0
Wednesday 13 December 2017 - 10:17

Qanunun işləmədiyi dövlətdə vətəndaş öz qanununu işlədir

Story Code : 689641
Qanunun işləmədiyi dövlətdə vətəndaş öz qanununu işlədir
İki qəribə hadisə barəsində eyni gündə müxtəlif saytlarda məlumat yayılıb. Deməli, xəbərin birində deyilir ki, "Qaçqınkom"un rəisi, baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobil qəzasında xəsarət yetirdiyi Türkiyə vətəndaşı olan şəxslər güya şikayətlərini geri götürüb. Digər xəbər isə biznesmen Akif Rəhimovun 17 yaşlı oğlu ilə bağlıdır. 17 yaşlı bu uşaq "Jeep" markalı maşınla şəhid ailəsini həyatına son qoyub. Özü də maşını sürücülük vəsiqəsi olmadan idarə edib. Hər iki hadisədə qudurğan iki uşağı qudurdan böyüklər də araşdırılmalıdır. İctimaiyyətdə Əli Həsənov qınandı, nə üçün heç bir yerdə işləməyən, əsgərlikdə olmayan və tüfeyli həyat yaşayan bu nəvə bu cür bahalı maşınların kolleksiyasını yığmalıdır. Eləcə də biznesmenin hələ də ağzından süd iyi gələn oğlu nə üçün sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməlidir. Bu qudurğan uşaqlara - Hafiz Hacıyevin diliylə desək - küçüklərə kim belə imkan yaradır? Təbii ki, Əli Həsənovun nəvəsi öz babasının və qayınatasının nüfuzundan istifadə edirsə, digəri atasının milyonlarına güvənir. Valideynlər, böyüklər isə çox böyük səhvə yol verib balalarını bu cür tərbiyə edirlər.
Əli Həsənovun da, Akif Rəhimovun da qudurğan balaları haqqında dövlət lazımi ölçü götürmürsə də xalq, cəmiyyət buna reaksiya verməli, sərt şəkildə qınamalıdır. Çünki bu gün Əli Həsənovun nəvəsinin xəsarət verdiyi Türkyə vətəndaşının yerində sabah biz ola bilərik. Eləcə də biznesmen oğlu bu gün şəhid ailəsini öldürürsə, sabah o maşının altında digər bir insan qalacaqdır. Bu fəsadları cəmiyyətdən təmizləmək üçün bu cür qudurğan insanları dövlət təcrid etməli, layiqli cəzalarına çatdırmalıdır.
Burada iki fəsad meydana çıxıb. Biri budur ki, ortada fiziki xəsarət alan, dünyasını dəyişən insan var. İkincisi budur ki, bu gedişlə ölkədə qudurğanlıq, özbaşınalıq baş alıb gedir. Bu gün əgər hansısa dövlət məmurunun nəvəsi bu cür qudurğanlıq edirsə və böyükləri onun işini düzüb – qoşursa sabah həmin insana baxıb Akif Rəhimovun oğlu da qudurğanlıq edəcək. Beləliklə də cəmiyyətə xəstə təfəkkür və qorxu hakim kəsiləcək.
Heç kim deyə bilməz ki, Əli Həsənovun nəvəsinin və Akif Rəhimovun oğlunun işində "Qaçqınkom" rəisinin və biznesmen atanın heç bir canfəşanlığı yoxdur. Necə ola bilər ki, hər ikisi avtomobillə dövlət qanunu pozub amma məhkəmədə bəraət alır? Görəsən bunların yerinə hansısa kasıb balası "Jeep"lə deyil, adi bir sovet maşını ilə bir nəfərə xəsarət yetirsəydi məhkəmədən bəraət ala bilərdimi? Əlbəttə ki, yox. Bu ata, bu baba özü övladlarını bu cür qudurdub, harın böyüdüb, düzgün tərbiyə verməyib, belə olan halda onların "zibillərini" ört-basdır etməyəcək?
Xalq çox gözəl bilir ki, bu gün heç biznesmen deyil, Əli Həsənov deyil, siravi bir vətəndaşın da işi məhkəməyə düşəndə "hörmət", "şirinlik" adları altında məhkəməni borc-xərc edib pulla ələ almağı bacarır. Elə ölkənin, cəmiyyətin bədbəxtçiliyi də budur. Siravi bir insana belə bir şərait yaradılırsa, məhkəmə hakimi, məhkəmə sistemi "xalqın əlinə baxırsa", rüşvətlə işləyirsə bu, dövlətin təməllərinin çürüyüb dağılma həddinə çatması deməkdir. Belə bir dövlət üçün fərqi yoxdur ki, onu hansısa xarici dövlət işğal etsin ya etməsin. Onsuz da belə bir dövlətə rüşvət, şeytan, özbaşınalıq hakim kəsilib. Bu cür məhkəmələr təbii ki, heç zaman xalqın nəzərində etibarlı, ədalətli məhkəmə olmayacaq.
Təbii ki, burada dövlətin bel sütunu, hakimiyyətin mənbəyi sayılan xalq da (əlbəttə kağız üstündə) qınanmalıdır. Çünki Əli Həsənov, Akif Rəhimov kimi insanlar hansısa xarici ölkədən gəlib Azərbaycan qanununa zidd addımlar atmayıb, onların övladları kənardan gəlib qanunu kobud şəkildə pozmayıb. Bu insanlar Azərbaycanda yaşadıqlarını, qanunsuzluğun baş alıb getdiyi ölkə vətəndaşı olduqlarını çox yaxşı bilir. Bu insanlar çox yaxşı bilir ki, adi siravi insanlar bu dövləti, məhkəmə sistemini bu kökə salıb. Adicə bir taksi sürücüsü öz balasını borc-xərc edib hərbi xidmətdən yayındıracaqsa, Əli Həsənov təbii ki, nəvəsini əsgərliyə göndərməz. Əgər bu işdə bizim heç bir günahımız yoxdursa, Əli Həsənovu, Akif Rəhimovu qudurdan biz deyiliksə bu faciəyə sakit qalmamalı, hər hansı yolla olursa olsun bu cür halların aradan qalxmasına səy göstərməliyik.
Bütün dünya bizə gülür. Bir tərəfdən bir dəstə insan Heydər Əliyevin ölüm günündə onun məzarını ziyarət edir. Xüsusilə də dövlət işçiləri Heydər Əliyevin heykəli önündə iki qat əyilib kameralara düşmək üçün bəhsə girirlər, İlham Əliyev də başda olmaqla bir balaca ələ fürsət düşən kimi Heydər Əliyevin dövlət quruculuğundan, ölkəni xilas etməkdən, dövləti yenidən bərpa etməsindən danışırlar. Budurmu Heydər Əliyevin qurduğu dövlət? Budurmu İlham Əliyevin Heydər Əliyev kursunu layiqincə davam etdirməsi? Bir dövlətin məhkəməsini Akif Rəhimov öz qudurğan balasından ötrü ələ ala bilirsə burada hansı dövlətçilikdən, ədalətdən danışmaq olar?
Yaxşı, deyək ki, xəsarət alan, zərər çəkən ailələr öz şikayətini geri götürüb (hansısa yollarla onları qane etməyi bacarıblar) bəs yaxşı ortada insan ölümü var axı. İnsan ölümü cəmiyyətin bütövlükdə ölməsinə yol açır axı. Budurmu dövlətin, hakimiyyətin mənbəyi olan xalq? Budurmu hakimiyyətin formalaşdırdığı, cəmiyyətə hakim etdiyi düşüncə? Dövlətin qanunu bundanmı ibarətdir?
Biz bir xalq olaraq indiyədək etdiyimiz səhvlərdən nəticə çıxartmalı, rüşvət verməməli, almamalı, alanları da ifşa edib ədaləti bərpa etməyə çalışmalıyıq. Yoxsa bu dövlətin axırı görünmür. Artıq Azərbaycan uzun illərdir qanunun işləmədiyi dövlətə çevrilib, qanunun işləmədiyi dövlətdə isə Akif Rəhimov, Əli Həsənov kimi vətəndaşlar öz qanununu işlətməyə çalışacaq.
Source : Nur-az.com
Comment