0
Monday 11 November 2024 - 18:13

Ərdoğan: İsrail dünyada təcrid olunmalıdır

Story Code : 1171996
Ərdoğan: İsrail dünyada təcrid olunmalıdır
Bu gün günorta Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasına üzv ölkələrin sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "İsrailin cinayətləri nəticəsində indiyədək 50 mindən çox fələstinli həlak olub. Qəzza zolağında və digər bölgələrdə şəhid olan insanların 70%-i qadın və uşaqlar olub."

İşğalçı İsrailin Qəzza və Livana təcavüzü ilə bağlı vahid mövqe qəbul edilməsi məqsədilə keçirilən bu iclasda Türkiyə prezidenti deyib: "İsrail Knessetinin (Sionist rejim parlamentinin) məqsədi UNRWA-nın icazəsini ləğv etməkdir. Onlar iki dövlətli həll yolunu da məhv etmək istəyirlər. Netanyahunun kabineti İranla hərbi gərginliyi artırmağa və Livana hücumları davam etdirməyə çalışır. Bir neçə Qərb dövləti İsraili hər cəhətdən dəstəkləsə də, İslam ölkələri bu məsələ ilə bağlı fikir bildirməyə belə ehtiyat edir, elə bu mövzu Qəzzada vəziyyətin bu mərhələyə çatmasına səbəb olub."

Rəcəb Tayyib Ərdoğan əlavə edib: "Biz Netanyahunun kabinetində Fələstin torpaqlarını işğal etməyin bir bədəli olduğu hissini yarada biləcək bütün obyektiv və real təklifləri həyata keçirməyə hazırıq. İsrail Qəzza zolağına humanitar yardım göndərməyi belə düşünmür. Fələstində kütləvi qətllərin səbəbkarlarına qarşı lazımi tədbirləri görmək üçün səylərimizi davam etdirməyimiz vacibdir. İsrailə silah ixracını qadağan etmək və onlarla ticarəti dayandırmaq çox vacibdir".

Ərdoğan həmçinin deyib: "İsrail Qəzza zolağı və Livana qarşı təcavüzü dayandırana qədər dünyada təcrid olunmalıdır. Biz İsraillə yeni ticarət məhdudiyyətlərimizi tətbiq etdik və İsrailin təcavüzü dayanmasa, bu məhdudiyyətləri artıracağıq".

O əlavə edib: "Biz dünyanın daha çox ölkəsini Fələstin dövlətini tanımağa təşviq etməliyik. Ümid edirik ki, bugünkü görüşün nəticələri Fələstin və Livan xalqları üçün bir ümid olacaq".
Comment