Ölkənin tanınmış din xadimləri, ziyalı və sənətçilərinin qatıldığı mövlud gecəsi məşhur aktyor və aparıcı Mehman Dilqəmoğlunun təqdimatı ilə keçirilib. Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
Tədbirə yerli qonaqlarla yanaşı Türkiyənin ünlü yazarı, bir sıra filmlərin ssenari müəllifi, Azərbaycanda isə "Eşqin səfiri" kitabı ilə tanınan Əhməd Turqut da qatılmışdı. Qeyd edək ki, Ə. Turqut Məşədi Dadaş məscidi dini icmasının dəvəti ilə Bakıda səfərdədir.
İştirakçıların səmimi söhbəti şəklində keçən tədbirdə ilahiyyatçılar Hacı Şahin Həsənli, Axund Azər Sani, Hacı Ramil Bədələov, publisist, yazıçı Orxan Fikrətoğlu, fəlsəfə doktoru Mail Yaqub və yazıçı, şair İlqar Fəhmi peyğəmbərlik mövzusunu müzakirə ediblər. Habelə qonaqlar Həzrət Məhəmmədin (s) və İmam Sadiqin (ə) tarixdəki rolları, müasir dünyaya verdikləri mesajlar ətrafında söhbət ediblər.
Tədbirin bədii hissəsi də qonaqlar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Xalq artisti, tanınmış xanəndə Teyyub Aslanov, gənc şair Kamal Hüseynov, məddah Seyid Peyman Əsədov, ilahilər ifaçısı Samir Salam, xanəndə Hüseyn Məlikov və məddah Hacı Nasir Türkanlı öz ifaları ilə hər kəsin zövqünü oxşadılar.
Mövlud gecəsi Azərbaycan Milli Konservatoriyasının oğlanlardan ibarət xorunun bəstəkar Nazim Məmmədovun Rəşad Dağlının sözlərinə bəslədiyi ilahi ilə başa çatdı.