0
Saturday 2 December 2017 - 20:18

40 il qul kimi yaşamaq yoxsa 40 ilin hakimiyyətinə yarınmaq - Arifoğlu və Azər Ayxanın təqdimatında

Story Code : 687269
40 il qul kimi yaşamaq yoxsa 40 ilin hakimiyyətinə yarınmaq - Arifoğlu və Azər Ayxanın təqdimatında
Rauf Arifoğlunu qəzetində yazanlardan biri də onun qardaşıdır. Amma qardaşı balaca qardaş olsa da heç də balaca adam deyil. Özünü kənara çəkib digər həmkarlarını prezidentdən ev almaqda irəli çəkəcək qədər böyükdür. Arifoğlunun onun haqqında "ay xan Azər" deyəcək qədər uludur. Nə bilim Babəkin adı qədər uludur, Şirvinin ruhu qədər müqəddəsdir. Vaxt gələr onun da başına and içirlər.
Babək demişkən, Rasim Balayevin adı yenə də Babəklikdə hallanır. Son seçkilərdə kişi çıxıb əməlli başlı dedi ki, mən aktyor olaraq qəhrəmanları oynamışam, amma həqiqətdə aktyoram. Təbii ki, aktyor təkcə nəinki filmdə qəhrəman, eləcə də həyatda qəhrəman ola bilər. Hətta prezident də ola bilər. Məsələn, Tramp kimi. Əlbəttə, əgər onu prezident yerinə qoyan varsa.
Desəniz ki, "əşşi Babəkdən dünyaya bir dənə gəlir", bu söz yersizdir. Çünki dünyaya hamıdan bir dənə gəlib. Məsələn, məgər dünyaya Arifoğludan, Azər Ayxandan beş dənə gəlib? İnsan dünyaya beş dənə sifətdə gələ bilər, amma beş dənə gələ bilməz.
Rasim Balayev filmdə qəhrəman olub həyatda olmasa da (əlbəttə onu bu cür qınayanlar anlamalıdır ki, qəhrəman neçə cür olur, ailəsinə pul qazanan da qəhrəmandır) filmdə olduğu kimi həyatda qəhrəman olanlar da var. Məsələn, "Bəxt üzüyü" filmində "Hüseyn" obrazını canlandıran Ayşad müəllim filmdə kasıb olduğu kimi həyatda da kasıb olduğu üçün müxalifətin mitinqinə çıxmışdı. Amma yazıq işindən oldu. Rasim Balayev təcrübəli insandır. Gözəl bilir ki, o da mitinqə çıxsa Nəsimi kimi dərisi soyulmasa da pulu, olan-qalanı soyulacaq, Babək kimi qolları kəsilməsə də, səhnə ilə əlaqəsi kəsiləcək.
Azər Ayxanın dediyi, yazdığı, düşündüyü kimidir. Bizim camaatda filmə baxanda çox təsirlənmək olur. Aktyorlar işləyib pul qazanır, ağlamaq, qarğışlamaq, söymək tamaşaçıya qalır. Daha sonra xəstəxanalıq olanda da heç bir aktyor onun müalicəsinə köməkli etmir. Çünki Aktyorun özünün kömək edənə ehtiyacı var. Yaşar Nuri buna bari sübutdur. O boyda məşhur aktyora Əbülfəs Qarayev baxmadı, dövlət baxmadı, prezident baxmadı, sağ olsun bir dənə milyonçu onun müalicəsini öhdəsinə götürmüşdü. (Halbuki Qarayev də, prezident də bəlkə Yaşar Nurinin filmlərinə əlli dəfə baxıb)
Söhbət də bundan gedir ki, Rasim Balayev kimi sənət ustalarının filmlərinə baxanlar onu Nəsimi kimi soyanda, Babək kimi doğrayanda dalında durmayacaqlar. Deyəcəklər bu da bir filmdir. Babək filminin ikinci seriyası, "Mumya vazvraşaetsya" kimi.
Gələk Arifoğlunun xan kimi yaşatdığı qardaşı Azər Ayxana... Götürüb qəzetində Rasim Balayevdən həyatda Nəsimilik, Babəklik uman insanları qızışdırır. Azər Ayxan "Azadlıq" qəzetində işləsəydi var ha, onu xalqı üsyana qaldırmaqda ittiham edib həbs edərdilər. Bəxti gətirib ki, "Müsavat"da işləyir, ya da Arifoğlunun qardaşıdır.
Azər Ayxanın bilmədiyi bir məsələ var ki, yazını yazmazdan qabaq bu barədə düşünsəydi özünə zəhmət verib təxribat xarakterli yazı yazmazdı. O məsələ bundan ibarətdir ki, Rasim Balayevdən həyatda Babəklik, Nəsimilik tələb edən insanların qəhrəmana ehtiyacı var. Düzdür Azər bəy bu barədə bir-iki kəlmə yazıb. Amma naqis. Tam yazsaq, gərək etiraf edək ki, cəmiyyətin bir vaxtların Arifoğlu kimi qəhrəmanları indi sağ olsaydı Rasim Balayevləri siyasətə qarışdırmazdılar. Deyərdilər bizim Arifoğlu kimi liderimiz var, bu bizə bəsdir. Amma nə edək ki, Arifoğlu kimi adamlar nə Babək, nə də Nəsimi ola bilmədilər. Belə də ki, Arifoğlu – Rasim Balayev (Nəsimi) demişkən - qırx il qul kimi yaşamağı neynire, qırx ilin iqtidarına yarınmaq varkən.
Bir də ki, Rasim Balayev niyə də dönüb Nəsimi olmalıdır ki? Nəsimi şair olub, o vaxt şairə qiymət verməyib soymuşdular, bu gün də şairin normal dolanışığı yoxdur. Görmürsüz ən səviyyəli şair yığıncağı hesab edilən AYB (Azərbaycan Yazıçılar Birliyi) nə gündədir. Kişilər məcbur olub rəis Anarın müavini olan Fikrət Qocanın otağının altını diskotekaya icarə vermişdilər. Nəsimi o vaxt soyulmasa idi, onsuz da bu gün şair olduğu üçün acından öləcəkdi.
Sonda Azər Ayxan çox gözəl jest edib bir cümlə də qeyd edib yazısında. Babəkdən iqtibas edib, amma Zamin Hacı üslubunda. Yazır: "Elə filmdə öz dilindən səslənən “40 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdı” fikrini başqa cür yazaq, hörmətli aktyorun ürəyindən tikan çıxa bəlkə: “40 il bir filmin təsiri ilə yaşamaqdansa, 1 gün həyata real baxsaq yaxşıdır”.
Mən deyə bilmərəm bu cümlələr Rasim müəllimin ürəyindən tikan çıxardıb yoxsa yox. Amma onu bilirəm ki, ürəyi tikanlı, yaralı olan xalqın ürəyindəki tikanlar o qədər çoxdur ki, şəxsən Azər Ayxan qırx il "Müsavat"da işləsə belə yığdığı maaşları komalayıb bir vətəndaşı belə müalicə etdirə bilməz.
Amma tikandan söz düşmüşkən, cənab yazar savadsız olduğu üçün məcazi mənada işlətdiyi tikan çıxarma əməliyyatını dırnaqarası yazmalı olduğunu bilməyib. Madam tikandan danışır, biz də ona bir tikan batıraq. Azər müəllim, bilin ki, qırx il "Müsavat" qəzetində işləməkdənsə, bir gün işsiz qalmaq yaxşıdır.

P.S. Əlbəttə, nöqsan tutub deməyin ki, bir gün işsiz qalıb, qalan bütün günlərdə işləmək onsuz da öz-özlüyündə yaxşıdır, nəinki təkcə "Müsavat"da işləmək müqabilində. Təki elə xalqımız bir gün işsiz qalıb ilin bütün gününü işləsin. Cümülənin birinci hissəsindən ikinci hissəsinə hökm etməyin, bu cümlənin təfsiri belədir: Neçə bir günlər işsiz qalıb bu günlərin sayını – məsələn - 365-ə (bir il) çatdırmaq daha yaxşıdır, nəinki hər gün hesabıyla qırx il "Müsavat"da işləmək.
Source : Nur.az.com
Comment