Bu əzəmətli nemət qəlbləri İslam inancının zəngin mənbəyinə birləşdirir; tarix boyu gördüyü, hakim zalımları Aşuradan qorxutduğu və İmam Hüseynin (ə) nurlu qəbrindən vahiməyə saldığı işi görür. Aşura hadisəsindən və onun şəhidlərindən qorxu Bəni-Üməyyə xəlifələri dövründən başlanmış, bizim dövrümüzə qədər davam etmişdir. Siz onun bir nümunəsini öz inqilabımız zamanı gördünüz. Məhərrəm çatdıqda mürtəce, kafir, əxlaqsız və fəsadlı Pəhləvi quruluşu əlinin bağlandığını və mübariz aşuraçı xalqın əleyhinə bir iş görə bilmədiyini duyurdu. O quruluşun məmurları məhərrəm gələn kimi əslində öz acizliklərinin başlandığını bilirdilər. O mənfur rejimdən qalmış sənədlərdə məhərrəm ayı gələrkən onların ciddi şəkildə əl-ayaqlarını itirdiklərini göstərən işarə və hətta açıq qeydlər var. Bizim Böyük İmamımız - o hikmətli, uzaqgörən, dinşünas, dünyaşünas və insanşünas kişi İmam Hüseynin (ə) məqsədlərinə nail olmaq üçün bu hadisədən necə istifadə etməyin yolunu anladı və istifadə etdi. Bizim Böyük İmamımız məhərrəmi qanın xəncərə qələbə çaldığı bir ay kimi izah etdi, həmin təhlil və məntiqlə məhərrəmin sayəsində qanı xəncərə qalib etdi. Bu, məhərrəm ayı və İmam Hüseyn (ə) xatirəsi məclislərindən ibarət olan nemətin gözəlliklərinin sizin gördüyünüz bir nümunəsidir. Odur ki, həm xalq və həm ruhanilər bu nemətdən istifadə etməlidirlər. Xalqın istifadə etməsi budur ki, Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərinə könül versinlər, müxtəlif səviyyələrdə bu məclisləri bacardıqları qədər artırsınlar. Xalq ixlasla və bəhrələnmək məqsədilə Hüseyn (ə) əzadarlığı məclislərində iştirak etsinlər, vaxt keçirmək üçün, yaxud avam formada yalnız axirət savabı əldə etmək və bu axirət savabının haradan gəldiyini bilmədən yox. Şübhəsiz, sözügedən məclislərdə iştirak etməyin axirət savabı var. Lakin əza məclislərinin axirət savabı hansı cəhətinə görədir? Şübhəsiz, bir cəhətə görədir və əgər həmin cəhət olmasa, savab da yoxdur. Bəzi insanlar buna diqqət yetirmirlər. Hamı bu məclislərdə iştirak etsin, əza məclislərinin qədrini bilsin, bu məclislərdən istifadə etsin, bu məclisləri ruhən və ürəkdən özləri ilə Hüseyn ibn Əli (ə), Peyğəmbər (s) ailəsi, İslamın və Quranın ruhu ilə əlaqələrini daha da möhkəmlətmək və rabitə yaratmaq üçün vasitə etsinlər. Bu, xalqa aid olan vəzifələrdəndir.