Heç bir ölkədə vətəndaşa qəpik-quruş verib, qiyməti 50 faiz artırmırlar
Story Code : 653872
Əzəmətli hökumətimiz növbəti dəfə vətəndaşa “sürpriz” etmək qərarına gəldi. Yenə də gecəyarı benzinin qiyməti qaldırıldı. Təbii ki, bu “gecə əməliyyatı” gündüz bütün məhsulların qiymətinə “vitamin” vuracaq. Yenidən bahalaşma dalğası başlayacaq və Azərbaycan xalqı 116 manat minimum əməkhaqqıyla yaşamağın yeni modellərini ixtira edəcək.
Həmişə olduğun kimi bu dəfə də qiymət artımının heç bir iqtisadi əsaslandırması yoxdur. Həm “dünyanın hər yerində benzin bizdən bahadır” arqumenti zibilə dönür, həm də “neftin qiyməti qalxıb” sayıqlamaları fıs çıxıb.
Çünki, benzinin baha olduğu ölkələrdə orta aylıq əməkhaqqı Azərbaycandan 3-5 dəfə yüksəkdir. Yəni, heç bir ölkədə vətəndaşa qəpik-quruş verib, qiyməti 50 faiz artırmırlar. Eyni zamanda indi neftin qiyməti də əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşüb.
Bir sözlə, qiymət artımının əsas səbəbi səriştəsiz və səmərəsiz idarəçilik, korrupsiya, dövlət əmlakını ata malına çevirməkdir. SOCAR xarici borc yükünü artırıb, mənasız tədbirlərə sponsorluq edib, xarici qonaqlara bahalı hədiyyələr alıb, SOCAR rəhbərliyində təmsil olunan adamlar Ankaradan tutmuş, Mayamiyə qədər villalara sahib olub və həmişəki kimi hesabı xalqa ödətdirmək qərarına gəliblər.
Bir neçə gün öncə Nazirlər Kabinetinin təntənəli iclası keçirildi, çıxışçılar ölkədəki inkişafın qol-budağını yığışdıra bilmədilər, vətəndaşa qayğının sədaları buludlara dəydi və.s Ölkə başçısı da ərz etdi ki, qiymətlər sabitləşib, qiymət artımı müşahidə olunmur. Və həmişəki kimi süni qiymət artıranlara, natəmiz adamlara kreativ formada barmaq silkələdi, harın məmurlara virtual şəkildə xəbərdarlıq etdi.
Amma iclasın cənnət vəd edən ab-havası başımızdan dağılmamış, yeni qiymət cəhənnəminə düşdük. Ölkə başçısının “natəmiz” adlandırdığı qiymət dəllalları “təmiz əməliyyat” həyata keçirdilər. Əlbəttə, bu “əməliyyat”ın ardınca bütün sahələrdə natəmizlərin təmiz əməliyyatları davam edəcək. Həm də süni şəkildə deyil, təbii şəkildə qiyməti artıracaqlar.
SOCAR Avropalı futbolçuların qapılara yaxşı qol vurması üçün xərclədiyi milyonların qisasını, vətəndaşın qapısına qol vurmaqla alır. Deməli, 5 milyarddan artıq xarici borcu olan qurum hamıya atalıq eləyir və nəticədə qiymətləri qaldırmaqla vətəndaşın atasına od qoyur.
Yedilər, dağıtdılar, milyonları havaya səpdilər və boşluğu doldurmaq üçün qiymət artımına getdilər. Bizim analoqsuz hökumətimiz islahatın yalnız “qiymət artırma modeli”ni bilir. Komanda bir masa ətrafına yığışır və sadə vətəndaşın cibinə qirmək qərarı verilir. Bütün günahlar da “Tarif Şurası” adlanan qurumun boynuna yazılır. Halbuki, Azərbaycanda bütün şuraların özünə aparatdan qiymət qoyurlar.
İndi bir neçə hökumət sözçüsü AzTv-də dirsəklənib, qiymət artımının zəruri olduğunu, vətəndaşa təsir etməyəcəyini sübut etməyə çalışacaqlar. Bu sahənin mütəxəssislərinin ” qiymər artımı üçün heç bir əsas yoxdur” açıqlaması isə erməni dəyirmanına tökülən su kimi qiymətləndiriləcək.
Xülasə, yağlı bir müşavirə keçirmək lazımdır. Bütün məhsulların qiymətinin qalxacağı məqamda, yumurtanın qiymətini endirməklə yeni uğura imza atmaq olar. SOCAR isə dünya çempionatına sponsorluq etməyə hazırlaşsın. Vətəndaşın boş qalmış qapısına top vurmaqla, xərclədiklərinin əvəzini çıxarlar./azadlıq/