0
Saturday 31 August 2024 - 09:30

Azərbaycan və Ermənistan dövlət komissiyaları razılığa gəliblər

Story Code : 1157207
Azərbaycan və Ermənistan dövlət komissiyaları razılığa gəliblər
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası bu barədə məlumat yayıb.
  Məlumata görə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
  " Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar", deyə məlumatda qeyd edilib.
  Ermənistan Xarici İşlər Nazirliyi də eyni məzmunlu məlumat yayıb.
  Qeyd edək ki, Azərbaycan tərəfi 4 kəndin hələ də Ermənistanın nəzarətində olduğunu Ermənistan tərəfi isə bir kəndin bu ölkəyə qaytarılmalı olduğunu bildirir.
  Həmçinin anklav və eksklav məsələlərinin növbəti mərhələdə müzakirə ediləcəyi bildirilir. 
  Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. 
  Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a bildirib ki, sözügedən əsasnamə texniki bir sənəddir.
  " Bilirik ki, bu işdə Alma-Ata bəyannaməsinin prinsipləri əsas götürülür. Amma tərəflər bunu fərqli şəkildə qəbul edir. Ermənistanın mövqeyinə görə, Sovet İttifaqının dağılmasına yaxın qəbul olunmuş sənədlər əsas götürülsün. Azərbaycan isə bütün Sovet dövrünün sənədlərinin əsas götürülməsini istəyir. Sərhədin müxtəlif hissələrinə aid müxtəlif illərin xəritələrinin istifadə olunmasına dair Azərbaycanın rəsmi mövqeyi var. Bu, əsasnamə ilə tənzimlənən məsələ deyil. Ona görə də bu məsələ qüvvədə qalır", - Tofiq Zülfüqarov qeyd edib.
Source : SaharTV
Comment