0
Tuesday 20 February 2024 - 11:12

Əliyev və Paşinyan Münhen görüşünü müsbət dəyərləndiriblər

Story Code : 1117376
Əliyev və Paşinyan Münhen görüşünü müsbət dəyərləndiriblər
Turan Xəbər Agentliyi bildirir ki, Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı.    
Ermənistan Baş naziri Nikol Paşinyan isə Münhendə Prezident İlham Əliyevlə keçirdiyi görüşün nəticələri barədə erməni diasporuna məlumat verərkən deyib ki, tərəflər Praqada dördtərəfli görüş, eləcə də Brüssel danışıqları zamanı əldə edilmiş razılaşmalara sadiq qalırlar.
 “Xarici işlər nazirlərinin tezliklə görüşməsi, bundan sonra sərhədlərin demarkasiyası ilə bağlı görüşün də baş tutması razılaşdırılıb. Ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər, bir daha deyirəm, razılaşmalara əməl olunarsa. Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətni üzrə gələcək müzakirələrə və razılığa həsr olunmalıdır:
“Əlbəttə ki, sülh sazişinin bir sıra maddələri razılaşdırılıb, lakin bir sıra əsas maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə işlər aparılmalıdır və biz bu işi həyata keçirməyə razılaşdıq”,- Ermənistanın baş naziri deyib.
Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə eyni zamanda Ermənistan ərazilərindən keçəcək kommunikasiyalara Rusiyanın nəzarəti barədə hansısa razılaşdırılmış bənd olduğunu tamamiylə rədd edib. 
 
“2020-ci il, 10 noyabrbəyanatında Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya xətlərinə Rusiyanın nəzarətinin mümkünlüyü ilə bağlı bənd yoxdur. Üçtərəfli bəyanatın 9-cu bəndində belə bir şey yoxdur ki, Rusiya Federasiyası bizim ərazimizdə nəyəsə nəzarət edə bilər. Azərbaycan və Rusiya faktiki olaraq öz öhdəliklərini tamamilə pozaraq bu sənədin digər bəndlərini cırıb atıblar”, - Paşinyan deyib.
 
O, eyni zamanda, Rusiya Federasiyasının sülhməramlı kontingentinin artıq bölgədə qalmayan ermənilərin Qarabağdan çıxarılmasına cavabdeh olduğu fikrini də ifadə edib.
 
Source : SaharTV
Comment