Azərbaycan və İran arasında təhlükəsizlik sahəsində əlaqələr yaxşı səviyyədədir – daxili işlər naziri Mustafa Məhəmməd Nəccar (MÜSAHİBƏ)
Story Code : 25104
Hazırda Azərbaycan və İran arasında münasibətlər hansı səviyyədədir və iki ölkə arasında əlaqələrin gələcək perspektivini necə görürsünüz?
- Tehran və Bakı arasında müxtəlif sahələrdə münasibətlər yaxşı səviyyədədir, inkişaf edir və heç bir üçüncü amil bu yaxşı əlaqələrə mənfi təsir göstərə bilməz. Azərbaycanın inkişafı, təhlükəsizliyi və başucalığı İranı sevindirir və inanırıq ki, bizimlə bu ölkə arasında yaxşı münasibətləri pozmağa çalışanlar çox böyük günah edirlər.
İki ölkə arasında yaxşı siyasi münasibətlərdən başqa, Azərbaycan və İran arasında təhlükəsizlik sahəsində də əlaqələr yaxşı səviyyədədir. Belə ki, iki ölkə arasında indiyədək sərhəd polisləri arasında əməkdaşlıq müqaviləsi, həbs olumuş vətəndaşların ekstradisiyası və digər bir neçə əməkdaşlıq müqaviləsi mövcuddur. Azərbaycana səfərim bu ölkənin daxili işlər nazirinin İrana səfərinə cavab olaraq və iki ölkə daxili işlər nazirləri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə baş tutur. İnşallah, bu səfərdə çalışacağıq ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıqlar daha da gücləndirilsin. Səfərdə digər məqsəd iki ölkə arasında sərhəd sahəsində əməkdaşlığın davam etdirilməsidir. Biz İran və Azərbaycan arasında olan sərhədi dostluq sərhədi bilirik və inanırıq, bu əməkdaşlığa heç bir amil mənfi təsir göstərməyəcək.
İki ölkə xalqlarının müştərək tarixi, mədəni və mənəvi keçmişləri var və bu baxımdan iki xalq arasında gediş-gəlişlərin daha da artırılmasını və əlaqələrin inkişafını alqışlayırıq. Bununla bağlı fevral ayının 1-dən Azərbaycan xalqı üçün İrana gəliş-gedişi asanlaşdırmaq məqsədi ilə viza rejiminin birtərəfli ləğv olunmasını icra etdik.
Səfərdə digər bir məqsəd narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq üçün proqram və qanuni mexanizmin hazırlanmasıdır. Narkotik maddələrlə həqiqi mübarizədə İran və xüsusilə ölkənin Daxili İşlər Nazirliyi çoxlu çalışmalar aparır. İran hökumətinin bu evləri yıxan və çirkin maddələrlə mübarizəsinin dərinliklərini və ciddiliyini digər qrupların və şəxlsərin bilməsi onların düzgün mövqedə olmasına kömək edə bilər. Narkotiklərlə mübarizə sahəsində bu maddələrin əsas istehsal regionunda baş verən həqiqətləri hamı bilməlidir. Əfqanıstana hücumdan sonra narkotik maddələrin istehsalının artması, bu maddələrin həqiqi istehsalçılarının və tranzit edənlərinin kimliyi və digər acı həqiqətlərin üzə çıxmasının göstəricisidir.
Biz düşünürük ki, əcnəbi güclər Yaxın Şərq və Qafqaz regionuna gəldikdən sonra regionda siyasi, dini, milli ixtilaflar və terror aktları daha da çoxalıb. Region bu problemlərdən çoxlu ziyanlar görüb və bu məsələ diqqət mərkəzində olmalıdır.
- İran və Azərbaycan daxili işlər nazirlikləri hazırda hansı sahələrdə əməkdaşlıq edir və gələcəkdə hansı məsələləri müzakirə edəcəksiniz və hansı layihələrin üzərində işləyirsiniz?
- Azərbaycan öz ətrafındakı digər yeni müstəqillik qazanmış ölkələrlə müqayisədə müstəqillikdən sonra neft mənbələrini işlətməsi və sərmayələr cəlb etməsi nəticəsində çox inkişaf edib. Beynəlxalq neft müqavilələrindən əldə olunan gəlirin artması, xarici sərmayələrin ölkəyə yatırılmasının getdikcə artması, Beynəlxalq Valyuta Fondunun kreditlərinin ayrılması bu ölkənin dağılmış iqtisadiyyatını yaxşılaşdırıb.
Türkiyə və Azərbaycan arasında sıx münasibətlər İranın Azərbaycanla iqtisadi və siyasi əlaqələrinin daha da inkişaf etdirilməsi zərurətini yaratdı. Bu zərurət ölkənin qlobal siyasətində qonşu və müsəlman ölkələrlə əməkdaşlıqları artırmaq və həmçinin, müştərək iqtisadi komissiyaların proqramlarında da öz əksini tapıb. İranın bəzi əyalətlərinin Azərbaycan ilə iqtisadi, ticari əlaqələri mövcuddur; o cümlədən Ərdəbil (Azərbaycana ən yaxın əyalət kimi) , Gilan, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin Azərbaycanla yaxşı əlaqələri var, lakin bu əyalətlərdə mövcud olan potensial və infrastrukturu nəzərə alaraq, iki ölkə əyalətləri arasında əməkdaşlıq üçün yaxşı şərait var və bu əməkdaşlıqlar inkişaf etdirilməlidir. Hazırda yuxarıda adıçəkilən əyalətlər və Azərbaycanın bəzi əyalətləri arasında əyalətlərarası əməkdaşlıq müavilələri mövcuddur . Bu baxımdan əyalətlərarası əməkdaşlıqlar üçün potensialı nəzərə alaraq, səfər zamanı bu sahədə ciddi tədbirlərin görülməsi və mexanizmin qurulması üçün yüksək çinli rəsmilərlə görüşlərdən əlavə İranın yuxarıda adıçəkilən dörd əyalətinin özəl şirkət və sənaye sahiblərinin Azərbaycanın Ticarət Palatası və iqtisadi müəssisələri ilə görüşüb müzakirələr aparmaq üçün şərait yaradılması proqramlaşdırılıb.
İran İslam Respublikası və Azərbaycan hazırda müxtəlif sahələrdə, o cümlədən narkotik maddələrlə mübarizədə, sərhəd və təhlükəsizlik sahəsində, qanunsuz giriş-çıxışların qarşısını almaq, məhbusların mübadiləsi, EKO təşkilatı çərçivəsində, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi, yüklərin tranziti və müştərək sərhəd bazarlarında mübadiləsi, tələbə və müəllim heyətinin mübadiləsi, idman komandalaırnın gediş-gəlişi, azərbaycanlı xəstələrin İranda müalicəsi, Kərbəla və Nəcəf ziyarətgahlarına sərnişinlərin tranziti sahələrində əməkdaşlıq edir.
Səfərim zamanı görüşlərdə təhlükəsizlik və sərhəd əməkdaşlığının inkişaf etdirilməsi, müştərək sərhəd bazarlarının gücləndirilməsi, sərhəd komandirlərinin daimi görüşlərində iki ölkənin sərhəd keçid məntəqələrinin gücləndirilməsi, sərhəd əyalətlərinin əlaqəlinin qurulması və istehsal olmuş məhsulların mübadiləsi , qanuni sərhəd keçidlərində gediş - gəlişin sadələşdirilməsi, Xəzər dənizində müştərək sahil mühafizə xidmətinin yaradılması, iki ölkənin sərhəd çaylarının sərhəd sxeminin hazırlanması, Astara - Bakı magistral yolunun tikilməsi kimi məsələlər müzakirə olunacaq.
- İran narkotik maddələrlə mübarizə uğrunda iqtisadi baxımdan ziyan görən ölkələrdən biridir və Əfqanıstan narkotik maddələrin tranzit yolundadır. Ötən bir il ərzində narkotiklərlə mübarizə üçün nə qədər pul vəsaiti ayrılıb və narkotik maddələrlə mübarizədə nə kimi yeni planlarınız var? İndiyədək bu sahədə nə kimi nailiyyətlər əldə olunub?
- Əfqanıstanda istehsal olunan narkotik maddələr və onun qaçaqmalçılığı həm narkomanların artması, həm iqtisadi və həm də təhlükəsizlik baxımından qonşu ölkələrə, o cümlədən İrana çoxlu problemlər yaradıb.
İran İslam Respublikası narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi üçün çoxlu sərmayə yatırır. Bundan başqa minlərlə polis və təhlükəsizlik qüvvələrinin enerjisi Əfqanıstanla qonşu olduğumuza görə bu problemlə mübarizəyə sərf olunur. Əfqanıstanın coğrafi şəraiti və bu ölkənin dənizə çıxışının olmaması, narkotik maddələrin qaçağını Əfqanıstandan digər qonşu ölkələrə, o cümlədən İran, Pakistan və Mərkəzi Asiya ölkələrinə yönəldir.
İran Əfqanıstan sərhəd regionuna daha çox nəzarət etmək üçün postlar quraşdırıb və qüvvələr yerləşdirib , lakin tərdbirlər təkcə İran tərəfindən görüldüyü üçün lazimi nəticə əldə olunmur. Narkotik maddələrlə mübarizə uğrunda indiyədək 4 mindən çox şəhid vermişik və bu məsələ İranın narkotik maddələrlə mübarizədə nə qədər ciddi olmasına nümunədir.
Qeyd etmək istərdim ki, 2008-ci ildə Əfqanıstanın 6 qonşu ölkəsi konfrans keçirdi və orada narkotik maddələrin qaçaq olunmasının qarşısını alacaqlarına dair öhdəlik götürdülər. Hələlik bu öhdəlik kağız üzərində də qalır və təkcə İran narkotik maddələrlə mübarizədə öhdəliyi yerinə yetirir. Digər diqqət ediləsi məsələ də budur ki, Əfqanıstanda ABŞ, Böyük Britaniya və digər üçüncü ölkələrin qüvvələrinin olması bu problemin artmasına şərait yaradıb və narkotik maddələrin istehsalının və onların növünün çoxalmasına səbəb olub. Əfqanıstanın işğal olunmasından sonra Qərb ölkələri tərəfindən narkotik maddələrin istehsalı bir neçə dəfə artıb və bu göstərir ki, Qərb ölkələri narkotik maddələrlə mübarizə üçün çalışmaq istəmir.
- İranda ötən il keçirilən prezident seçkilərindən sonra yaranmış gərginlik səngiyib. Siz polis və təhlükəsizlik qüvvələrinin etiraz mitinqləri və gərginliklərlə bağlı gördüyü işləri necə dəyərləndirirsiniz? Gərginliklər zamanı dövlət və özəl mülkiyyətə nə qədər ziyan dəyib və bu ziyanlar necə aradan qaldırılıb?
- Prezident seçkilərindən sonra yaranmış gərginliklər və quldurluqlar, əsasən, İran islam rejiminin düşmənlərinə bağlı və asılı mətbuat orqanları və dairələrinin təşviqi ilə baş verdi. Bunun üçün onlar illərlə proqram və layihələr hazırlamışdı və ötən il prezident seçkilərindən sonra yaranmış şəraitdən bəhrələnməyi gözləyirdilər. Bu hadisələrdə İran düşmənləri var gücü ilə, xüsusilə ABŞ, İsrail və Böyük Britaniya mətbuatı və kəşfiyyatı koordinasiya olmuş bir vəziyyətdə əməliyyat başladı və prezident seçkilərinin parlaq nəticəsinə kölgə salmaq istəyirdi. Necə ki gördünüz, ən az ziyan və xərclə xalqın müqəddəs İslami rejimi dəstəkləməsi ilə onlar öz niyyətlərinə çata bilmədi. İran İslam müqəddəs rejiminin əsas qüdrəti xalqın geniş tərkibdə bu rejimi dəstəkləməsidir və bu güc bütün planları və hiylələri pozur.
Düşmənlərin əsas hədəfi İranın hakimiyyətini zəiflətmək idi, lakin nəticə əksinə oldu və islami rejimin hakimiyyət gücü gündən-günə artmaqdadır və bu hadisə İran xalqının gözünü daha da açdı və onlar düşmənlərin çirkin niyyətlərini daha da aydın gördülər.
- Siz passiv müdafiə təşkilatına üzv ölkəsiniz. İranda passiv müdafiə üçün təchizat miqdarını və hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz və ölkədə passiv müdafiə səviyyəsini artırmaq üçün nəkimi işlər görülməlidir?
- Necə ki bilirsiniz, İran regionda öz coğrafi mövqeyinə görə və çoxlu enerji və mədən yataqlarına sahib olduğu üçün və s. həmişə hədələrə məruz qalıb. Aşkar nümunə kimi İraqın İslam İnqilabından sonra ilk illərdə İrana hücum etməsini göstərmək olar. İraq öz hücumu ilə İrandakı inqilabı məğlubiyyətə uğratmağa çalışdı, lakin islam İranının gənclərinin müdafiəsi ilə 8 ildən sonra məcbur oldu geri çəkilsin və uduzmaqla barışsın.
Bu məsələni və ötən illərdə baş vermiş digər hadisələri nəzərə alaraq, İranın qlobal proqramlarından biri və məqsədlərindən biri ölkənin təhlükəsizlik və müdafiə infrastrukturunun gücləndirilməsi və ölkənin ərazi bütövlüyünü təmin etmək və müdafiəsi naminə bilik və gücün artırılmasıdır.
Bunun üçün passiv müdafiə məsələsi rejimin təhlükəsizliyi və müdafiəsi üçün ən əhəmiyyətli məsələlərdən biridir. Rejim rəhbərləri və rəsmiləri müxtəlif sahələrdə siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə həmişə bu məsələyə diqqət ediblər. Məsələnin əhəmiyyətini nəzərə alaraq, İranın ali rəhbərinin də bu məsələyə xüsusi diqqəti var və həmişə ölkə rəhbərlərinə bu məsələnin ölkənin inkişaf proqramlarında yer verilməsinə diqqət etmək tapşırığı verir.
İran İslam Respublikası passiv müdafiə məsələsini müxtəlif infrastruktur sahələrində, hərbi və tikinti sahələrində inkişaf etdirmək məqsədilə qayda və qanunlar təsdiqləyib və bu sahəyə xüsusi pul vəsaiti ayırıb.
Hazırda bütün orqanlar və nazirliklər passiv müdafiəni öz proqramlarında yer verməyə borcludurlar. Hökumət də lazımi vəsaiti ayırmaqla bu layihələrin icrası üçün şərait yaradır.
Daxili İşlər Nazirliyi olaraq bütün əyalətlərin passiv müdafiə şuralarında passiv müdafiə komitəsi təşkil olunub və onlara göstəriş verilib ki, öz proqram və layihələrini hazılayarkən passiv müdafiə əsaslarına riayət etsinlər. Bundan başqa, ölkə üçün mərkəzləşdirilmiş layihələrdə həyata keçirməyi planlaşdırırıq ki, müdafiə və təhlükəsizlik binasını möhkəmləndirək və böhran baş verdiyi zaman onu idarə edə bilək.