0
Tuesday 21 January 2025 - 08:56

İmişlidə saxlanılan etirazçılara işgəncə verildiyi bildirilir

Story Code : 1185559
İmişlidə saxlanılan etirazçılara işgəncə verildiyi bildirilir
"Avtomobili aşıranlar, onu təpikləyənlər və “istefa” şüarı səsləndirənlərə olmazın işgəncələr verilib".
Yanvarın 18-də İmişli şəhərində iki nəfərin ölümü və daha iki nəfərin ağır yaralanması ilə nəticələnən avtomobil qəzasından sonra baş verən etiraz aksiyasının saxlanan iştirakçılarına işgəncələr verildiyi bildirilir.
"AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə saxlandığı bildirilən bəzi şəxslərin yaxınları məlumat verib.
Onların sözlərinə görə, Dövlət Yol Polisinin (DYP) avtomobilini aşıranlar, onu təpikləyənlər, habelə “istefa” şüarı səsləndirənlər daha amansız rəftara məruz qalıblar:
“Aksiya zamanı və ondan sonra saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və “istefa” şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub”.
Yanvarın 18-də və sonrakı günlərdə İmişli rayon Məhkəməsinin də işlədiyi bildirilir: “Saxlanılanlar barədə hələlik 15-30 sutkalıq inzibati həbs qərarları çıxarılır”, - adının çəkilməsini istəməyən rayon sakinlərindən biri deyib.
Yerli mənbələr onu da bildirirlər ki, kənar yerlərdən İmişliyə xeyli polis cəlb olunub: “Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın edib, qanunsuz axtarış aparırlar. Axtardıqları şəxsi tapmayanda, ailə üzvləri təhdid olunur. Bəziləri elə evinə qayıdarkən küçədə ikən tutulub”.
“'İstefa' qışqıranları elə döyülüblər ki...”
Polis idarəsinə aparılıb, lakin bir sutka saxlanılandan sonra sərbəst buraxılanların da az olmadığı deyilir:
“Onların bəziləri aksiya iştirakçılarının müəyyənləşdirilməsi üçün sorğu-sual edilir. Sosial şəbəkələrdə canlı yayım, paylaşım etmiş şəxslər də dindirilməyə cəlb olunub. Amma “istefa” qışqıranları elə döyüblər ki, indi bir çoxu yatağa düşüb, bədənləri qapqaradır. Saxlanılanların bəziləri barədə yaxınları hələ də məlumat ala bilmədiklərini deyirlər”.
Hələlik, bütün bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan öncə Daxili İşlər Nazirliyindən saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialar bir qayda olaraq yalanlanıb.
"Saxlanılan çoxdur"
Ümumilikdə saxlananların sayının sayının 100 nəfərdən çox olduğu bildirilir. AzadlıqRadiosuna məlumat verən rayondakı qaynaq onlardan bir bölümünün haqqında cinayət işi başlandığını və istintaq getdiyini deyir. Həmin qaynaq saxlanılanlardan bir qrupun da inzibati qaydada həbs olunduğunu bildirir:
“Bir xeyli adam da xırda xuliqanlıq ittihamı ilə sutkalıq həbsə göndərilib. Onlar polis şöbəsindən hissə-hissə məhkəməyə aparılır, həbs qərarları alınır. Yanvarın 19-da da bir neçə nəfərin qərarı alınıb, bu gün də. Hələ davam edir, qərar verilir ki, kim sutkalıq həbsə göndərilsin, kimə cinayət işi açılsın. Saxlanılan çoxdur”.
Bu bilgini məhkəmədən də AzadlıqRadiosuna təsdiqləyiblər. Oradan bildirilib ki, saxlanılan şəxslər yanvarın 19-da axşam saat 6-7 radələrində İmişli Rayon Məhkəməsinə gətirilib. Yanvarın 20-də isə günorta saatlarında daha bir neçə nəfər saxlanılan şəxsin işinə baxılıb:
“Gətirilənlərin hamısının haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələriylə protokol tərtib edilib. Onlara 1 ayadək inzibati həbs verilib”.
19-20 yanvar qeyri-iş günlərinə təsadüf etsə də, bu işlərə baxmaqdan ötrü bir neçə hakimin məhkəməyə çağrıldığı bildirilir.
İnzibati qaydada həbs olunanlar arasında İmişli rayon sakinlərindən Orxan Əhmədli, Elvin Pənahov, Elşad Mirzəməmmədov, Amil Səmədov, Səlim Rüstəmov və Elçin Əsədov da var.
Xatırladaq ki, yanvarın 18-də günorta saatlarında İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobilinin başqa bir nəqliyyat vasitəsilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanıb.
Source : Azadxeber
Tagged
imişli
Comment