1990-cı il təvəllüdlü Coşqun Musayev məhkəmədə bildirib ki, onun həbsinin səbəbi Söyüdlüdəki etirazlar zamanı qaldırılan plakatları hazırlamasıdır. Buna görə onu narkotiklə şərləyərək cəzalandırıblar.
Banerlərin, plakatların hazırlanması ilə məşğul olan Coşqun Musayev DTX tərəfindən Gəncədə saxlanıldığını və sonra Bakıya gətirildiyini bildirib. O saxlanılan kimi ondan Söyüdlüdəki hadisələr haqda sorğu-sual olunduğunu deyib.
Coşqun Musayevin bildirdiyinə görə, onu Bakıya – Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər.
“İdarəyə gətirəndən sonra mənə büküm verdilər ki, boynuna götürməlisən. Əlbəttə ki, qəbul eləmədim. Heç kim eləməzdi. Dedilər ki, yaxşı. Bir sumka göstərdilər, dedilər ki, onda 10 kilonu götürərsən…”,- Coşqun Musayev deyib.
Coşqun Musayev deyir ki, onu idarədə döyməyiblər, psixoloji təzyiqlər, təhdidlər altında etiraf ifadəsini imzalamağa məcbur ediblər.
Coşqun Musayevin işi üzrə məhkəmə prosesi 8 aydan çox davam edib. Ona qarşı çıxarılan hökmə əsasən, ittiham Cinayət Məcəlləsinin (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, daşıma – külli miqdarda) maddəsinə tövsif olunub. Bu maddə ilə də onun 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.