“Qumda bulaşmış Gültəkinimiz” sicilləməsinin doğurduğu suallar (qərəzsiz və zəkalı insanlar üçün)
Story Code : 670948
Dünya əqidə cəbhələrinə parçalanıb. Cəbhələr arasında savaş gedir. Cəbhələr də fərdlərdən təşkil olunub. Cəbhələrin əxlaq müstəvisində qırmızı xətləri fərdlərin kimliyi ilə müəyyənləşir. Məsələn, Rusiyada Liberal Demokrat Partiyasının başçısı Jirinovskinin simasında bütün partiya, bəzən də bütün Rusiya ədəbsiz, söyüşçü görünür. Siyasi çevrələrdə bu ədəbsizliklər, söyüşlər zarafatla qarşılanır, şirniyyat kimi sevilir. Əhli-beyt məktəbi isə əxlaq prinsiplərinə ciddi bağlı məktəbdir. Yaxın dostlarından biri yoldan ötən müşrikə zinazadə dediyi üçün məktəb banisi İmam Sadiq (ə) onu rədd edir, “məndən uzaqlaş” deyir. Təəssüf, ədəbsiz, söyüşçü biri İslama gələndə öz xarakteri ilə gəlir. Dini qəbul etmək asan, dində qəbul olunmaq çətindir. İslamofob həmnövlər də bu mənfidən sığortalanmayıb. Aralarında ədəbli və ədəbsiz insanlar var. Haqqında danışacağımız Gültəkin dastanı da belə ədəbsiz insanların çirkabıdır…
Hakim ədalətin keşiyində durmalıdır, amma ədaləti boğan hakimlər də var…
Həkim həyat verməlidir, amma qatil həkimlər də var…
Zərgər qızıla cila verməlidir, amma qızıla mis qatan zərgərlər də var…
Din xadimi ən doğru yolu tanıtmalıdır, amma yoldan azdıran din xadimləri də var…
Jurnalist, qələm adamı həqiqəti yazmalıdır, amma təhqir, böhtan, şər yazan jurnalistlər də var…
Jurnalistlərin, medianın sayəsində çox çirkin bir böhtan gündəmi aldı. Guya Gültəkin Məcidova adlı azərbaycanlı xanım Qum şəhərində din xadimləri tərəfindən siğə adı ilə aldadılaraq bəkarətini itirib!! Bu çox çirkin bir dastan oldu. Bizim, biz Əhli-beyt ardıcıllarının dünyanı heyrətə gətirən dastanlarımız var. Eşitməyənlər eşitsin:
Möminlərin əmiri həzrət Əli (ə) xəlifə olduğu zaman zirehi itir. İmam bir müddət sonra zirehini bir yəhudinin əlində görür. Yəhudini saxlayır və zirehin ona məxsus olduğunu deyir. Yəhudi, İmam Əlinin iddiasını təkzib edir. Əli, yəni dövrün xəlifəsi Kufə qazisinə üz tutur. Yəhudinin əlində olan zirehi kiməsə satmadığını, kiməsə bağışlamadığını deyir. Yəhudi yenə inadkarlıq göstərir, zirehin ona məxsus olduğunu söyləyir. Qazi İmam Əliyə deyir ki, ya Əmirəlmöminin, bu şəraitdə şahid göstərməlisən. Həzrət yaranmış vəziyyətə təbəssümlə buyurur: Bəli, qazi haqlıdır. Mənimsə şahidim yoxdur… Həzrət bunu deyib ayağa qalxır ki, getsin. Amma dövrün xəlifəsinin Allah hökmü qarşısında təslimçiliyi yəhudini o qədər silkələyir ki, zirehin Əliyə məxsus olduğunu etiraf edir, hadisənin təsirindən İslama qatılır!
Bəli, qarşımızda iki dastan var: Gültəkin dastanı və Zireh dastanı! Əlinin şəxsiyyəti günəş kimi göz önündədir, düşmənlər də bu şəxsiyyətə baş əyir. Bəs Gültəkin dastanının həqiqəti neçədə birdir? Onda bir, yüzdə bir, mində bir həqiqət varmı bu dastanda?
Araşdırmaya təbii ki, mənbəni üzə çıxarmaqla başladıq. Əgər Gültəkin dastanı (İranda təhsil alan azərbaycanlı qızın şok etirafı) on saytda getmişdisə, mənbə göstərməyəni repost.az idi. İlkin qənaət bu oldu ki, dastan REPOST-a məxsusdur. Saytla tanış olmaq üçün öncə Haqqımızda məqaləsini açdıq. Açdıq və PASPORTUNU ağ gördük!! Missiyası nədir, redaktoru kimdir, sponsoru kimdir? Suallar havadan asılı qaldı.
Keçdik ikinci mərhələyə: kimliyini yazılardan öyrənək. Ana səhifəsinin bir küncündən print screendə 4 başlıq diqqəti çəkir, hər dörd yazıda azərbaycan qızından danışılır. Söhbəti uzatmırıq, oxucu özü maraqlana bilər.
Saytın intellekti, səviyyəsini öyrənmək istəyəndə ana səhifənin aşağı küncü cavab verdi: Bütün HAQQLAR qorunur!! HaQQlar! Ya dilimizdə naşılıq (cənublu dəst-xətti), ya da savadsızlıq!
Keçək mətləbə! Gültəkin dastanı ilə bağlı suallar:
1.Ünvansız sayt elementar jurnalistika qaydalarını gözləmədən “İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib” yazır və ən azı “zərər çəkmiş şəxsin adı və famili dəyişdirilib” qeydini özünə borc bilmir. Yalançının yaddaşı olmaz deyiblər. Oxucuda ilk sual Gültəkin Məcidova adı ilə təqdim olunan şəxsin kimliyi ilə bağlıdır. Ümumiyyətlə, Gültəkin Məcidova adlı bir insan varmı? Saytın mötəbər ünvanı olsaydı, anonimliyi başa düşməyə çalışardıq. Amma Gültəkin eynən REPOST kimi sanki göydən düşüb. Eynən repost kimi nala-mıxa vurur. Gah siğə etdilər, gah zorladılar deyir.
2.Məcidovanın Qumda qəbul olunduğu təhsil müəssisənin adı göstərilmir. Qumda yüzlərlə dini təhsil ocağı var, Məcidova hansı mərkəzdə təhsil alıb?
3.Sayt yazır ki, Qumda təhsil alan azərbaycanlı qızların hamısının bakirəliyi pozulur!! Bunu hansı ekspertiza təyin edib? Bu saytın işi azərbaycanlı qızları dünyaya fahişə kimi tanıtdırmaqdırmı?
4.Yazıda İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəisi, tanınmış din xadimi Ocaq Nejadın adı çəkilir. Ocaq Nejad Azərbaycanda ən çox sevilən iranlı alimdir. İndi bu insan, şəxsiyyətinə yönəli böhtanlara görə kimdən şikayət etməlidir?
5.Qumda təhsil almağa gedənlərin əksəriyyəti ibtidai dini savada malik olur. Bakirə qızın atadan (vəlidən) icazəsiz müvəqqəti nikaha (siğə) girə bilməməsi İslamda məşhur qadağadır. Qumda şəriətin OLMAZına OLAR deyən ruhaninin ən kiçik cəzası ruhani adı və libasından məhrum edilməkdir. Məcidova bu gün Azərbaycan mediasında intim münasibətlərindən danışmağa utanmırsa, nə üçün həqiqəti başa düşəndə onu aldadan ruhanini məhkəməyə çəkməkdən utanıb?
6.Qum şəhərinin imam cümələri İranın yox, İslam dünyasının nüfuzlu şəxsləridir. Gültəkin dastanının ən zəif nöqtəsi Qumun imam cümələri nöqtəsidir. Qumun imam cüməsinin xaricdən gəlmiş qızla intim münasibətə girməsi bir ölkə prezidentinin eyni addımı atması həddində fantaziyadır.
7.Məcidova deyir ki, onları İrana dini təhsil almağa aparırlar. Kim aparır? Bu günə qədər istər Azərbaycan, istər İran tərəfindən bir təşkilat ya şəxsin rəsmi ya qeyri-rəsmi bu işlə məşğul olması barədə hər hansı informasiya varmı? Əgər Məcidovanın iddiasında bir faiz həqiqət varsa, nə üçün Azərbaycanın hüquq-mühafizə orqanları bu vaxta qədər seyrçi mövqe tutub?
8.Məcidova deyir ki, İranda təhsil alan qızların bir neçəsi hamilə qalıb, uşağın atasi kimdir bilinmir!! …Bəs deyirdiniz siğə ediblər? Siğə qaydalarında uşağın atası necə bilinməz?! Əlavə edir ki, bu hadisədən sonra çox valideynlər qızlaırnı İranda təhsil almağa buraxmır!! Bu lap ağ oldu. Bəs bu gün İranın dini və dünyəvi elm ocaqlarında təhsil alan və hər il sayı artan xanım həmvətənlərimiz necə olsun!
…Gültəkin dastanının hər cümlə yox, hər sözü bir şər, bir böhtandır. İslama düşmənsən ol, amma pak insanlara qara yaxma, amma iki qardaş xalq arasında şeytanlıq etmə, amma Azərbaycan qızını rahat burax, ən azı min bir fitnəkarlığa hədəf olmuş bu pak və sadə xalqa rəhmin gəlsin.
İki addım atılmalıdır. Birincisi, İran Təhsil Nazirliyi və Qum Elm Hövzəsindən azərbaycanlı tələbələr barədə arayış alınmalıdır: biz tələbələrin artdığını görürük, baxaq ki, rəsmi statistika nə deyir. Ümumiyyətlə Qumda bu adda tələbə olubmu? Mən öz növbəmdə Qum Elm Hövzəsinə müraciət edib, cavabı oxucalara catdıracağam, bunu vəd edirəm!
İkincisi, İranda təhsil alan azərbaycanlı xanımlar mövzuya münasibət bidirməli, məhkəməyə müraciət olunmalıdır. Əgər Gültəkin dastanı arxasında gizlənənləri üzə çıxarmaq mümkün deyilsə, sayt (saytlar) bağlanmalıdır!
Həmişəki ya həmişəlik bir iradı öncədən cavablandıraq. Bütün neqativ hadisələrin istənilən formada tənqidinə “şişirtməyin, tanınmayanı tanıtmayın, bunlara cavab verməyə dəyməz” kimi vəsvəsələrlə dəyər verən dostlar! Yadıma bir hadisə düşür. 1980-cı ildə Politexnik İnstitutunda qəbul imtahanı verirdim. Yazılı imtahandı. Yanaşı oturmuş abiturient saçı ilə oynayır, ən azı özünü suallara cavab axtarırmış kimi göstərməyə də çalışmırdı. Mənimsə ürəyim əsirdi. 17 ildən sonra ata-ananı sevindirmək fürsəti yaranmışdı. Düşünürdüm ki, instituta qəbul olmaqla onların üzücü zəhmətlərinin bəlkə milyonda birinə cavab vermiş oldum. Kənarımdakı Mefistofel mənim həyəcanıma heç vaxt unutmayacağım bir reaksiya verdi: Özünü həlak etmə, qəbul olmaq bəxtlədir!! – dedi. İmtahan başa çatdı, nəticələr elan edildi, qəbul olmuşdum. Auditoriyaya ilk dəfə qədəm qoyanda həmin adamı görüb şoka düşdüm. O, imtahanda ağ vərəq təhvil vermişdi. Bir qrupa düşdük. İllər ötdü, yaxından tanıdım. Bütün işləri pulla həll edən biri idi! Dostlar! Bu addım Allahın razılığı yolunda atılıb, bunu özümüzə vəzifə bilmişik. Fitnəkarlığın ifşası din düşmənlərini özündən çıxarır. Bu arada din dostlarından bir təbəssüm istərdik…
Arzu Eyvazov 21 sentyabr 2017, Qum e-mail: arzu@1damla.org