0
Thursday 7 September 2017 - 23:19

07 Sentyabr 2017 3 milyardlıq oğurluğun arxasında İlham Əliyev durmursa…

Story Code : 667287
07 Sentyabr 2017 3 milyardlıq oğurluğun arxasında İlham Əliyev durmursa…
AXCP sədri Əli Kərimli 3 milyardlıq korrupsiya ilə bağlı hakimiyyət nümayəndələrinin bəyanatlarına feysbuk səhifəsində münasibət bildirib:
“Yeri gəlmişkən, “The Guardian”ın ifşa etdiyi 3 milyard dollarlıq “qara kassa”dan pul alan şəxslərdən biri də prezidentin mətbuat katibi Azər Qasımovdur. İndi həmin Azər Qasımovun rəhbərlik etdiyi Prezidentinin Mətbuat Xidməti “The Guardian”da yayılmış araşdırma ilə bağlı “sərt” açıqlama verib: “Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.”

Yaxşı, tutaq ki, biz də olduq sadəlövh, araşdırmaçı jurnalistlərin ortaya qoyduğu faktlara, konkret bank köçürmələri haqda olan minlərlə sənədə, pulun köçürüldüyü bankın etirafına yox, sizə inandıq, daha doğrusu, inanmaq istədik. Prezident və onun ailəsinin bu işdə iştirakı yoxdursa, İlham Əliyev xalqın 3 milyard dollarının (5 milyard manat), büdcəmizin üçdə biri qədər olan vəsaitin ölkədən çıxarılmasına, həm də dövlət bankı olan Beynəlxalq Bank vasitəsilə çıxarılmasına niyə göz yumub? Kimdir o “oğru” ki, ölkənin bir parçasını oğurlayıb, aparıb qoyub xaricdəki saxta şirkətlərin hesabına? O 3 milyardlıq oğurluğun arxasında duran hansı korrupsionerdir ki, baş nazirin 1-ci müavininin xaricdə müalicəsini, ölkənin AB-dəki səfirini maliyyələşdirib? Kimdir bu naməlum şəxslər?

Yaxşı, yenə də xoşgörülü olaq, inanaq ki, o oğurluğun arxasında hakim ailə dayanmayıb, dövlət rəhbərliyi, hüquq mühafizə orqanları sadəcə avam və bacarıqsız olub, “fil qulağında yatıb”, hansısa korrupsionerlər də onları aldadıb, 3 milyard dolları oğurlayıb aparıblar ölkədən. Bəs bu halda nəyə görə “The Guardian”ı söyürsünüz? Jurnalistlərə minnətdar olun, onlar Azərbaycanın oğurlanmış 3 milyard dollar sərvətini tapıblar, oğruları tapıb, onların cəzalandırılması, oğurlanan pulların ölkəyə qaytarılması üçün niyə tədbir görmürsünüz? Necə olur ki, “Azadlıq” qəzetində 2001-ci ildə getmiş 2 manatlıq elanın 8 qəpiklik vergisinin ödənilib-ödənilmədiyini araşdırırsınız, ancaq bu 3 milyardın oğurlanması sizi narahat etmir? Həmin “oğru” İlham Əliyevdən daha səlahiyyətli şəxsdir? Xalqın oğurlanmış 3 milyard dollarını niyə geri qaytartdırmırsınız?

Gedin bu suallara cavab axtarın. Hakimiyyətin ən bəyənmədiyim cəhəti odur ki, xalqı avam, qanmaz yerinə qoyur. Kimi ələ salırsınız? Yox bir, ölkədən çıxarılan milyardların bunlara aidiyyatı yox imiş. 3 milyardlıq “maliyyə xəyanətinə” görə rejim istənilən məmurun dərisini boğazından çıxardardı. Xalqı aldatmaq sizin düşündüyünüz qədər asan deyil”.
Source : Nur.az.com
Comment