0
Tuesday 2 January 2018 - 00:49

Həmrəylik bayramı yoxsa cinayət? Heydər Əliyev Naxçıvanının sərhədləri dağılarkən...

Story Code : 694046
Həmrəylik bayramı yoxsa cinayət? Heydər Əliyev Naxçıvanının sərhədləri dağılarkən...
Hər il Dekabr ayının 31-i Azərbaycanda sovetdənqalma "novı qodla" birlikdə həmrəylik bayramı da qeyd edilir. İnsanlarımız bu gün iki qat bayram etdiklərini düşünürlər. Bəs görəsən nə qədər insan bu günün həqiqətən bayram olub olmadığını bilir?
Bəzən şəhərə düşüb camaatdan müsahibə alırlar. Amma məlum mövzu barədə insanları maarifləndirmədən bu iş baş verdiyi üçün xoşagəlməz mənzərə yaranır. Məsələn, sual verir ki, Çörçil yaxşı siyasətçi olub, yoxsa Ruzvelt? Deyir Ruzvelt. Sonra deyir Ruzvelt kim olub? Deyir Almaniyanın kansleri.
Mən inanıram ki, elə həmrəylik günü barədə də insanların çoxu məlumatsızdır. Düzdür, zaman-zaman bu məsələ işıqlandırılsa da, lazımi məlumatlar insanlara çatdırılmayıb. Çünki bu məsələ sonralar Sabir Rüstəmxanlı kimi ünsürlərin timsalında təbliğ edilməyə başladı. Qarabağ, 20 yanvar, Şuşa həqiqətləri insanlardan gizlədildiyi kimi bu gün də gizli saxlanılır.
Əslində isə həmin günün hansı hadisə ilə bağlı olduğunu anladıqda bu işin faillərinin cinayətə mürtəkib olduqları üzə çıxır.
Sovet imperiyasının axırları idi. 89-cu ilin Dekabr ayının axırlarında Azərbaycan SSR-nın Naxçıvan ərazisinin İranla olan sərhədləri iki tərəfdən olan bəzi vətəndaşlar tərəfindən dağıdılıb. Vəssalam. İki il sonra Dekabr ayının 16-da isə Naxçıvan MR-nın Ali Məclisinin sədri Heydər Əliyev 31 Dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Əslində isə ortada bir həqiqət var. O da bir dəstə insanın iki dövlətin rəsmi sənədlərdə müəyyən olunmuş, dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sərhədlərini dağıtması faktıdır. Görəsən belə bir hadisəni "iki qardaşın bir-birinə olan məhəbbəti" kimi qələmə vermək olarmı? Bu hadisəni kimin törətməsi, kimlər tərəfindən qızışdırılması qalsın sonraya. Lakin, dövlət sərhədlərini dağıtmaq o sərhədləri icazəsiz keçməkdən daha pisdir. Bir anlıq fərz edin ki, kimsə Azərbaycan sərhədlərini qanunsuz keçib, buna necə reaksiya verərdiniz. Bir də var iki dövlətin sərhədini dağıdıb icazəsiz Arazın o tayına keçirsən.

Əlbəttə, bütün ömrünü sovet imperiyasına həsr edən, fürsət ələ düşdükdə Azərbaycanın müstəqilliyindən danışan Heydər Əliyev üçün bir daha ələ yaxşı imkan düşmüşdü. O, bu fürsəti fövtə verə bilməzdi. Buna görə də, xalqın rəğbətini qazanmaq üçün bu şansı əldən verməyib həmin günü rəsmi bayram elan etməklə siyasi imic qazanmağa çalışdı. Amma real həyatda Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi illərdə, yaxud elə indinin özündə bu hadisə baş vermiş olsaydı, yəni dövlətin sərhədləri ata-bala Əliyevlərin zamanında dağıdılsaydı, vəziyyət necə olardı? Ata-bala Əliyevlər buna nə reaksiya verərdilər? Əlbəttə, o hadisə baş verəndə Heydər Əliyevin Qorbaçov tərəfindən istefaya göndərilən zamanlar idi. Onun Allahından idi ki, Sovet hökümətinə zərbə kimi dəyən bir neçə hadisə baş versin, o da 20 Yanvar hadisəsində olduğu kimi sinəsini qabağa verib, azərbaycançılıqdan, müstəqillikdən, respublikaçılıqdan danışsın.

Təəssüflər olsun ki, insanlarımız bu həqiqətləri ya görmürlər, ya da görsələr də buna göz yumurlar. Əslində isə o hadisənin baş verdiyi andan məqaləmizi oxuduğunuz ana qədər o hadisənin heç bir faydası olmayıb. Sadəcə arada bir dəstə insan istər-istəməz hansısa qüvvələrə xidmət etmiş olublar.

Həmrəyliyə gəldikdə isə, təəssüf ki, bizim ölkədə xalqın həmrəyliyi yoxdur. Nə iqtidardakıların öz arasında həmrəyliyi var, nə müxalifətin, nə də xalqın. Bilirsiz hardan bildim? İqtidar ona görə ki, bu komandada gündə bir nazirin "torbası" tikilir. Məsələn, İqtidardakıların rəyi keçmiş MTN nazirinin rəyi ilə uzlaşmır. Çünki o cinayətə yol verib. Bəs niyə cinayətə yol verib, çünki görür ki, hər məmur bir yandan çapıb-talamaqla məşğuldur, o da çapıb-talayır. Müxalifət gündə bir seçki bloku, nə bilim təşkilat, şura yaradır, həmin günün sabahı dağılıb hərə öz işinin dalınca gedir. Xalqa gəldikdə isə, xalqın həmrəyliyi olsaydı nə iqtidar, nə də müxalifət bir-birinin ətini didməzdi. Hələ mən yazımı oxuyandan sonra münasibət bildirənlərin rəylərini demirəm. Bu cür həmrəylik olmaz.

Ədalət
Source : Nur.az.com
Comment