0
Saturday 3 June 2017 - 16:17

Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri saymaq olarmı? (2-ci hissə)

Story Code : 642783
Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri saymaq olarmı? (2-ci hissə)
Məlum olduğu kimi SSRİ tam dağılmamışdan öncə bir çox ölkələrdə bu zalım hakimiyyət əleyhinə ayaqlanmalar, qiyamlar baş qaldırdı. Artıq bəzi xalqlar öz müstəqilliyini tələb edirdi. Bu xalqların öncüllərindən olan Azərbaycan xalqı da öz müstəqilliyini tələb etdi. Bu məqsədlə Azadlıq Meydanında toplaşan insanlar neçə gün meydandan çıxmayıb öz azadlığını tələb etməsini aləmə car çəkdi. Bu xalq azadlıq arzusu ilə yaşayır və azad olmağı özünün ən vacib məsələlərindən hesab edirdi. 20-ci əsrin əvvəlində qurulan Azərbaycan Demokratik Respublikasının Sovet qoşunları tərəfindən işğal edildiyi gündən həmin günlərə qədər isə Azərbaycanda heç kim Sovet höküməti əleyhinə üsyankar mövqeyi tutub xalqın, ölkənin azadlığı uğrunda çalışmamışdı. İlk dəfə 90-cı illərin əvvəllərində ələ yaxşı imkan düşmüşdü. Bu isə o deməkdir ki, azadlıq üçün təşnə olan bir xalqın tarixində bu səhifələr ən parlaq səhifələrdən hesab edilir. Bu dönəmlərdə kimlər xalqın, ölkənin azadlığı uğrunda çalışdılarsa məhz onlar xalq tərəfindən Milli Azadlıq Hərəkatının liderlərindən hesab edildilər. Bu günə qədər də həmin insanlar anılarkən Milli Azadlıq Hərəkatının liderləri kimi yad edilirlər və bu onların siyasi fəaliyyətlərində müsbət iş kimi qiymətləndirilir.
Milli Azadlıq Hərəkatından əvvəl də, sonra Azərbaycan xalqı öz müstəqilliyini qazanmağa müvəffəq olacaqdısa, bu müstəqillik bir xalqın ikinci müstəqilliyi hesab ediləcəkdi. İkinci dəfə müstəqillik əldə edən bir xalq isə yenidən dövlət quracağı halda bu dövlət Azərbaycan Demokratik Respublikasının varisi elan ediləcəkdi. Üstəlik, xalqın heç bir nümayəndəsi, heç bir hərəkat lideri özünü xalqın rəhbəri, ümummilli lideri hesab etmirdi. Bura savaş meydanı idi və Azərbaycan xalqının azadlığı, dövlətin növbəti dəfə müstəqilliyi uğrunda vətəndaşlar öz liderlərinin rəhbərliyi altında sinələrini qabağa vermişdilər.

Xalqın öndərləri içində Heydər Əliyev yox idi

Milli Azadlıq Hərəkatı illərində kimin nə bacarığı, fədakarlığı var idisə meydanda idi. Azadlıq Meydanı sanki xalqa səslənib, "kimin bu ölkəni qurtarmaq, xalqı azad etmək bacarığı varsa buyurub sinəsini qabağa versin" demişdi. Orada Meydandan xalqa səslənən insanlar artıq xalqın öncülləri kimi qəbul edilmişdi. Belə bir dönəmdə isə xalqın yanında olmaq Heydər Əliyevə qismət olmamışdı.
Heydər Əliyev o zamanlar SSRİ prezidenti Mixail Qorbaçov tərəfindən istefaya göndərilmişdi. Kimlərəsə görə hadisələri Moskvadan izləyir, yaxud idarə edir, kimlərsə görə də hakimiyyətə gəlmək üçün əlverişli fürsətin ələ düşməsini gözləyirdi. Amma hadisələri obyektiv, mövcud rejimin meyarları əsasında deyil, insafla analiz etdikdə görürük ki, bu xalqın çətin günlərində Heydər Əliyev Milli Azadlıq Hərəkatında iştirak etməyib, bu xalqın nəinki ümummilli lideri, ulu öndəri, heç sıradan bir Azadlıq Hərəkatı lideri kimi də adını tarixə yazdıra bilməyib. Bəs burada hansı ulu öndərlikdən, ümummilli lider olmaqdan danışmaq olar?

Hər iki dövrün liderlərinə Heydər Əliyevin münasibəti

Qədim və yeni tarixə nəzər saldıqda mühüm bir məsələ diqqət yayınmamalıdır. Bildiyimiz kimi Azərbaycan ərazisində ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikası qurulmuşdusa, əsrin sonlarında bu dövlət bir daha öz müstəqilliyini əldə etdi. Qeyd etdik ki, Heydər Əliyev ikinci müstəqillik zamanında da Milli Azadlıq Hərəkatında heç bir rola və liderliyə sahib olmayıb. Üstəlik, onun Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri hesab edən mövcud hakimiyyətdən soruşmaq gərək: Nə üçün Heydər Əliyevin zamanında, elə onun yadigarı olduğu hazırkı hakimiyyət zamanında da nə Azərbaycan Demokratik Respublikasının qurucularından, nə də Milli Azadlıq Hərəkatının liderlərindən xəbər-ətər yoxdur. Halbuki Heydər Əliyev qeyd etdiyimiz kimi Naxçıvanda ikən nüfuzundan istifadə edərək Ayaz Mütəllibov hakimiyyətini Məhəmmədəmin Rəsulzadəyə olan biganəliyinə görə açıqca qınayır, amma özü hakimiyyətə gəldikdən sonra isə Ayaz Mütəllibova bu mənada rəhmət oxutdurur. Təsadüfi deyildir ki, Heydər Əliyevin nə prezidentin (Əbülfəs Elçibəy) səlahiyyətlərini icra etdiyi vaxtda, nə Parlament sədri olduğu dönəmlərdə, nə də daha sonra iki dəfə prezident seçildiyi vaxtlarda Məhəmmədəmin Rəsulzadəyə lazımi diqqət göstərməyib. Əksinə bacardıqları qədər onun adını tarixdən silməyə çalışıblar.
Bundan əlavə Heydər Əliyev hakimiyyətə gələn kimi xalqın Milli Azadlıq Hərəkatının liderlərindən olan bütün insanları demək olar didərgin saldı. Bu gün onların harada olduqları, nə işlə məşğul olduqları bilinmir. Halbuki o, Azərbaycan xalqına qiymət vermiş olsaydı əksinə Milli Azadlıq Hərəkatı liderlərinə təşəkkür edər, onların əvvəlki mövqeylərini bir daha bərpa etməyə çalışardı. Amma o, bunu etmədi, bu işin əksini həyata keçirib bütün liderləri ölkədən, vəzifədən didərgin saldı. Onun zamanında bütün liderlər işgəncəyə, həbsə, təzyiqlərə məruz qaldılar, vətən xayini, dövlət, xalq düşməni elan edildilər. Bunlara misal olaraq Elçibəy ev dustağı edildi, Rəhim Qazıyev, Bozqurd İsgəndər Həmidov, o zamanlar gənc yaşlarında xalqın ümid yerlərindən birinə çevrilən Nemət Pənahov həbs edildilər, Etibar Məmmədov, İsa Qəmbər kimi insanlar siyasətdən tamamiylə uzaqlaşdırıldılar. Rövşən Cavadov kimi xalq qəhrəmanları gündüz-günorta vaxtı hökümət qüvvələri tərəfindən birbaşa Əliyevin əmriylə güllələndi. Üstəlik bu haqsızlıqlar bu gün də Heydər Əliyevin yadigar qoyduğu hakimiyyət tərəfindən davam etdirilir.
Əlbəttə, kimsə deyə bilməz ki, bu ona görədir ki, onlar sonradan hakimiyyəti saxlaya bilmədi və Azərbaycan onların sərişdəsizliyi ucbatından dağılma və vətəndaş qırğınına məruz qalma təhlükəsiylə üzləşmişdi. Əgər hakimiyyətdə yenidən təmsil edilsəydilər bir daha ölkə uçuruma yuvarlanacaqdı. Bu müqayisə düzgün deyil. Ona görə ki, əgər bu insanlar məhz bu mənfiliklərinə görə hakimiyyətdən uzaqlaşdırılsaydı, həbsxanalarda çürüdülsəydi, vətən xayini elan edilsəydi, ən azından YAP hakimiyyəti birinci müstəqilliyin öndərlərini dövlət səviyyəsində təbliğ edərdi və Məhəmmədəmin və silahdaşlarının adlarını əbədiləşdirərdi. Beləliklə də bu gün Heydər Əliyev deyil, həmin liderlər xalqın həqiqi öndərləri hesab edilərdi.

(Ardı var)
Source : Nur.az.com
Comment