Çili diktatoru Pinoçet deyirdi ki, “əgər mən hərəkətə gətirməsəm, ölkəmdə bir yarpaq belə qımıldamaz”. Ölkəsində keçmişə dair yazılı hər şeyi yandıran Çin diktatoru Mao isə deyirdi ki, “artıq kitab oxumaq zərərlidir”. Adamyeyənlikdə ittiham olunan Uqanda diktatoru İdi Amin isə “insan əti yemirəm, çünki adama duzlu gəlir” deyirdi. Boşnak qəssabı olaraq tanınan Serbiya diktatoru Radovan Karadziç də “haydı, şəhərlərə enib sərsəriləri öldürək” sözləriylə adını tarixə yazdırıb. Sonunda qazancları nə olub? Sürgün, güllələnmə, dar ağacı və ya ömürlük həbs. Yəni bütün diktatorların taleyi kimi. Yəni bunlara qədər böyük tiranlar hansı sonluğu yaşamışdılarsa, bunlar da o sonluğu yaşayıb. Kimsənin etdiyi cəlladlıqlar cəzasız qalmayıb. Kimsə törətdiyi qanlı əməllərdən yayınıb özünü təmizə çıxara bilməyib. Çıxara bilməzlər də. Çünki totalitar düşüncələr yalnız tarixin qara səhifələrini yaza bilir və sonda yerləri də elə tarixin zibilliyi olur…
İndi bizim ölkədə də bu qaranlıq tarixi yaşamış xalqların tarixinkinə bənzər şeylər baş verir. Ölkənin başında duran birinci şəxs deyir ki, bizim xalqın öz mentaliteti var və onunla başqa dildə danışmaq olmaz. Yəni bu xalqın zordan, qamçıdan, dəyənəkdən başqa dili yoxdur. Dinənin təpəsinə vur, ağzını yum, qolunu qandalla at içəri. Bu “qara camaat”a üz vermək olmaz yəni. Kimsə cızığından çıxmasın, cınqırını çıxarmasın, sözümün üstünə söz deməsin. Burda qanun da, divan da, padşah da mənəm. Amma padşah da elə bir nəfər olsa barı. Hər rayonun, hər bölgənin öz padşahı var. Bu padşahların da yerli ənənələrə uyğun qayda-qanunları. Hər biri də öz çevrəsini qohum-əqrəbaları ilə hasarlayıb oturub. Mal-mülkləri, var-dövlətləri də bir-birindən geri qalmır. Bir-biriylə sərvət yarışına çıxanları da var. İmarətlərinin sayı, pul hesabları, övladlarının maşın kolleksiyaları ilə bəhsə girib, xalqa qan qusdururlar. Və bütün bu adamların leksikonunda ən ironiya ilə işlətdikləri kəlmə hansıdır, bilirsiniz? “Xalq” kəlməsi. Yəqin ona görə ki, qarşılarında onlarla hesablaşacaq xalq olmadığını görürlər. On illərdir həddini aşan və dayanılmaz şəkil alan özbaşınalıq da bundan irəli gəlir elə.
Xalq hardadır? Həqiqətən, bu sual məni son vaxtlar çox düşündürür. Bu qədər haqsızlığa göz yummağı necə bacarır bu insanlar? Az qala hər gün yaxından, uzaqdan, çevrədən, qonum-qonşudan günahsız insanların qoluna qandal vurulub aparılmasına necə susa bilirlər? Yoxsullaşan, işsizləşən, yetimləşən ölkənin halına necə seyrçi qala bilirlər? Başlarına gətirilən bunca müsibətlərə necə dayana bilirlər? Bunca yazıqlaşmağı necə sığışdıra bilirlər özlərinə? Bir şey də xatırladım. On minlərlə adamın ölümünə səbəb olan Çin diktatoru Mao, bir də bilirsiniz nə deyirdi? Deyirdi ki, “ölümlərin nə xeyri var” soruşursunuz, ən azı torpaqlar gübrələnir”. Xəbəriniz var ki, siz indiki halda bu ölkənin başında oturanlar üçün “gübrə”yə bənzər xammaldan başqa bir anlam kəsb etmirsiniz? Bilmirsinizsə, xəbəriniz olsun, dedim. Elə sözgəlişi dedim. Bilməniz yaxşıdır, sadəcə.