0
Thursday 6 July 2017 - 17:48

İki yaşlı Zəhra və qisas tələbi

Story Code : 651805
İki yaşlı Zəhra və qisas tələbi
Əvvəla körpə balanın valideynlərinə Allahdan səbr diləyirik. Özünə gəldikdə isə onsuz da bu körpə bala Allahın rəhmətinə qərq olub, dünyadan günahsız gedib.
Deyilənə görə körpə dəqiq olaraq 18 aylıq idi. Allah-Təala onu 18 yaşında şəhid edilmiş Xanım Zəhra (s.ə) ilə məşhur etsin.
İkincisi onu demək istəyirəm ki, Allah sonsuz hikmət və elm sahibidir. Bəlkə də Allah-Təala olub-bitənlərdən sonra bizə xəbərdarlıq edir. Elə iki gün öncə Allahın evi gözümüzün qabağında söküldü. Həmin gün ruhani, Allah adamı Şeyx Sərdar həbs edildi. Yaxşı, lap deyək ki, məscid söküntüsünü faciə hesab etmir, əvəzinə yenisi və daha genişi tikildiyi üçün sevinirsiniz. Bəs yaxşı ruhaninin həbsinə niyə səsiniz çıxmır?
Efirdəki kanalları demirəm, onsuz da onlar və ora çıxan əxlaqdan kəsad adamlar dolayısıyla elə ermənilərə xidmət edirlər. Hərçənd, ermənilərin öz televiziya kanallarından xəbərim yoxdur. Bilmirəm onlar da öz kanallarını telekanalizasiya adlandırır, ya yox. Amma hər halda işğalçı Ermənistan bizim zəifləməyimizi istəyir. Kanallar da mənəviyyat öldürməklə xalqı gündən-gündə zəifədirlər. Bu səbəbdən elə ermənilərin dəyirmanına su tökürlər.
Sosial şəbəkələrdə insanlar isə 18 aylıq Zəhranın qisasını tələb edir. Çox güman ki, bu hadisədən təkcə dindar deyil, hətta dinsiz də narahatdır. Təkcə dindarın qəlbi yoxdur ki, hətta dinsiz də ürək sahibidir və sarsıdıcı hadisədən sarsılır. Amma təəssüf ki, bu xalqın birliyi yoxdur. Amma burada yaddan çıxan bir incəlik var. Bu dünyanın zülmlərinə etiraz etməkdə dindar yüz faiz qeyri-dindardan fərqlənir. Vaxt var idi, qeyri-dindar, lap elə dindən qaçan təbəqə dindar təbəqədən “səhv tutub” deyirdi ki, siz nə üçün hicab qadağalarına etiraz edib küçələrə çıxırsınız, amma məsələn xalq rüşvətdən əziyyət çəkərkən siz etiraz etmirdiniz. Amma elə rüşvət hadisəsi də, bu hadisə də bir daha göstərir ki, dindarlar bu vəziyyətlərdə də etiraz edirlər. Amma dindarla, qeyri-dindarın fərqi budur ki, dindar dini və qeyri-dini bütün nahaqlara etiraz edir, amam qeyri-dindar təəssüf ki, din dərdi çəkmir. Çəksəydi onları məscidlər söküləndə, ruhanilər həbs ediləndə etiraz edən görərdik. Çünki həbs edilən fərq etməz ruhanidir, ya qeyri-ruhani, nahaqdan həbs edilibsə gərək xalq bu işin faillərini qınasın. Xalqın isə dindarlı, dinsiz birliyi yoxdur. Belə bir xalqın dünya birliyindən ədalət gözləyib “dünya birliyi hələ də bu ədalətsizliyə dözür” deməsi çox təəccüblüdür. (Hərçənd biz dünya birliyindən daha pisik. Çünki heç olmasa onun birliyi var, bəs biz?)
Diqqət çəkmək istədiyim bir məsələ ondan ibarətdir ki, görəsən xalq Azərbaycanın idman meydanlarında ermənilərə qalib gəldiyinin və döyüş meydanlarında isə məğlub olduğunun fərqinə varıbmı? Nə üçün biz beynəlxalq turnirlərdə ermənilərə qalib gəlir, amma döyüş meydanlarında uduzuruq? Bunun sirri nədir? İndi biz bu vəziyyətdə güclüyük, yoxsa zəif. Yoxsa bütün diqqəti idmana yönəldirik, döyüş, torpaqlar, qisas yaddan çıxır? Erməni isə bunun əksini edir. Deyir təki mənim xalqım idman arenalarında uduzsun, təki döyüşdə qalib olsun. Bəs bu qədər medal qazanan, erməniləri idaman zallarında məğlub edən oğullarımız varkən, biz niyə hələ də 18 aylıq körpəni şəhid veririk?
Camaat isə İlham Əliyevdən döyüş əmri və qisas almasını gözləyir. Təbii ki, ondan qisas almasını tələb edənlər siravi insanlardır, vəzifəcə Prezidentdən aşağı insanlardır. Amma unudurlar ki, İlham Əliyev heç də hamıdan böyük deyil. Ondan böyüklər var və onun da hesabat verdiyi beynəlxalq qurumlar var. Qisas işini bu insanların Azərbaycana sahiblənərkən və beynəlxalq qurumlara üzv olub onların əmriylə oturub-durduğu zaman düşünmək lazım idi. Doğrudur, siz bekarçılqıdan sosial şəbəkədə bu cür hay-küy salmırsınız, sizin qəlbiniz yanır. İnanırıq. Amma İlham Əliyevin hesabat verdiyi “yuxarıların” heç zaman sizə və sizin 18 aylıq köpənizə yazığı gəlmir. Qəlbləri də yanmır. Çünki olmayan bir şeyin yanması mümkün deyil.
Yadıma Gürcüstanın keçmiş Prezidenti Eduard Şevarnadzenin prezidentlik vəzifəsini bitirdikdən sonra lap qoca vaxtlarında ANS-in prezidenti Vahid Naxışa verdiyi müsahibədən bir parça düşdü. Şevardnadze deyir bir dəfə mən Heydər və Əbülfəs Əliyevlərlə birlikdə idim. Heydərlə Əbülfəsin arasında kiçik bir mübahisə yarandı. Əbülfəs Əliyev tələb edirdi ki, müharibəyə başlanılsın. Heydər Əliyev isə ondan soruşurdu ki, məgər sənin ordun var? Ordun varsa, məgər sənin silahın var?
Bu sözlərdən məlum olur ki, o zamanlar Heydər Əliyev ordunun, silahın yoxluğundan müharibə etmək istəmirdisə də, bu gün onun oğlu fərəhlə ordumuzun potensialından danışır. Və ordunun gücü üzərindən öz hakimiyyəti üçün alqış qazanmağa çalışır. Çünki xalqa ordunu gücləndirmək nağılları danışırlar. Əgər belədirsə, nə üçün Heydər Əliyevdən fərqli olaraq İlham Əliyev döyüş əmri vermir? Axı bu gün onun dediyi kimi Azərbaycan ordusu Qafqazın “ən güclü ordusu”dur. Bəs hanı gücünüz? Xalq anlamlıdır ki, bu gün müharibələrdə insanı güc, ordu deyil, siyasət qalib edir. Siyasət o qədər güclüdür ki, orduları yerində oturtmağa qadirdir. Necə ki, beynəlxalq təşkilatların, daha dəqiq erməni diasporasının yürütdüyü siyasət Azərbaycan ordusunu yerində oturtmağa qadirdir. Bizimkilər isə hələ də Heydər Əliyevin güclü siyasətçi olmasından dəm vururlar.
Source : Nur-az.com
Comment