İlham Əliyev özü niyə zəhraların taleyinə göz yumur?!
Story Code : 651799
Zümrüd Yağmur
Artıq neçə gündür hər kəs balaca Zəhranın qətlindən danışır. Doğrusu belə hallarda nəsə yazmaq bir az ağır olur, bu cür ağır hadisəyə görə hansı sözü işlədəsən ki, acının mahiyyətini ehtiva edə bilsin düşünüb sanki bütün sözlərdən küsürsən. Onların kiçikliyini, yaşanan acı, kədərin bütün detallarını təsvir etməkdəki acizliyini sözlərin üzünə çırpıb susmaq istəyirsən. Amma susmaq da içini yandırır və sən yenidən o küsdüyün, içində öldürdüyün cümlələrə can verib onlara sarılmağa vadar olursan. Zəhra körpənin ölümü mənə bir neçə il öncə ölkəsindəki cəhənnəmdən qaçmaq istəyərkən dənizin amansızlığına qurban getmiş, daha sonra sanki onun cansız bədənini dünyanın qara üzünə vurmaq üçün dənizin də sahilə atdığı, bütün dünyadan üz döndəribmiş kimi üzünü islaq qumlara basmış suriyalı Aylan bəbəyi xatırladım. Əslində, mübaribələrdə ölən körpələrin nə dini, nə də milli mənsubiyyəti var məndən ötürü, onların mənsub olduğu bir şey var ancaq…. Məsumiyyət… Və nə yazıq ki, dünya məsumluğu öldürən yerdi… Zəhra da, Aylan da böyüklərin oynadığı “müharibə-müharibə” oyununa qurban getdi. Özünü ağıllı sayan, uşaqlara “sən kəs, balacasan” deyənlərə bəlkə öz ölümləri ilə dərs vermək, onların bu savaşları kəsməsi üçün özlərini atəşə, amansız dənizə atdılar. Amma kiçiklərə “kəs səsini” deyən böyüklər nə savaşı kəsəcək, nə də böyüklük etmək iddiasından əl götürəcək. *** Dünyanı körpələrə buraxın. Onları udan dənizlərin sahilində çərpələng uçursunlar. Dünyanı körpələrə buraxın… Ona tuşlanan avtomatı oyuncaq zənn edib onu gəlincik kimi güllü parçaya büküb laylay çalsın… Buraxmarıq Çünki böyüklər silah satıb zəngin olmalıdır. Bir də böyüklər siyasət dedikləri o əxlaqsız oyunlarını oynayıb özünü güclü hiss etməlidir. *** Bəz Zəhranın ölümü nəyi dəyişdi? Nəyi tərpətdi bizim ürəyimizdə? Zəhranın üzündəki o qıpqırmızı qan bizim vicdanımıza və cəsarətimizə qara ləkə kimi yapışırkən biz nədən imtina etdik? Laqeyidlikdən, qorxudan, biganəlikdən, nədən? Yox, biz yenə susduq. Biz yenə İlham Əliyevin “dünya bu ədalətsizliyə göz yummamalıdır” deyə yazdığı facebook statusunun boy- boy qəzetlərdə yer aldığını gördük. Ölkə prezidentinin dünyanı ədalətə dəvət etdiyini gördük və susduq. Cəsarətimiz çatmadı ki, ondan soruşaq, bəs siz niyə ölkədə elə sizin komandanızı yaratdığı, yüzlərlə Zəhranın qarşılaşdığı ədalətsizliyə göz yumursunuz? Bu ölkədə neçə Zəhranın atası işsizdir?! Neçə Zəhra gecələr ac yatır?! Neçə Zəhra adi tibbi xidmətdən istifadə edə bilmədiyinə görə əziyyət çəkir?! Bu ölkədə neçə Zəhranın atası şərlənib həbs olunub?! Neçə Zəhra diriykən ölü kimidir bu ölkədə?! *** Mən də eyni şəkildə soruşram. cənab prezident, siz niyə bunlara göz yumursunuz?! P.S Kimsə məni cavabını bildiyim sualı verdiyimə görə qınamasın.