İnqilab Rəhbərinin Allah evinin zəvvarlarına mesajı
Story Code : 1142087
Bağışlayan və mehriban Allahın adı ilə
Allahın əmri ilə bütün insanları bütün dövrlərdə Həcc mövsümündə Kəbə evinə dəvət edən ürəkoxşayan İbrahimi nəğmə bu il də dünyanın hər bir yerindən müsəlmanlardan bir dəstənin qəlbini bu tövhid və vəhdət mərkəzinə cəzb etmişdir. Bu Həcc çox sayda, möhtəşəm və müxtəlif növ insanlardan ibarət xalq kütləsi meydana gətirmiş, bu kütləni və İslamın mənəvi amil gücünü özünə və yadlara nümayiş etdirmişdir.
Hər zaman Həccin əzəmətli yığıncağı və mürəkkəb ayinlərinə dərin düşüncə gözü ilə baxılarsa, (bunlar) müsəlman üçün qəlbin qüvvət tapmasına və güvən əldə etməsinə səbəb olmaqla yanaşı düşmən və bədxah üçün qorxulu və zəhmli olacaqdır.
Əgər İslam ümmətinin düşmənləri və bədxahları Həccin bəzi vacib əməllərini aradan aparmağı və (bu əməllərə qarşı) şübhə yaratmağı hədəf alarlarsa, bunda təəccüb ediləsi bir şey yoxdur. İstər dini və siyasi fərqliliyi qabartmaqla olsun, istərsə də müqəddəslik və mənəvi cəhətləri azaltmaqla.
Quran Həcci bəndəlik, zikr, (Allah dərgahında) təvazö, İnsanların bərabər kəraməti, bəşərin maddi və mənəvi həyatının qaydaya salınması, hidayət, əxlaqi cəhətdən aramlıq və düşmənlər qarşısında bezarlıq və qüdrətlə mövqe sərgiləməyin təzahürü olaraq təqdim edir.
Quranda Həclə bağlı ayələr üzərində dərin düşüncə və bu bənzərsiz vacib əməlin göstəriş və ayinləri haqda təfəkkür etmək bu qəbildən olan sirləri Həccin mürəkkəb ayinlərində bizlərə göstərir.
Həccə gedən qardaş və bacılar, siz hazırda bu nuraniyyət dolu həqiqət və maarifi tətbiq etmək mövqeyindəsiniz. Öz düşüncə və rəftarınızı Həccin həqiqət və maarifinə yaxınlaşdırın, habelə yenidən ələ gətirilən və bu maariflə qarışan kimliyi evlərinizə qaytarın. Bu, Həcc səfərinizin qiymətli və həqiqi sovqatıdır.
Bu il düşməndən bezarlıq məsələsi ötən illərdən daha qabarıq formadadır. Müasir tariximizdə bənzəri olmayan Qəzza faciəsi və məhvə doğru sürüklənən rəhmsiz sionist rejimin həyasızlığı heç bir fərd, dövlət və müsəlman firqəsi üçün mülahizə və göz yummağa heç bir səbəb qoymamışdır. Builki bezarlıq, Həcc mövsümündən kənara çıxmalı, dünyanın bütün müsəlman yaşayan ölkə və şəhərlərində davam etməli, Allah evinin zəvvarlarından kənarda olan insanlara da sirayət etməlidir.
Sionist rejimdən, onun havadarları və məxsusən də Amerika Birləşmiş Ştatlarından bezarlıq millət və dövlətlərin söz və əməllərində özünü göstərməli və meydanı cəlladlar üçün daraltmalıdır.
Fələstinin poladtək müqaviməti, habelə möhtəşəm səbir və müqavimətləri ilə dünyanın ehtiram və təşviqinə səbəb olan Qəzzanın məzlum və eyni zamanda səbirli xalqına hər növ dəstək olunmalıdır.
Allah-təaladan Fələstin xalqı üçün kamil və təcili qələbə istəyir və siz möhtərəm hacılar üçün qəbul olunan bir Həcc diləyirəm. İmam Məhdinin (ə) müstəcab duası sizin arxa-dayağınız olsun.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun
Seyid Əli Xamenei
Qəməri təqvimi ilə 1445-ci ilin zilhiccə ayının 4-ü
11.06.2024