Zahid Oruc, İmam Xomeynini, Hacı Abgülü, Hacı Taleyi sevirsənmi?
Story Code : 675434
Amma əvvəlcə əziz oxucuya! Lütfən yazını uzun görüb oxumadan keçmə. Oxu, əgər yazdığımız həqiqət deyilsə sərf etdiyiniz vaxtdan ötrü lap istəsən bəndəni lənətlə!
(Zahid Oruca açıq məktub)
Cənab Zahid Oruc, dəfələrlə xaricdə (Qumda) təhsil alan tələbələr, şiə ruhaniləri barəsində yersiz danışmısan. Hər dəfə layiqli bir formada ittihamlarına, töhmətlərinə cavab verilib. Məhərrəm ayında, xüsusilə də Aşura günü qeyd edilən mərasimlərlə bağlı isə çox radikal, qərəzliz, nadancasına, bir o qədər qafilcəsinə fikir yürütmüsən. Bilirsən, zorla deyil cənab deputat! Axı, sənin dini savadın yoxdur, sən bilmirsən bu məclislər necə qeyd edilməlidir, nə doğrudur, nə yanlışdır – bütün bunları xırdalamaq bir deputatın işi deyil axı. Yeri gələndə sənin bəyənmədiyin, şübhələndiyin, agent, satqın, vətən xayini hesab etdiyin xaricdə (Qumda) təhsil alan tələbələr var ha, onlar təkcə səni deyil, Milli Məclisdə oturan 125 deputatın hər birisini qabağına qoyub moizə edə bilər axı. Gəl, açıq danışaq da, sən təsadüfən cənab əzrailin sənə mehman olmasından əvvəl bir dəfə bütü sındırıb məhərrəm ayında məscidə gəlsən orada ruhani danışacaq, sən qulaq asacaqsan, yoxsa sən danışacaqsan, o səni dinləyəcək? Əgər desən ki, mən danışacağam, o dinləyəcək, onda belə çıxır ki, Milli Məclisdə də sənin yerində həmin tələbə oturmalıdır. Burada da deyəcəksən ki, yerimiz səhv düşüb axı. Elə problem də bundadır ki, hər kəs yerini bilməlidir. Hərçənd ki, qanunvericiliyimizə görə hansısa din tələbəsinin Milli Məclisdə oturmasında bir maneə yoxdur. Amma Zahid Orucun "mollalıq" eləməsi müsibətdir. Sözün əsil mənasında müsibətdir. Sən "yaxşı" "mollalıq" edirsən, amma problemin bilirsən nədədir? Bu "mollalığın" əməldə özünü büruzə vermir. Müsibət də burdadır. Saytlar sənin "Nobel şürası və İslam şürası" adlı məqaləni dərc edib. Məqalənin İmam Hüseyn (ə) mərasimləriylə bağlı hissəsində elə hey çalışırsan deyəsən ki, nə var 14 əsr əvvəlki qəhrəmanlar üçün ağlayırsız, gedin Suriyadakı, İraqdakı müsəlmanlara kömək olun. Sitat: "İmamlarımızın cismani qovuşduğu torpaqlardan əsrlər boyudur qan damır. Bu gün İraq və Suriya xarabazarlığında milyonlarla insan terrora və işgəncəyə məruz qalır, adamlar diri-diri basdırılır. Qara bayraqlı xilafətin yayıldığı ərazilərin hamısı bir vaxtlar imam Hüseynin və Yezidin döyüşündə tökülən qanlara şahidlik ediblər. İndi milyonlarla insanı bir araya gətirən, çiyin-çiyinə dayanıb böyük ordulara çevrilən və hayqırtıları ilə dünyanı lərzəyə salan müsəlmanlar tarixi müsibətlərindən dərs alıb böyük islam sərkərdəsinin bayrağı altında niyə birləşə bilmirlər?" Çox yaxşı. Düzünü desəm bu təklif heç də pis təklif deyil. Amma heyif ki, özünü Seyyid Qütb, Cəmaləddin Əfqani hesab etmisən. Səhv etmirəmsə 1972-ci ildənsən. Sən 1-ci sinifə gedəndə İranda İslam inqilabı baş verdi. Bu inqilabı Allahın izniylə reallaşdıran İmam Xomeyni (r) özü İmam Hüseyn (ə) üçün ağlayardı və oğlanlarını da kiçik yaşlarından bu cür məclislərdə böyüdərdi. Özünün də tarixə həkk edilən sözü var: Bizim nəyimiz varsa Məhərrəm və Səfərdəndir. Bilirsən niyə İmam Xomeynini misal çəkdim? Çünki həmin İmam Xomeyni sən Azərbaycan Texniki Universitetinə daxil olan ildə vəfat edib. Vəfat etməzdən qabaq isə fələstinlilərin azadlığı və Fələstinin işğaldan azad olması naminə Beynəlxalq Qüds Günü keçirilməsinə dair göstəriş verib. Özü 28 ildir vəfat edib amma həmin gün (Qüds günü) bu günə qədər də qeyd edilir, özü də bütün dünyada. Bu həmin şəxsiyyətdir ki, 1400 ildir anılan İmam Hüseyn (ə) məktəbindən dərs alıb. Hər iki möhtəşəm gün – Aşura və Qüds bu günümüzə qədər yaşamaqdadır. Sən ki, deyirsən Suriyada, İraqda müsəlman qırılır, Xədicə adlı qız uşağı, Abdullah adlı oğlan uşaqlarının səhnələri ürək dağlayır, ona görə Fələstin müsibətini xatırlatdım. Yəni demək istəyirəm ki, sənin dediyini sən heç dünyaya gəlməmişdən öncə İslam alimləri gözəl bir şəkildə deyiblər. Özü də sənin ancaq dildə - üzür istəyirəm ifadəmə görə - simi qırıq kamança kimi cüyüldəməyin hara, o əzəmətdə kişilərin gördüyü işlər hara? Bax, hərbidə olmamısan, Qarabağa döyüşməyə getməmisən, Qarabağın işğaldan azad edilməsi ilə bağlı heç bir iş görməmisən, heç səni bu işin kandarına da buraxmayıblar. Bundan ötrü hakimiyyəti nəinki qınamamısan, əksinə daim hakimiyyətin ən öndə gedən yaltaqlarından olmusan. Amma bəyənmədiyin İranda bəyənmədiyin Qum tələbələri (əlbəttə iranlılar) yenə bəyənmədiyin İmam Xomeyninin (ə) rəhbərliyi altında əvvəlcə zalım şahı ölkədən qaçırdıblar, ikincisi ölkələrinə hücum edən Səddamın şərrini dəf ediblər, üçüncüsü Amerikanın heç bir qələt edə bilmədiyini dünyaya sübut ediblər. Hazırda da Suriyada, İraqda, Fələstində İranın gücünü bütün dünya görür və etiraf edir. Bəs yaxşı əməldə hüsyençi olmağı təklif edirsən, amma anlamırsan ki, bu təklif sənin üçün parlamentdəki təklif paketi deyil, bu cür təklif paketi vermək üçün kəfən geyinmək lazımdır. Yəqin anladın ki, əməldə hüseynçi olmaq üçün birinci özünü dəyişməlisən. İkincisi cəmiyyəti dəyişməlisən, üçüncüsü zalım hakimiyyət xalqa zülm edirsə onu dəyişməlisən, dördüncüsü torpağına göz tikən yağıları əzməlisən, nəhayət dünyanı dəyişməlisən. Bunların heç biri səndə yoxdur. Bir yazını xatırladım sənə. O yazını müxtəlif saytlar müxtəlif adlarla verdiyi üçün dəqiq ad yaza bilmirəm. Orada işıq gələn tərəfə getməyimizi təklif etmişdin. Yəqin xatırladın. Bax orada demək olar ki, saman altdan su yeridib Hacı Taleyin nə üçün İmam Həsənin (ə) sülh yolunu deyil, İmam Hüseynin (ə) qiyam yolunu tutması barədə yazıb güya nəsə yeni bir ideya irəli sürdüyünü hesab etmisən. Amma təəssüf ki, İmam Həsən (ə) dövrünün şəraitini təhlil etmədən deyil, heç oxumadan bu fikri ortaya qoymusan. Yuxarıda dediyimiz ölkədaxili haqsızlıqlara etiraza gəlincə Hacı Tale bu haqsızlıqlara etiraz edənlərin ön sıralarında dayanıb. Sən Suriya və İraqdan yazırsan. Birinci öz ölkəndəki haqsızlıqları gör! Sən görmürsənsə bəs nə üçün təkcə sənin kimi dildə deyil əməldə də bu haqsızlıqlara susmayan insana – Hacı Taleyə dəstək vermirsən? Axı sən 1400 il əvvəlki haqsızlıqlara ağlayan, sinə vuranlara qəribə baxırsan, hazırda gözünün qabağında soydaşlarına olan haqsızlıqlara göz yummayanlar var, niyə dəstəyini əsirgəyirsən? İkincisi, təəssüf ki, İslam şurasından yazdığın məqalədə Qarabağı xatırladığına rast gəlməyimi xatırlamıram. Halbuki digər məhbus Hacı Abgül deyirdi ki, bizə silah verin gedək Qarabağda vuruşaq. Özü də sən Qarabağ müharibəsində Allah bilir hansı dərmə-deşikdə gizlənmişdin, Hacı Abgülün qardaşı Qarabağ müharibəsi şəhididir. Mövsüm Səmədov vətən zabiti olub. Üçüncüsü, Suriyadan, İraqdan danışırsan, bəs nə üçün orada və Fələstində məzlumlara yardım edən İranı gözün götürmür? Halbuki sənin müsəlman dünyasının dünyadakı məzlum müsəlmanlara ağlamağını arzu etdiyin vaxtda Qasim Süleymani Suriyada İŞİD qüvvələrini "Ya Hüseyn" şüarları altında məhv edir. Bəs nə üçün bunlarla bağlı quru bir təşəkkür belə etmirsən? Yaxşı da, anladıq ki, sən modern düşüncəli, açıq fikirli insansan, Aşura günü ağlayanlar bilmir, sən bilirsən ki, İmam Hüseyn (ə) üçün ağlamaqdan daha yaxşı zülmlərə etiraz etməkdir. Bəs niyə etmirsən? Bəs niyə etiraz edənə dəstək vermirsən, bəs niyə dəstək olmaq yerinə köstək olursan? Nəticə budur ki, sənin sözdə dediklərini İslam alimləri əməldə göstərirlər, sən isə içi boş, danqıldamaqdan başqa heç bir işə yaramayan dolçaya bənzəyirsən. İmanın yoxdur, heç olmasa kişiliyin olsun, hər kəsə öz haqqını verməyi bacar. O da yoxdursa özünü daha çox rüsvay eləmə. Yoxsa özünü Musa Sədr zənn edib İslam dünyasına təkliflər verdiyini zənn edirsən?
P.S. Unutmadan deyim ki, sənin İmam Hüseyn (ə) və onun qiyamı barədəki cəhalətin burdan bilinir ki, 57 yaşında şəhid edilmiş İmam (ə) haqqında "gənc Hüseyn" ifadəsi işlədirsən. Qum tələbəsindən xoşun gəlmir, heç olmasa bəzi fikirlərini ifadə etməzdən qabaq "Google"yə müraciət elə.