Maide.Az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində İslam dininin inkişafında şiə alimlərinin rolunun araşdırılması, eyni zamanda İslam elminə verdikləri töhfələrin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Azərbaycan, Əfqanıstan, Hindistan, Pakistan, Türkiyə, İndoneziya o cümlədən Avropa və Qərb ölkələrində yaşayan İslam (şiə) alimlərinin elmi məqalə və kitablarla qatıldığı konfransda çıxış edən müctəhid Ayətullah Məkarim Şirazi bildirib ki, bu gün dünyada İslam özünün intibah dövrünü yaşayır. İştirakçılara uğurlar arzulayan Ayətullah Şirazi konfransın dünyaya yeni töhfələr verəcəyinə əmnliyini ifadə edib.
Konfransa təqdim edilən məqalələr müəlliflərin öz dövlətlərində şiə alimlərinin Quran, təfsir, hədis, kəlam, fiqh, üsul, tarix, məntiq, fəlsəfə, tibb, astronomiya eləcə də dünya elmlərinin yaranması və inkişafındakı rolunu əhatə edir.
Konfransa azərbaycanlı alimlər Ramil Əzimov və Əli Baqirov da 400 səhifəlik elmi məqalələrin toplandığı kitabla qatılıblar. Bundan əlavə ölkəmiz haqqında müxtəlif aspektlərdə yazılmış bir neçə məqalə də konfransa təqdim olunub. Məqalələrdə Azərbaycanda elmi-dini ocaqlar (mədrəsələr), İslam alimləri, Əhli-beyt (ə) haqqında yazılan şeirlər və müasir dini fəaliyyətlər öz əksini tapıb.
Qeyd edək ki, böyük islam alimi Ayətullah Məkarim Şirazinin rəhbərliyi altında keçirilən konfransın əsas hədəfləri Əhli-beytin (ə) və şiə alimlərinin İslamın - elmi, mədəni, hüquqi, humanitar sahələrinin inkişafına verdiyi töhfələr, o cümlədən dünyəvi elmlərin yaranması və genişlənməsində xidmətləri həmçinin müasir dünyaya verdikləri faydaların beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Bildirək ki, təqdim olunan bütün məqalə və kitablar 50 cildlik "Şiə alimlərinin islam elmlərinin yaranmasında və inkişafındakı rolu" adlı ensklopediyada toplanıb və konfrans iştirakçılarının müzakirəsinə təqdim olunub.
Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən 150 –dən çox elm adamının qatıldığı konfransda təqdim edilmiş məqalələr araşdırılacaq və seçilmişlər dərc ediləcəkdir.