0
Thursday 7 June 2018 - 00:17

“QƏDR” GECƏSİNİN ƏHƏMİYYƏT VƏ FƏZİLƏTİ

Story Code : 730005
Qədr gecəsi iran cəbhəsində (Arxiv)
Qədr gecəsi iran cəbhəsində (Arxiv)

Bütün zamanlar aləmlərin Rəbbi olan Allah tərəfindən yaransa da, ilin bütün ayları, günləri, gecələri və saatları Onun qüdrət nişanəsi olsa da, bəzi zamanlar xüsusi əhəməiyyət, şərafət və əzəmətə sahibdir. Həmin zamanlardan biri də Ramazan ayı, məxsusən, “Qədr” gecəsidir. İslamda “Qədr” gecəsi kimi dəyərli və fəzilətli bir gecə yoxdur. Bu gecəsinin əhəmiyyət və fəziləti o qədərdir ki, onun xüsusiyyətlərini aşılayan “Qədr” adlı müstəqil bir surə nazil olmuşdur.
İslam hədislərinə, əsasən, belə ehtimal edilir ki, Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biri “Qədr” gecəsidir. Məxsusən, Ramazan ayının 23-cü gecəsinin “Qədr” gecəsi olması daha çox ehtimal edilir.
Qurani-Kərimin ayələrindən açıq-aydın başa düşülür ki, Qurani-Kərim mübarək Ramazan ayında nazil olmuşdur. Belə ki, “Bəqərə” surəsinin 185-ci ayəsində buyurulur:
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ
Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil omuşdur.”
Digər tərəfdən də “Qədr” surəsinin 1-ci ayəsində buyurulur:
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
“Həqiqətən, Biz onu (Quranı) “Qədr” gecəsi nazil etdik.”
Bu ayəni “Bəqərə” surəsinin 185-ci ayəsi ilə yanaşı qoyduqda, belə qənaətə gəlirik ki, “Qədr” gecəsi mübarək Ramazan ayının gecələrindən birinə təsadüf edir. Amma “Qədr” gecəsinin Ramazan ayının “hansı gecəsi”nə təsadüf etməsi haqda Qurani-Kərimdə məlumat verilməsə də, məsumların kəlamlarında onun Ramazan ayının 19, 21 və yaxud 23-cü gecələrindən birinə təsadüf etməsi ilə bağlı söz açılmışdır.
Amma burada belə bir sual qarşıya çıxır: “Əgər Quran Qədr gecəsi nazil olubsa, bəs, İslam Peyğəmbərinin (s) peyğəmbərliyi dövründə müxtəlif zaman və məkanlarda o həzrətə nazil olan ayələr hansı ayələrdir?
Cavab olaraq deyə bilərik ki, Qurani-Kərim iki dəfə nazil olmuşdur: birinci dəfə Qurani-Kərim bötövlükdə İslam Peyğəmbərinin (s) mübarək qəlbinə, ikinci dəfə isə 23 il ərzində, tədricən, ayə-ayə, surə-surə nazil olmuşdur. Bu iki növ nazilolma prosesi haqda Allah-Taala Qurani-Kərimdə də söz açmışdır. Belə ki, “Bəqərə” surəsinin 185-ci ayəsində Qurani-Kərimin Ramazan ayında (Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil omuşdur), “Qədr” surəsinin 1-ci ayəsində isə onun “Qədr” gecəsində nazil olmasından açıq-aşkar məlum olur ki, Qurani-Kərim bütövlükdə Qədr gecəsində İslam Peyğəmbərinin (s) qəlbinə nazil olmuşdur. Qurani-Kərimin tədricən, ayə-ayə nazil oması haqda isə “İsra” surəsinin 106-cı ayəsində belə buyurulur:
وَقُرْآناً فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنزِيلاً
“(Ya Peyğəmbər!) Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (23 il ərzində) nazil etdik.”
“Qədr” gecəsinin fəziləti və böyük əhəmiyyətə malik olması ilə bağlı Allah-Taalanın bu kəlamı kifayət edər ki, “Qədr” surəsinin 2 və 3-cü ayələrində Öz Peyğəmbərinə belə buyurur:
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ
“(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir!”
Bu ayəyə əsasən, əgər bir şəxs Qədr gecəsini ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ayın (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar.
“Qədr” sözünün mənası və onun bu adla adlandırılmasının səbəbinə gəldikdə isə, “Qədr” sözü lüğətdə hər bir şeyin miqdarının ölçülməsi və təyin olunması mənasını daşıyır. Yəni insanların taleyi, müqəddəratı bu gecə təyin olunduğundan “Qədr” adlanmışdır. “Qədr” surəsinin 4-cü, eləcə də, “Duxan” surəsinin 3 və 4-cü ayələrindən belə başa düşülür ki, “Qədr” gecəsi insanların taleyi həll olunur. Yəni Allah-Taala Öz elmi ilə kimin xoşbəxt və kimin bədbəxt olmasını gələn ilin “Qədr” gecəsinə qədər təyin edir. “Qədr” surəsinin 4-cü ayəsində buyurulur:
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ
“O gecə mələklər və Ruh (Cəbrail və ya mələklərdən üstün və şərəfli olan başqa bir varlıq)) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və təsbit edilməsin)dən ötrü yerə enərlər.”
“Duxan” surəsinin 3-4-cü ayələrində də belə buyurulur:
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ إِنَّا كُنَّا مُنذِرِينَ فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
“Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o kitab vasitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Bütün möhkəm işlər (ilin hadisələri) o gecə hökm (və ayırd) olunur.”
Bəzilərinin nəzərincə, “Qədr” gecəsi çox qiymətli və fəzilətli gecə olduğu, eləcə də, bu gecəni ehya saxlayıb Allaha ibadətlə keçirən şəxsin Allah-Taala dərgahında qədir-qiyməti və dərəcəsi uca olduğundan həmin gecə “Qədr” deyə adlanmışdır.
Allah-Taala “Qədr” surəsinin sonuncu ayəsində belə buyurur:
سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ
“O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsum şəxsi və saleh bəndələri) salamlama gecəsidir.
Bir sözlə, “Qədr” gecəsində həm Qurani-Kərim nazil olub, həm də o gecənin ibadəti min ayın ibadətindən ütündür. O gecə həm xeyir-bərəkətli bir gecədir, həm də mələklər yer üzünə nazil olaraq möminləri salamlayırlar. (“Təfsir-nümunə”, Ayətullah əl-üzma Nasir Məkarim Şirazi, 27-ci cild, səh. 180-187.)
 
Source : Maide
Comment