Qarabağın hələ də işğalda qalmasının səbəblərindən biri də, Azərbaycanın İsraillə həmtale hesab olunmasıdır. Hərçənd BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermədə İsrail həmişə bitərəf mövqedə durub.

Yəqin, ötən il təcavüzkar rejimin rəhbəri Şimon Peresin ölkəmizdə səfərdə olduğunu xatırlayırsız. Səfər çərçivəsində Peresə Qarabağ probleminin həllilə bağlı İsrailin ona bağlanan ümidləri doğrultmadığı istiqamətində suallar verildi. O, isə sionist rejimə böyük ümid bəsləyən bəzi siyasətçilərimizin rüsvayçılığına səbəb olan «İsrail çox kiçik ölkədir, özünün köməyə ehtiyacı olduğu halda sizin probleminizi necə həll edəcək» cavabını verdi. Bu mənada Qarabağ münaqişəsinin çözəçəkləri bəhanəsilə Azərbaycanda sionistlərə geniş meydan verməyə, cinayətkar rejimin iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrimizə nüfuz etməsinə şərait yaratmağa heç bir lüzum yox idi.



- Qarabağa təcavüz Qüdsün işğalının davamıdır, qənaəti tarixi faktlarla sübuta yetir. Bunu hamının tanıması üçün daha nələrin baş verməsi lazımdır?

- Bunun üçün ilk növbədə Qüdslə Qarabağın müştərək cəhətləri aşılanmalı, təbliğ olunmalıdır. Bizim məzlum Fələstin xalqı ilə müştərək cəhətlərimiz çoxdur. Birinci mühüm məsələ ondan ibarətdir ki, həm Qüdsün, həm də Qarabağın işğalında hegemon dövlətlərin – Amerika, Fransa və İngiltərənin böyük rolu olub. İsrailin dövlətinin yaranması da bu ölkələrin maraqları, beynəlxalq təşkilatlara təzyiqləri nəticəsində baş verdi. Onlar zaman-zaman sionistləri və erməniləri dünyaya məzlum kimi təqdim edərək, dirçəldiblər. İkincisi, hər iki problem birbaşa İslam aləminə yönələn zərbədir. Çünki Qüdsi-müqəddəsdə də, Qarabağda da qanı tökülən, torpaqları işğal olunan, təzyiqlərə məruz qalan müsəlmanlardır. Yəni siyasi və dini nöqteyi-nəzərdən bu təcavüz və işğal faktları həm də sionizmin dünyada başladığı İslamofobiyanın bir qoludur.

Yarım əsrdən çoxdur Fələstin münaqişəsi davam edir. Müxtəlif siyasi vasitələrlə, müzakirələrlə problemin həllini uzadaraq, müqəddəs Qüdsi həm beynəlxalq aləmin, həm də fələstinlilərin yaddaşından silməyə çalışırlar. Eyni vəziyyət Qarabağ məsələsində də müşahidə olunur. 20 ildir torpaqlarımız işğal altındadır. Bu illər ərzində ATƏT-in Minsk Qrupunun problemin çözümü ilə bağlı fəaliyyəti isə heç bir nəticə verməyib. Əksinə, Qarabağ gündən-günə bizdən uzaqlaşdırılır, unutdurulur. Qeyd edək ki, bu gün İslam Konfransı Təşkilatının bir nömrəli dərdi Qüdsdürsə, inkincisi də Qarabağdır. Yəni hər iki məsələ necə deyərlər, müsəlman ölkələrin dərd-sərinə çevrilib.

Əgər Qarabağa təcavüz Qüdsün işğalının davamıdırsa, əgər müştərək taleni yaşayırıqsa, mübarizəmiz də eyni olmalıdır. Əliyalın da olsa, fələstinlilər müqəddəs Qüdsün azadlığı, müqəddəratları uğrunda daim mübarizə aparırlar. Bu mənada biz də Qarabağ məsələsində Qərbdən daha çox özümüzə söykənməliyik. Və xalqın müqavimətini səhnəyə gətirməklə, İslamın hökmlərindən istifadə etməklə Azərbaycan cəmiyyətini səfərbər etməliyik. Necə ki, Fələstində insanların səfərəbərliyi, mübarizliyi, müqaviməti nəticəsində İsrail çıxalmaz böhrana düşüb. Umidvaram ki, bu cür istiqamət götürsək, Qarabağla bağlı istədiyimiz nailiyyəti əldə edəcəyik, inşallah.

Əli Mövlud
Source : faktxeber
Comment