Zahid olmaq o demək deyildir ki, dünyaya malik olmayasan, əslində mənası odur ki, dünyaya bağlanmayasan və ona aldananlardan olmayasan.
Quran zahidlik haqqında buyurur: “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
İmamların (ə) ziyarətinə gedən hər bir mömin yaxşı bilir ki, onların addım atdıqları bu torpaq - Əhli-Beytin (ə) addımladığı həmin torpaqdır.
Ona görə də Ərbəin səfəri kimi ziyarətlər bizi dünyaya qarşı zahid etməlidir və onun nemətlərinə olan meyli azaltmalıdır.
Bu səfər insanın qida və başqa həyat ehtiyaclarına olan həvəsini gözündə alçaldar və daha ali hədəfə doğru irəliləməsinə səbəb olar.
Əgər soyuq olarsa və ya yemək gecikərsə ona əhəmiyyət verməz və tək hədəfi – məhbubuna qovuşmaq olar. Bu şirin səfərin qədrini bilək və ondan daha çox mənəvi faydalar almağa çalışaq.
İmam Sadiq (ə) buyurur: “Hər kim piyada halda İmam Hüseynin (ə) ziyarətinə gedərsə, Allah atdığı hər addıma görə ona bir həsənə yazar və bir günahını məhv edər və məqamını bir dərəcə qaldırar. O zaman ki, ziyarətə gedər, Allah iki mələyi ona hakim edər ki, ağzından çıxan hər bir xeyir sözü yazsınlar və şər, pis olanları isə yazmasınlar. O zaman ki, geri qayıdar – onunla xüdahafizləşər və deyərlər: “Ey Allahın vəlisi! Günahların bağışlanıldı və sən Allahın hizbində, Peyğəmbərin (s) hizbində və Əhli-Beytin (ə) hizbində olan insansan. Allaha and olsun ki, sən heç bir zaman atəşi görməyəcəksən və atəş də səni görməyəcəkdir”. (Tebyan)
Ali dini Rəhbər bu böyük gün haqqında buyurmuşdur: “Hüseyn (ə) maqnitinin cəzbi Ərbəində başlayar. Cabir ibni Abdullahı Mədinədən qaldırar və Kərbəlaya tərəf çəkər. Bu, həmin maqnitdir ki, bu gün uzun əsrlər keçməsinə baxmayaraq mənim və sənin qəlbində mövcuddur”.
Nəql edilir ki, İmam Zaman ağa (ə.f) zühur edən zamanı özünü bəşərə İmam Hüseynin (ə) övladı kimi tanıdacaqdır və həmin zamanda hamı İmam Hüseyni (ə) tanıyacaqdır.
Lakin İmam Hüseyni (ə) hələ də bütün dünya tanımır. Ərbəin yürüşü kimi tədbirlər İmamı (ə) bəşərə tanıtmaq üçün ən yaxşı fürsətdir.