BBC əlində olan dəlilləri Azərbaycan Boks Federasiyasına təqdim edib
Story Code : 102425
Boks üzrə mütəxəssislər isə hesab edir ki, BBC-də rüşvətlə bağlı məlumatın verilməsində əsas məqsəd Azərbaycanda kişilər arasında boks üzrə dünya çempionatı ərəfəsində ölkəmizi ləkələmək və yarışın keçirilməsinə mane olmaq idi. Bu yarış MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilir və yarışmaya 700-dən artıq idmançının qatılması boks tarixində nadir hadisədir.
Boks üzrə milli komandanın böyük məşqçisi Nəriman Abdulayevin sözlərinə görə, Azərbaycan boksçularının olimpiadaya vəsiqə qazanıb-qazanmayacağı hələ məlum deyil ki, indidən olimpiadada qızıl medaldan danışmaq mümkün olsun. Bundan əlavə, boks sahəsində şəffaflığın təmin edilməsi üçün kifayət qədər mexanizm mövcuddur.
“Kimlərsə bu cür sözləri işlətməklə, mətbuata buraxmaqla, istəyirdilər ki, Azərbaycanda baş tutacaq dünya çempionatı pis keçsin. Onlar çalışırdılar ki, aranı qarışdırsınlar. Əgər bir boksçu digər boksçunu nokdaun və ya nokaut vəziyyətinə salırsa, məğlub olan boksçuya necə qələbə vermək mümkündür? Bu mümkün olan bir şey deyil”, - deyə məşqçi Nəriman Abdullayev ANS-ə açıqlamasında bildirib.
Belə məlumatın yayılmasının digər səbəbi isə müxtəlif beynəlxalq boks təşkilatları arasında və bu təşkilatların daxilində baş verən çəkişmələrdir. Hesab edilir ki, Çin Ku Vu AİBA prezidenti vəzifəsinə gəldikdən sonra həvəskar boksçuların reytinqi qalxmağa başlayıb və bu idman növündən peşəkar boksa axın dayanıb. Həvəskar boksçular indi AİBA prezidentinin yaratdığı alternativ liqada iştirak edirlər və nəticədə peşəkar liqanın gəlirləri azalıb. ANS PRESS