0
Thursday 8 June 2017 - 03:01

Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri saymaq olarmı (4-cü h

Story Code : 644142
Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri saymaq olarmı (4-cü h
Tarix boyu bəzi hadisələr var ki, bir insanın, xalqın həyatında, mənəviyyatında dərin izlər buraxır. Bu hadisələr zamanın ötüb keçməsiylə belə yaddaşlardan silinmir. Üstəlik nəinki yaddaşlardan silinmir, hətta həmin xalq tərəfindən zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusiylə də bir xalqın tarixində bu kimi hadisələrin baş verməsi daha çox diqqət çəkən və araşdırma tələb edən məsələlərdəndir. Məsələn, Azərbaycan xalqının tarixində baş vermiş və erməni məlun Stepan Şaumyanın başçılığı ilə həyata keçmiş 31 Mart qanlı soyqırım hadisəsi heç zaman Azərbaycan xalqının yaddaşından silinmir, hər il bu hadisənin il dönümü keçirilir. Hətta dövlət səviyyəsində bu barədə təbliğat aparılır, həqiqətlər dünyaya çatdırılır.
Bu minvalla bir xalqın ümummilli lideri, ulu öndəri, mənəvi atası, rəhbəri adına layiq görüləcək şəxsin həyatında baş verən hər hansısa bir hadisə də həmin xalqın nəinki yaddaşından silinmir, üstəlik - əgər belə demək mümkündürsə - xalqın sonrakı həyatına da təsir edə bilir. Üstəlik, bu hadisələr xalqın mənəvi lideri, atası, ulu öndəri adına layiq görülən şəxsin bu məqama layiq görülməsində xüsusi rola malikdir. Yəni, ulu öndər, mənəvi ata və rəhbərin həyatındakı bu kimi taleyüklü hadisələr nəzərə alınaraq həmin şəxsə bu status verilir. Çünki bu hadisələr həmin şəxsin həyatındakı parlaq və şanlı hadisələrdir. Məsələn, zalım imperiyanın zülmü altında inləyən bir xalqı azadlığa çıxaran, yaxud xarici dövlətlərin müstəmləkəsinə məruz qalmış bir ölkəni müstəqil edən bir şəxsin müsbət fəaliyyətləri sadalanarkən bu hadisələr xüsusiylə qeyd edilir, çünki bu hadisələr onun liderliyə aparan yoldakı bütün maneələri aradan qaldırır.

Heydər Əliyevin həyatındakı silinməz ləkələr

Qeyd edilməlidir ki, müsbət hadisələr təsirli olduğu qədər mənfi hadisələr də öz təsirini qoymamış deyil. Başqa sözlə desək müsbət fəaliyyətlər, tarixin şanlı səhifələri nə qədər bir xalqa, mənəvi liderə üstünlüklər, imtiyazlar qazandırırsa mənfi hadisələr də bir o qədər onu hörmətdən salır, onun barəsində mənfi fikir formalaşdırır. Siyasi tərminlə desək onun siyasi imicinə ciddi zərbə vurur. Hətta, mənfi hadisələr daha böyük təsirlərə malikdir. Bu mənada Heydər Əliyevin siyasət və Azərbaycan rəhbərliyində olduğu tarixi nəzərdən keçirdikdə bəzi hadisələrlə qarşılaşırıq ki, ümumi prizmadan baxdıqda bu hadisələr onun üçün silinməyən ləkədən başqa bir şey deyildir. Üstəlik, əminliklə qeyd edə bilərik ki, bu hadisələr hətta onun mənəvi lider, xalqın ulu öndəri adına layiq görülməsi yolunda bir maneədir. Təbii ki, bu hadisələr barədə ətraflı danışmaq imkanlarımız xaricindədir. Zatən xalq da bunu çox gözəl bilir və xalqın özü bu hadisələrin canlı şahididir. Amma, söz düşmüşkən bu hadisələrdən bir-ikisini qeyd etmək yerinə düşərdi. Nə üçün bir-iki hadisə? Ona görə ki, nəinki iki hətta bir hadisə belə qeyd etdiyimiz kimi bir siyasətçinin, o cümlədən qurduğu hakimiyyət tərəfindən Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri kimi xalqa zorla sırıdılan Heydər Əliyevin həyatında silinməz ləkəyə çevrilib.

Öndərləri rus olmuş şəxs Azərbaycan xalqına ulu öndər ola bilərmi?

Bildiyimiz kimi Heydər Əliyev siyasətə Sovet hakimiyyəti zamanı gəlib və tez bir zamanda bu imperiyada bir çox vəzifələrə yiyələnmişdir. Sovet imperiyasının isə məlum olduğu kimi təməli ruslar tərəfindən qoyulub və bu imperiyanın qurucusu, öndəri rus əsilli Lenindir. Bundan əlavə Sovet imperiyasının tarixinə nəzər saldıqda görürük ki, bu imperiya var olduğu müddətdə imperiyaya ya rus əsilli katiblər, ya da qeyri-rus əsilli olsa da ruslaşmış, rus imperiyasının maraqlarına xidmət etmiş, başqa sözlə desək Leninin xəttinin davamçıları rəhbərlik etmişdir. Hətta diqqət etmisinizsə bu günkü YAP hakimiyyəti Heydər Əliyevdən danışarkən onun Sovet hakimiyyətinin rəhbərliyinə gedən yolda tək maneəsinin onun rus əsilli olmaması və müsəlman ölkələrinin birinə mənsub olduğu göstərilir. Mövcud hakimiyyət çəkinmədən bildirir ki, Heydər Əliyev Sovet hakimiyyətini idarə edə biləcək qədər böyük bir dahi idi, amma rus olmadığı üçün, müsəlman bir millətin içindən çıxdığı üçün o Sovet imperiyasının rəhbəri ola bilmədi.
Bundan əlavə hamımız gözəl bilirik ki, Heydər Əliyev haqqında danışanlar onun siyasətdə rus tərbiyəsi görməsini qeyd edirlər. O, general, çekist olub və onu sovet hakimiyyəti yetişdirib.
Bu da qeyd edilməlidir ki, Heydər Əliyevin Sovet zamanı Azərbaycan SSR-da birinci katib olduğu vaxtlarda bütün SSRİ-nın rəhbəri Brejnev idi. Bu isə o deməkdir ki, Heydər Əliyev Brejnevin əlinin altında işləyən bir adam olub. Bu isə o deməkdir ki, Heydər Əliyevin rəhbəri, öndəri, lideri bir rus olub. Nəinki təkcə Brejnev hətta ondan əvvəl gəlmiş bütün sovet rəhbərlərini Heydər Əliyev özünə öndər və rəhbər bilib. Belə bir insan necə ola bilər Azərbaycan xalqının ulu öndəri, ümummilli lideri olsun. Bir halda ki, Azərbaycan xalqı rus deyil. Rus rəhbərləri özünün öndərləri hesab edib onların əlinin altında işləyən bir şəxs Azərbaycan xalqına ulu öndər olmağa layiqdirmi?

Öndərləri və özü kommunist olmuş bir şəxs müsəlman bir xalqa ulu öndər ola bilərmi?

Azərbaycan xalqı müsəlman xalqdır. Bu xalq daim öz dininə sadiq qalıb, sovet hakimiyyətinin hətta repressiyalı dönəmlərində dinini qoruyub saxlamağı bacarmışdır. Bu gün də Azərbaycan xalqı öz dinini sevir, müdafiyə edir, dünyada müsəlman xalqların sırasında yer almaqdadır. Bu xalqa lider, ulu öndər olan şəxs elə bir insan olmalıdır ki, o tarix boyu özünün müsəlman olmasıyla yaddaşlarda qalmış olsun. Siz təsəvvür edə bilərsinizmi ki, şüarı dinsizlik, kommunizm, marksizm, engelizm, leninizm olan bir dövlətdə - sovet dövlətində hansısa müsəlman rəhbər başçılıq etsin? Bu mümkün olan bir şey deyildir. Həmçinin təsəvvür edə bilərsinizmi ki, bu gün Azərbaycan xalqının prezident seçkisində hansısa bir kommunist, yaxud qeyri-müsəlman şəxs seçkilərdə qalib olub müsəlman xalqın prezidenti olsun? Belə bir şey təsəvvür olunmazdır. Çünki dininə sadiq qalan heç bir müdrik xalq öz dinini dinsizlərə həvalə etməz. Bəs necə olur ki, müsəlman bir xalqın sıradan bir prezidenti dinsiz, yaxud başqa dinin mənsubu ola bilmirsə bu xalqın ulu öndəri olduğu iddia edilən şəxs vaxtiylə kommunist olan bir insan olur? Bildiyimiz kimi Heydər Əliyev Sovet zamanında kommunist olub, ən azından dinsiz olduğunu iddia edə bilməsək də vəzifədə qalmaq naminə kommunist partiyasının sıralarına qatılıb və bu partiyanın rəhbəri olub. Bu isə o deməkdir ki, Heydər Əliyev Azərbaycanda nə qədər kommunist olubsa onların rəhbəri, öndə gedəni, birinci şəxsi olub. Özü də o bu işlərə ruslar tərəfindən cəlb edilib. İndi öz imanını, dinini rusların əmriylə özü də vəzifəyə xatir kommunizmə satan bir insan necə olur müsəlman bir xalqın ulu öndəri hesab edilir?

Erməni qatili mədh edən bir şəxs Azərbaycan xalqına ulu öndər ola bilərmi?

Heydər Əliyevin həyatında baş vermiş, xəcalət gətirən və hazırkı iqtidar tərəfindən ört-basdır edilən başqa bir hadisə onun 20-ci əsrin əvvəllərində soyqırım törətmiş erməni qatil, qaniçən Stepan Şaumyanın 100 illik yubleyinə həsr edilmiş tədbirdə etdiyi saxta nitqdir. Bildiyimiz kimi 31 Mart soyqırımını törətmiş quldur dəstənin başçısı Stepan Şoumyan olub. Stepan Şaumyan 1878-ci ilin 13 oktyabr tarixində doğulub. Yüz il sonra yəni 1978-ci ilin 11 oktyabr tarixində Stepan Şaumyanın 100 illik yubleyinə həsr edilmiş tədbirdə çıxış edən o zamanın Azərbaycan SSR KP MK 1-ci katibi Heydər Əliyevin tədbirdəki çıxışından bəzi xəcalətamiz məqamlara diqqət edək: “Stepan Şaumyanla birlikdə onun mübariz dostları və silahdaşları Məşədi Əzizbəyov, Alyoşa Caparidze, İvan Fioletov, 26 Bakı komissarının 26-sı da əbədiyyətə qovuşmuşdur. Xahiş edirəm inqilabçı mübarizlərin əziz xatirəsini yad etmək üçün ayağa qalxasınız... Stepan Şaumyan öz iti zəkası ilə, məsələləri dərin təhlil etmək, hadisələrin mahiyyətinə nüfuz etmək və onların bütün dialektik qanunauyğunluğunu görmək kimi heyrətamiz bir istedadı ilə fərqlənirdi... Son nəfəsinədək böyük məqsədə xidmət edən Stepan Şaumyan bu nikbin şüarı bütün nəcib həyatı boyunca özünə bayraq etmişdi (Alqışlar)... 1907-ci ilin iyunundan Stepan Georgiyeviçin inqilabi fəaliyyətinin Bakı dövrü başlandı. Tale onu neft şəhəri ilə möhkəm bağladı… 1918-ci ilin martında müsavatçılar Sovet hakimiyyətini boğmaq niyyəti ilə Bakıda antisovet qiyam qaldırdılar. Bolşeviklərin qəti və möhkəm tədbirləri sayəsində qiyam yatırıldı…Stepan Şaumyan hər cür millətçilərə – müsavatçılara, daşnaqlara və menşeviklərə qarşı barışmaz və amansız mübarizə aparırdı… Stepan Georgiyeviç Şaumyanın nəcib obrazı Azərbaycan zəhmətkeşlərinin bütün nəsilləri üçün ruhlandırıcı timsaldır (Gurultulu alqışlar)… Bu gün biz iftixar və məhəbbət hissi ilə deyirik ki, erməni xalqının böyük oğlu Stepan Şaumyan həm də Azərbaycan xalqının, bütün Zaqafqaziya xalqlarının, bütün çoxmillətli və vahid sovet xalqının oğludur (Gurultulu, sürəkli alqışlar)…”
Vicdanımızın səsinə qulaq verib bu həqiqətlər barədə düşünməliyik. Azərbaycan xalqına soyqırım törətmiş Stepan Şaumyanı bu cür mədh edən heydər Əliyev nə haqla sonradan həmin xalqa zorla ümummilli lider, ulu öndər kimi sırıdılır. Nə Heydər Əliyev bunu haqq edir, nə də Azərbaycan xalqı bu zülmə razı deyil.

YAP hakimiyyəti və yaltaq zümrə bütün bunlardan xəcalət çəkdiyi üçün danışmır

Heydər Əliyevin bu xəcalət gətirən əməlləri hətta hazırkı YAP rəhbərliyinin belə xəcalət çəkdiyi məqamlardandır. Fikir vermisinizsə bu gün Heydər Əliyevin qurub oğlu İlham Əliyevə ötürdüyü hakimiyyət rəsmi olaraq 31 Mart soyqırım günündə soyqırım törədən qatilləri lənətləyir, Stepan Şaumyanı pis qələmə verir, amma bir zamanlar ulu öndərlərinin etdiyi xəcalətamiz işi – Şaumyanın yüz illik yubleyində onu mədh etməsini hər fürsətdə gizlədirlər. Həmçinin onun rus öndərləri özünə mənəvi lideri, öndər bilməsini, bir zamanlar kommunstlərin başı olmasını, Azərbaycan ərazilərini işğal edən bir imperiyaya əlaltı olmasını hər fürsətdə ört-basdır etməyə çalışırlar. Çünki bütün bunlar bir rejimə xəcalətdən savayı heç nə gətirmir.
Bu sətirlərə diqqət edin: İnanın ki, ləkə olaraq tarixin səhifələrinə qeyd olunmuş bu hadisələr Heydər Əliyevə həqiqətdə bir başucalığa gətirsəydi mütləq hazırkı hakimiyyətin, xüsusən birbaşa İlham Əliyevin diktəsi ilə oturub-duran kanallar bütün günü ancaq xəcalətdən ibarət olan bu tarixi təbliğ edərdi. Kanallardan əlavə YAP hakimiyyətinə yaltaqlanan bütün zümrələr bu barədə ağız dolusu danışardı. Amma, onların susmaları bir daha sübut edir ki, Heydər Əliyevin həyatı xəcalətdən başqa bir şey deyil.

Ardı var
Source : Nur.az.com
Comment