Deputatlardan XİN başçısına: ABŞ-la münasibətlərə yenidən baxılsın
Story Code : 1165144
60 yaxın konqresmen və senatorun dövlət katibi Antoni Blinkenə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran müraciəti deputatları huddətləndirib.
Deputatlar sözü gedən müraciətin konqresmen və senatorların adından səsləndirilməsinə baxmayaraq bunun ABŞ dövlətinin mövqeyi olduğunu vurğulayıblar.
Prezident İlham Əliyev də oktyabrın 4-də Cəbrayıl şəhərində bildirmişdi ki, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
Qeyd edək ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin “Ermənistana qarşı təxribat xarakterli bəyanatlar”ın verilməsinin dayandırılmasını istəyiblər.
Azərbaycanlı deputatlar amerikan nümayəndələrin müraciətinə cavabda ABŞ-ın İraq və Əfqanıstana qarşı təcavüzü dövründə törətdiyi cinayətləri xatırladıblar.
“İnsan haqlarından danışan ABŞ ən mühüm insan haqları konvensiyalarına qoşulmayıb. Məhz ABŞ uzun illərdir ki, BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisini Quantanamo həbsxanasına buraxmayıb”, - daha sonra MM üzvləri vurğulayır.
Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün deputatlar nazirdən aşağıdakı addımları həyata keçirməyi xahiş edir:
Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.