"İslam mədəniyyətinin paytaxtı” adına layiq görülmüş sevimli paytaxtımız Bakı artıq bir neçə gündür ki, bu adla nəfəs alır, bu adla səhərini açır. Bu adla ölkədə ilk dəfə və çox geniş tədbirlər planı ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Artıq belə tədbirlər sırasından ilkləri baş tutmuşdur. Beləki, Qız qalasında "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinə həsr olunmuş ekspozisiya təşkil olunub, Milli Kitabxanada bu il çərçivəsində çap olunmuş "Qədim Bakı" kitabının təqdimat mərasimi keçirilib, İslam Mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhərinə həsr olunmuş poçt markaları buraxılıb. Markalar üzərində "İçərişəhər" abidə kompleksi və "İslam mədəniyyəti paytaxtı" sözləri yazılmış rəmzlər vardır. Bu əlamətdar hadisənin əhəmiyyətini nəzərə alaraq bu haqda rəylərini araşdırmaq üçün ekspertlərimizə müraciət etdik.
Hacı Ramin Bayramov – "İSLAM-AZƏRİ" saytının baş redaktoru:
- Doğrudan da bu -
önəmli məsələlərdən biridir. Azərbaycanda belə bir hadisə heç zaman olmamışdır. Çox istərdik ki, adına uyğun olaraq Bakı İslam mədəniyyətinin paytaxtı olduqdan sonra Azərbaycanda islami mədəniyyət çox geniş yayılsın. Və bəzi qadağalar, bəzi problemlər aradan qaldırılsın. Xüsusilə xanımların hicabla pasporta şəkil çəkdirmələrinə qoyulan qadağa kimi məsələlər istərdik ki, həll olunsun.
Hacı Yusif Bağırov - ilahiyyatçı-alim, "Qələm" nəşriyyatının direktoru:
- Bu mühüm tədbir hər il bir müsəlman ölkəsində keçirilir. 2009-cu ilin də İslam ölkələrinin paytaxtı kimi Bakının elan olunması müsəlman Azərbaycan üçün çox mühüm hadisədir. Bunun bir neçə cəhəti var. Biri budur ki, bununla biz dünyaya bildiririk ki, Azərbaycan qədimdən müsəlman torpağı, müsəlmanlar yaşayan bir müsəlman ölkəsidir. Azərbaycan xalqı tərəfindən qədimdən İslam dini böyük ehtiramda olmuş, xalqımız bu dinin daşıyıcılsı olmuş və bu dinə böyük bir inancla əqidə bəsləmişdir.
Digər tərəfdən, sovet
rejiminin çökməsindən sonra da İslama sığınan Azərbaycanın şahidi olmuşuq. Müxtəlif kitablar, filmlər, konfranslar, simpoziumlar, məqalələr, televiziya və radio verilişləri və islami maaariflənmə yolunda digər maarifləndirici işlər sübuta yetirmişdir ki, Azərbaycanda həqiqətən İslama böyük məhəbbət və əlaqə vardır. Sadəcə olaraq bəzi haqlı narazılıq doğuran hallar da olmuş və vardır. Məsələn, Azərbaycanı İslamdan uzaqlaşdırmaq niyyəti ilə bəzi “qərbpərəstlər” məqsədyönlü və sistemli iş aparmağa çalışıblar. Müəyyən damğalar da vurmağa çalışıblar. Lakin bu damğalar bu xalqa yapışmayıb, yapışmaz da. Ona görə ki, bu xalq qədimdən müsəlman xalqı olmuş, Azərbaycan qədimdən bu dinə etiqad bəsləmişdir. Güman edirəm ki, ölkəmiz bu işdə özünü daha da doğrultmaq üçün islami dəyərlərə, milli-mənəvi dəyərlərə daha da geniş yer ayırmalı, daha uyğun şərait yaradılmalıdır. Belə halda bu mühüm paytaxtlıq da müsəlman ölkələri tərəfindən, müsəlmanlar tərəfindən səmimi dəyərləndirilər.