0
Wednesday 16 February 2022 - 09:49
Ayətullah əl-üzma Seyid Əli Xamenei

Nəhcül-Bəlağədə peyğəmbərlik

Story Code : 979228
Nəhcül-Bəlağədə peyğəmbərlik
BİSMİLLƏHİR-RƏHMƏNİR-RƏHİM
1-ci MƏCLİS:
“NƏHCÜL-BƏLAĞƏ“DƏ PEYĞƏMBƏRLİK
(Birinci xütbədə nübuvvət bəhsinin şərhi)
Ayətullah əl-üzma Seyid Əli Xamenei
MÜQƏDDİMƏ
İslamın həyat bəxş edən məktəbi həm fərdin maddi və mənəvi təkamülünə, həm də cəmiyyətin tərəqqi və yüksəlişinə zəmanət verən mükəmməl bir proqrama malikdir. İslama görə, hökumətin təşkili ləyaqətli hakimlərin – həyatda və camaat arasında olduqları vaxt məsumların (ə), qeyb dövründə isə “vəliyyi-fəqih”in tanıtdırılması ilə möminlərin – ixtiyarına verilmişdir. Məsələ burasındadır ki, möhtərəm Peyğəmbərimizin (ə) vəfatından sonra, İslam cəmiyyəti Allahın əmri və Peyğəmbərin (s) itaətindən çıxaraq, özünü Əmirəlmöminin Əlinin (ə) rəhbərliyindən məhrum etdi. Lakin üzərindən 25 il ötdükdən sonra, artıq yaranmış çıxılmaz vəziyyətdən xilas yolunu o Həzrətin siyasət və tədbirlərində gördü. Əmirəlmöminin Əlinin (ə) beş illik enişli-yoxuşlu hakimiyyəti həqiqi İslam siyasət və idarəçiliyinin, idarəetmənin İslam modelinin hansı formada olduğunu görmək və bilmək üçün gözəl bir nümunədir.
Ələvi maarifinin gələcək nəslə ötürülməsinin qarşısını almaq istəyən o Həzrətin düşmənlərinin bütün təlaşlarına baxmayaraq, yenə də o zəngin maarif dəryasının bir hissəsi tarixin sonrakı dövrlərinə ötürüldü. Bu zəmində ən önəmli və ən mötəbər mənbə 5-ci əsrin ədib və fəqihi olan Seyid Rəzi tərəfindən toplanmış “Nəhcül-bəlağə” kitabıdır və qədim zamanlardan tutmuş indiyə qədər şiə və sünni alim və mütəfəkkirləri bu kitabın əzəmətini dərk etmiş və ona şərhlər yazmışlar.
Müasir dövrdə də İslamın ictimai və siyasi maarifinə ehtiyacın artması ilə alimlər, müəllim və gənclərin “Nəhcül-bəlağə”yə rəğbəti artmış və hazırkı əsrdə ona çoxlu şərh yazılmışdır. Xoşbəxtlikdən, İslam İnqilabının qələbəsindən sonra “Nəhcül-bəlağə”yə maraq artmış, Elmi Hövzə və Universitetlərdə müxtəlif elmi müəssisələr təşkil edilmiş və bu iki elm ocağında “Nəhcül-bəlağə” ixtisası üzrə təhsil fakultələri yaradılmışdır.
Elə gənclik çağlarından bu dəyərli kitabla munis olan Həzrət Ayətullah əl-üzma Xamenei onun xütbə, məktub və hikmətli kəlamlarını müxtəlif toplantılarda, xüsusilə də, gənc tələbələrin hüzurunda şərh etməyə başlamışdır. Həzrətin 1974 və 1980-cı illərdə “Nəhcül-bəlağə” ilə bağlı silsilə dərslərini, həmçinin rəhbərlik dövrü başlandıqdan sonra, mübarək Ramazan ayında dövlət heyəti ilə görüşlərində “Nəhcül-bəlağə”nin bəzi hissələrinin şərhinə yer ayırmasını buna misal göstərmək olar.
Ali Rəhbər 1979-cu ildə İslam İnqilabının qələbəsindən sonra İnqilab Şurası, eləcə də, Ali Müdafiə Şurası və Parlamentlə əlaqədar ağır işlərlə yanaşı, xüsusən, gənc toplumlar arasında da təbliğat və maarifləndirmə işləri ilə məşğul olurdu. 1980-cı ilin yayında Respublika partiyasının tələbələr qolunun təklifi ilə “Nəhcül-bəlağədə nübuvvət” mövzusunda silsilə dərslərə başlayır. Bu dərslər İyul ayının 2-sindən Sentyabr ayının 10-una qədər, Çərşənbə günləri, axşamçağı saat 17:00-dan 19:00-a qədər tələbə oğlan və qızlar üçün təşkil olunur və İslam İnqilabı nübuvvətin hədəflərinin davamı olaraq ilahi amalların gerçəkləşməsi fonunda tərif olunur. Bu dərslər bu mövzuya həsr olunur və Ali Rəhbər bu dərslərin bir qismində belə buyurur: ““Nəhcül-bəlağə” İslamın, insanın və nəticədə, İslam İnqilabının çoxyönlülüyündən bəhs edən, İslam İnqilabı üçün yazılan bir kitabdır və onu bu inqilabın nizamnaməsi hesab etmək olar. “Nəhcül-bəlağə” bu xüsusiyyətə sahibdir.”
Ali Rəhbərin bu dərslərdəki tədris metodu belə idi: Öncə “Nəhcül-bəlağə”nin mətnini özü lövhədə yazdıqdan sonra sözlərin bir-bir mənasını qeyd edir, daha sonra tərcümə və şərhə başlayırdı.
Burada dərslərin mətni elə tənzimlənib ki, möhtərəm dinləyicilər onu asanlıqla dərk edə bilir. Dərslərin mətni 1982-ci ildə “Nəhcül-bəlağədən dərslər” adlı kitabda çapdan çıxdı. Əlinizdəki kitab isə bu çıxışların, eləcə də, Ali Rəhbərin elə həmin ildə etdiyi iki çıxışının məcmusundan ibarətdir.
Ümid edirik ki, bu dəyərli kitabdan faydalanmaqla bərabər, islami dövlət və cəmiyyətin digər təbəqələrinin tərəqqisinin şahidi olacağıq. İnşallah!
Müvəffəqiyyət yalnız Allah tərəfindəndir!
“NƏHCÜL-BƏLAĞƏ”NİN MÖVZULARI İLƏ TANIŞLIQ
Əmirəlmöminin Əli (ə) buyurmuşdur:
فَمَا رَاعَنِي إِلَّا وَ النَّاسُ كَعُرْفِ الضَّبُعِ إِلَيَّ يَنْثَالُونَ عَلَيَّ مِنْ كُلِّ جَانِبٍ حَتَّى لَقَدْ وُطِئَ الْحَسَنَانِ وَ شُقَّ عِطْفَايَ مُجْتَمِعِينَ حَوْلِي كَرَبِيضَةِ الْغَنَمِ... لَوْ لَا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ لَأَلْقَيْتُ حَبْلَهَا عَلَى غَارِبِهَا وَ لَسَقَيْتُ آخِرَهَا بِكَأْسِ أَوَّلِهَا وَ لَأَلْفَيْتُمْ دُنْيَاكُمْ هَذِهِ أَزْهَدَ عِنْدِي مِنْ عَفْطَةِ عَنْزٍ
“(Osman öldürüldükdən sonra) camaatın məni dövrəyə almasından başqa, heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (beyət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar... Əgər cəmiyyətin mənə beyət etmək məqsədilə qiyamı (toplaşması) olmasaydı, höccətin tamamlanmasına kömək edilməsəydi və Allahın (hər cəmiyyətdə) alimlərdən, tox zalımlar və ac məzlumlar qarşısında susmamaqla bağlı aldığı əhdi (və onların boynuna qoyduğu məsuliyyət) olmasaydı, xilafət dəvəsinin yüyənini boşlayar və ondan əl çəkərdim. Xilafətin sonuna əvvəlcə verdiyim kasada su verərdim (xilafəti əvvəldə buraxdığım kimi, sonda da buraxardım). Bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin burnunun suyu qədər dəyərsizdir.”
Bu gecələr, təbii ki, Əmirəlmöminin Əlinin (ə) adı və xatrisinə məxsusdur. Həqiqətdə, biz bu gün bəşərin müəllimləri və haqq imamların həyat tərzindən, onların gözəl kəlam və göstərişlərindən İslam ədalətinin genişlənməsi istiqamətində həyat, ixlas və mübarizə dərsi öyrənməliyik. Çünki bu böyük və fədakar şəxsiyyətlərin özləri də bu yolda addım atmış və elə bu yolda da şəhadətə çatmışlar. Amma İmam Əli (ə) və “Nəhcül-bəlağə”yə gəldikdə, ümid edirəm ki, bu müzakirələr “Nəhcül-bəlağə”nin üzərinə bir işıq saçacaq və siz şiələr – İmam Əlinin (ə) tərəfdar və ardıcılları – “Nəhcül-bəlağə”nin nə olduğunu öyrənəcəksiniz, yalnız “Quran” və “Nəhcül-bəlağə”nin adı ilə ürəyimizi sevindirməyək. Bəzilərinin bizim qəflət və cəhalətimizdən istifadəsinə, “Quran” və “Nəhcül-bəlağə”nin adı ilə bağlı öz yalan və uydurmalarını bizim beynimizə yeritməsinə yol verməməliyik. Qərb mədəniyyətindən təsirlənən qüvvələr də “Nəhcül-bəlağə” adlı insani, ictimai, tarixi və bədii əsərə diqqət yetirmək əvəzinə, başqalarının yazıları, sözləri və zehni təxəyyülləri ilə məşğul olmasınlar. Bir sözlə, əgər biz “Nəhcül-bəlağə”yə doğru yol alıb onunla azacıq tanış olsaq, kiçik daxili düşmənlərlə bərabər bizim qəflət və İslamdan uzaqlığımızdan daim sui-istifadə edən böyük və cinayətkar düşmənlərimizin yolunun qarşısı da alınacaqdır.
Peyğəmbərlik missiyasının bərəkətindən Ələvi cəmiyyətinin yüksək mədəniyyət səviyyəsi
“Nəhcül-bəlağə” – Əmirəlmöminin Əlinin (ə) kəlamları və xütbələrinin toplusundan ibarətdir. Bu xütbələr (çıxışlar) o qədər dolğundur ki, bu kitabın toplandığı gündən bu günə qədər onun haqqında yüzlərlə şərh yazılmışdır. Görün, böyük və görkəmli şiə və sünni alimləri və mütəfəkkirlərinin şərh etdikləri bu dərinmənalı xütbələr harada bəyan olunub? Kufə məscidində! Haçan? 40-cı hicri-qəməri ilindən əvvəlki illərdə, yəni 35-40-cı hicri illərində! Bu sözün mənası odur ki, 1360 il öncə o dövrdə yaşayan İslam cəmiyyətinin mədəniyyət və intellektual səviyyəsi o qədər yüksək olub ki, Həzrət Əli ibn Əbitalib bu dərin və dolğun kəlamları mənbərdə deyir və kişi-qadın, böyük-kiçik – hamılıqla o Həzrətin sözlərini anlayırdı. Əgər onlar bu sözləri anlamasaydı və onlar üçün bir sirr və qaranlıq olaraq qalsaydı, sözsüz, Həzrət Əli (ə) onlara yeni sözlər deyərdi (başa düşülən tərzdə danışardı). Demək, başa düşürmüşlər. Biz buradan belə qənaətə gəlirik ki, bir cəmiyyətin şüur və dərketmə səviyyəsi sinif, universitet və akademiya ilə deyil və insanların istedad qaynağı yazıb-oxumaqla coşub-daşmır. Peyğəmbəri-Əkrəm (s) Əmmarın savadsız və bədəvi ata və anasını – Yasir və Süməyyəni – o qədər ucaltdı ki, onlar bir hədəf uğrunda öz şirin canlarını faciəli şəkildə fəda etməyə hazır oldular. O Həzrət bu iki bədəvi və savadsız insanın düşüncəsini artırmaq üçün məktəb və universitet tikmədi, onlara dövrün müxtəlif elm və biliklərini öyrətmədi. Peyğəmbər (s) onlarla nə etdi? Peyğəmbər (s) onlarda düşüncə ruhunu, insanın bütün düşüncələrinin ruhundan ibarət insanlıq vicdanını oyatdı, onların gözlərini açdı. Onlar yazıb-oxumağı bacarmadıqları halda, “həkim” idilər. Hikmət sahibinə, dünyanın həqiqətlərini bilən insana “həkim” deyilir. Onlar insanlara yaxşılıq etməyi kitab vasitəsilə öyrənməmişdilər, amma bunu dərk edir və anlayırdılar.
وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ
“Həqiqətən, Biz Loğmana hikmət verdik.”
Allah-Taala Loğmanı “Ona hikmət verdik.” – deyə tərifləyir, Quranı hikmətlə müşayiət edir, onu Peyğəmbərin (s) risalət və missiyasının tərkib hissəsi, sovqat və hədiyyəsi olaraq tanıtdırır. Ələvi cəmiyyətinin mədəniyyət səviyyəsi “Nəhcül-bəlağə”ni başa düşəcək qədər yüksək idi. İki-üç əsrdən sonra empirik və maddi elmlərin mənbəyinin elə bu cəmiyyətin vasitəsilə coşub-daşmasına təəccüb etməyəcəksiniz. Avropa renessansı İslam cəmiyyətinə məxsus bu elmi hərəkatın məhsulu və nəticəsi idi.
İslam mədəniyyətinin İnqilabla eyniliyi
“İslam mədəniyyəti” dedikdə, İnqilab mədəniyyəti nəzərdə tutulur. Çünki İslam inqilabsız heç nədir; İslamın əsas rolu mədəniyyət, ruh, təfəkkür, əxlaq, ideologiya, əməl, cəmiyyət, siyasət və iqtisadiyyatda əsaslı dəyişikliklər etməkdən ibarətdir. İnqilabın mənası budur. İnqilab bəzilərinin qorxduğu “qarşıdurma” və “xaos” demək deyil. “İslam inqilab deməkdir” – ifadəsinin mənası insan həyatının bütün təməllərinin fundamental şəkildə dəyişilməsi deməkdir. Bu gün bizim cəmiyyətimiz bir inqilabın gerçəkləşdiyi və səmərə verdiyi vəziyyətdə deyil, hələ doğum ərəfəsindəyik. İmam Xomeyninin (r.ə) dəfələrlə buyurduğu kimi, biz inqilabdan sonra yox, inqilabın doğum ərəfəsindəyik. Haçan İslam mədəniyyəti bu mənada – inqilab mənasında – hansısa bir cəmiyyətə hakim olsa, təfəkkür, mədəniyyət, məharət, bacarıq, elm və təcrübə mənbələri coşub-daşmağa başlayacaq.
İslamın inqilabi mədəniyyətinin tərəqqidə rolu
Bu gün bizə deməsinlər ki, siz həmişə İslama, təqvaya və imana əsaslanırsız, halbuki, məmləkət mütəxəssis zəifliyi və çatışmazlığı ilə üz-üzədir; xeyr, biz bu tarixi təcrübəni on üç illik İslam tarixində görmüşük. İslam inqilabının mövcud olduğu o gün özü ilə mütəxəssislər də yetişdirdi. Bu məsələ üzərində nə qədər fəryad etdik. Amma hələ də bəzilərinin iman və təqvaya, doğruluq və sədaqətə inamının aydın və sabit olmadığını görürük, halbuki, bugünkü cəmiyyətimizdə bu inama ehtiyac var. İnam olan yerdə oxuyub-öyrənmək də hədəfə çevrilir. İnqilab ruhiyyəli iman, təqva və vicdan insanların ruhu və ideyasına hakim olduğu yerdə üniversitet də sözün həqiqi mənasında “universitet” adını daşıyacaq. Bu zaman öyrəndiyiniz hər bir elmi məsələdə nə istədiyinizi, nə oxuduğunuzu və onu hansı yolda istifadə edəcəyinizi yaxşı biləcəksiniz. Qeyri-inqilabçı gənc isə pullaşmaq üçün dərs oxuyur. Əgər o, dərs oxumadan pul qazanmağı bacararsa, artıq dərs oxumayacaq. Dərsi buraxıb pul qazanmaqla məşğul olacaq. O, oxuyub mütəxəssis olduqdan sonra öz ixtisası üzrə çalışmadan, xəstələri sağaltmadan, öz təcrübəsindən istifadə etmədən, öz xalqı və cəmiyyətinin üzünə yeni üfüqlər açmadan pul qazana biləcəksə, (pula üstünlük verəcək və) bütün bunlardan əl çəkəcək. Axı, nə üçün özünə bu qədər zəhmət verməlidir? Nə üçün yeni elmi kəşflərə nail olmalıdır? Nə üçün İranda bizim səhiyyəmiz, tibb institutlarımız onlarla il fəaliyyətdən sonra hələ də əlacı çətin olan xəstəliklərin müalicəsində çarəsiz qalıb? Eynilə, düşmənlərimiz bizi inandırmaq istəyir ki, bu xalqımız istedadsız və bacarıqsızdır. Bu qaynayan istedad vulkanlarına qarşı bu qədər hörmətsizlik edənlər necə də insafszdırlar! Əslində isə istedadsız və bacarıqsız deyillər! Bəs, səbəb (və nöqsan) nədir? Səbəb budur: Keçmiş universitet mədəniyyətimiz bizə dərsin, diplomun (titulun), ixtisasın, müəssisənin, peşənin və hər şeyin pula xidmət etdiyini öyrədirdi. Hər şeyin pula xidmət etdiyi bir zamanda insan ancaq pul qazanmaq yollarını arayıb-axtarır. Əgər insan şəhərin aşağı məhəlləsində az pul qazanacaqsa, onda şəhərin yuxarı məhəlləsində özünə tibbi ofis açacaq; orada həm qəbul haqqı yüksəkdir, həm də şöhrəti böyükdür. Lakin İslam mədəniyyətinin hakim olduğu cəmiyyət belə deyildir. Məqsədli şəkildə dərs oxuyan həkim isə yeni nailiyyətlər qazanmaq, xəstəliyi ayırd edib müalicə və dərmanını tapmaq üçün bütün imkanlardan istifadə edir. İslami inqilab mədəniyyəti bu xüsusiyyətə sahibdir. Mənə gün kimi aydındır ki, əgər biz bu cəmiyyətdə inqilabımızı qoruya bilsək, şübhəsiz, sabah cəmiyyətimiz xarici mütəxəssislərə ehtiyac duymayacaq, həm də ixrac üzrə mütəxəssislər hazırlayacaq. Bu, mənim üçün aydın bir məsələdir. Lakin biz iman və təqvaya əsaslanan inqilabımızı qoruyub-saxlaya bilməsək, əlli ildən sonra da əlimizi yad mütəxəssislərə uzatmalı və düşmənlərin alçaq süfrəsinin qalığından istifadə etməli olacağıq. Onlar da bizə test üçün dərmanlar göndərəcək, həmçinin göndərdikləri dərmanlar təsirsiz və bu torpağa uyğun olmayacaq. Mən burada tibb və səhiyyəyə aid bir misal çəkdim. Bütün elmi sahə və ixtisaslar – istər təcrübi, istər humanitar, istərsə də dini elmlər olsun – bu qəbildəndir. İslam sayəsində bir cəmiyyətdə mümkün və olması zəruri olan bütün elmlər çiçəkləndi; yalnız tibb, həndəsə, kimya və digər təcrübi elmlər deyil, həm də ərəb dili və ədəbiyyatı da çiçəkləndi.
Bu mətləbləri qeyd etməkdə məqsədim nədir? Bu təfsilat nə üçündür? Məqsəd odur ki, Əmirəlmöminin Əlinin (ə) o dövrdə, o mühitdə, zülmət və cəhalətin hökm sürdüyü o dünyada buyurduğu kəlamları bütün insanlar – kişi-qadın, böyük-kiçik – hamılıqla eşidir və öz düşüncələri qədər anlayırdı, halbuki, elm adamları, alimlər və mütəfəkkirlər həmin kəlamlara əsrlər sonra şərh yazmağa başlamışlar. Çünki o zaman bu cəmiyyətə inqilab hakim idi və haçan cəmiyyətdə inqilab baş verərsə, bu məsələ də gerçəkləşəcək!
“Nəhcül-bəlağə”nin mövzularının mündəricatı
Bunlar Əmirəlmöminin Əlinin (ə) xütbələridir. Bu xütbələr sizin bu gün “Nəhcül-bəlağə”də gördüklərinizdən daha çoxdur. Xoşbəxtlikdən, bu gün “Nəhcül-bəlağə”nin bu xütbələrindən bir neçə qat çoxu bizim əlimizdədir. Lakin Mərhum Seyid Rəzinin qələmə aldığı “Nəhcül-bəlağə” Əmirəlmöminin Əlinin (ə) seçilmiş xütbələrindən ibarətdir. Görəsən, Seyid Rəzi bu xütbələri hansı prizmadan seçib? Sosial prizmadanmı? Təəssüf ki, xeyr! Fəlfəsi prizmadanmı? Xeyr! Əsas etibarilə Seyid Rəzinin nəzər nöqtəsi bədii gözəlliyə əsaslanır. Elə buna görə də yazır ki, “Nəhcül-bəlağə” “bəlağət yolu” mənasını ifadə edir. Bəlağət yolu, yəni səlis danışıq. Əmirəlmöminin Əli (ə) bu xütbələrdə İslamın bütün məsələlərindən söz açır. Mən bu məsələlərdən bir neçəsinə toxunacaq, nəticəni isə sonda qeyd edəcəyəm.
1. İdeoloji məsələlər:
Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”də tövhid, nübuvvət, imamət, Qiyamət və məad, ilahi qüdrət və digər etiqadi məsələlər haqqında geniş söz açmışdır. Əgər alimlər bu məsələləri düzgün tərcümə və qısa şərh etsələr, İslam ideologiyası ilə bağlı bir çox həqiqətləri dinləyicilər və oxucuların zehni və qəlbinə ötürmüş olarlar. Demək, “Nəhcül-bəlağə”nin xütbələrinin bir qismini “əqidələr bölməsi” təşkil edir. Belə ki, İmam Əli (ə) bu bölmədə düşüncələri formalaşdırmaq və hidayət etmək məqsədi güdür.
2. Təqva:
“Təqva” sözün həqiqi mənasında “pərhiz” mənasını daşımır, bu, bir təhrifdir. Mərhum Ustad Şəhid Mürtəza Mütəhhərinin iki-üç məqaləsi və çıxışlar toplusundan biri “təqva” mövzusuna həsr edilmişdir. Mən gənclərə tövsiyə edirəm ki, onları əldə etsinlər və oxusunlar, Əmirəlmöminin Əlinin (ə) kəlamında təqvanın mənasını öyrənsinlər. Şəhid Mütəhhərinin “Seyri dər Nəhcül-bəlağə” ("Nəhcül-bəlağəyə bir baxış") kitabında İmam Əlinin (ə) kəlamındakı təqvanın həqiqi mənası haqqında bəzi mətləblər əldə edə bilərsiniz. Təqvanın həqiqi və düzgün mənası “günahdan çəkinmək”dir.
وَلِبَاسُ التَّقْوَىَ ذَلِكَ خَيْرٌ
“Əlbəttə, təqva libası daha yaxşıdır.”
İnsanı mənəvi-ruhi sarsıntılar və xəstəliklərdən qoruyub-saxlayan təqva libasıdır. “Zöhd” – sözün həqiqi mənasında “dünya həyatının maddi çalarlarına rəğbətsizlik” mənasını daşıyır. Təqva, helm (mülayimlik), dostluq, qardaşlıq və məhəbbət əxlaqi dəyərlərdir. Əmirəlmöminin Əli (ə) bu xütbələrdə insanların düşüncələrini formalaşdırmaqla bərabər, həm də onları psixoloji, ruhi və mənəvi baxımdan da zənginləşdirmək və saflaşdırmaq istəyir; birinci məsələ təlim, ikincisi isə təzkiyə (tərbiyə) kontekstinə aiddir.
3. Müharibə taktikası və strategiyası
Üçüncü hissə müharibəyə aiddir. Əmirəlmöminin Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə döyüş taktikalarını – döyüş meydanına daxil olduqda, necə hərəkət edəcəyini, necə baxacağını, necə yol yeriyəcəyi və dişlərini qıcıdacağını, strateji baxımdan kimlərlə döyüşməli olacağını öyrədir:
وَ لَقَدْ كُنَّا مَعَ رَسُولِ اللَّهِ (صلى ‏الله‏ عليه‏ و آله) نَقْتُلُ آبَاءَنَا وَ أَبْنَاءَنَا وَ إِخْوَانَنَا وَ أَعْمَامَنَا مَا يَزِيدُنَا ذَلِكَ إِلَّا إِيمَاناً وَ تَسْلِيماً َ
“Biz Allahın Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüşlərdə) öldürürdük. Bu isə, yalnız bizim iman və təslimçiliyimizi artırırdı...”
O Həzrət bu hissədə kimlərlə döyüşdüyünə, ümumiyyətlə, “Kimlərlə döyüşməli, nə üçün döyüşməli və İslamda döyüşün fəlsəfəsi nədir?”– kimi məsələlərə toxunur. Başqa sözlə, müharibə və mübarizənin strategiyası İmam Əlinin (ə) söhbətlərində açıq-aydın göstərilir.
4. Cəmiyyət və hökumət məsələləri:
Cəmiyyət və hökumət məsələlərinə gəldikdə, bu bölməyə Əmirəlmöminin Əlinin (ə) Malik Əştərə məşhur tövsiyə və göstərişlərini misal göstərə bilərik. O Həzrət bu xütbədə yalnız insanlarla mehriban davranışdan, onlara sevgi bəsləməkdən, zülmdən çəkinib ədalətlə rəftar etməkdən söz açmır, həm də Malik Əştərə tövsiyə edir ki, kimləri özünə müşavir seçə bilərsən. İndiki dönəmdə baş verdiyi kimi, (idarəçilikdə) islahat və təmizlik işlərinə də toxunur: “Ey Malik! Keçmiş rejimdə yüksək vəzifədə çalışanlarla işləmə, onlara güvənmə, onları dövlət qərarlarını verməklə bağlı vəzifələrə təyin etmə ki, onlar sənə xəyanət edəcəklər.” O Həzrət bu kimi incə məsələlərə qədər izah edir.
Bizim “Nəhcül-bəlağə”yə bugünkü ehtiyacımız
Gördüyünüz kimi, “Nəhcül-bəlağə”nin xütbələrində ideoloji məsələlərə, döyüş taktikalarına, idarəçilik üsulları və təcrübəsinə, əxlaqi dəyərlərə, zöhd və təqvaya, bir sözlə, hər bir məsələyə yer verilir. “Nəhcül-bəlağə” budur! Siz bu gün bizim “Nəhcül-bəlağə”yə nə qədər ehtiyac duyduğumuzu anlayacaqsınız. “Nəhcül-bəlağə”, əslində, Əmirəlmöminin Əlinin (ə) rəsmi şəxsiyyətini əks etdirir; yəni Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin təcəssümüdür. Bu da o Həzrətin başqa bir xüsusiyyətidir; belə ki, dediyinə əməl edir, istədiyini öz həyatında gerçəkləşdirir. Əmirəlmöminin Əlinin (ə) şəxsiyyəti və həyatı sözbəsöz, sətirbəsətir Quran və “Nəhcül-bəlağə”nin təfsiridir. Odur ki, “Nəhcül-bəlağə”ni oxusanız, həm Əmirəlmöminin Əlinin (ə) həyatı ilə tanış olacaqsınız, həm də İslamı öyrənəcəksiniz. (Bu da “Nəhcül-bəlağə”nin külliyyatı ilə bağlı qısa bir şərh idi.)
Əmirəlmöminin Əli (ə) üçün hakimiyyətin dəyərsizliyi
Mən “Nəhcül-bəlağə”dən bir xütbə seçmişəm və onu söhbətimin əvvəlində sizə oxudum. Sizə “Şiqşiqiyyə” adlanan bu xütbə haqqında bir qədər danışmaq istəyirəm. Eşitdiyiniz kimi, Əmirəlmöminin Əli (ə) döyüşlərin birində xeymədə əyləşib növbəti hücuma hazırlaşırdı, müvəqqəti atəşkəs elan olduğu vaxtda İbn Abbas xeyməyə daxil olub Əmirəlmöminin Əlinin (ə) öz ayaqqabısını yamamaqla məşğul olduğunu gördü. (Ərəblər həmin ayaqqabıya nə`l deyirlər.) Hamı döyüşə hazırlaşdığı bir vaxtda, Əmirəlmöminin Əli (ə) fürsətdən istifadə edir; bir şəxs ki, Ali Baş Komandan və bütün İslam ölkəsinin mütləq hakimidir, o vaxtkı İslam ölkəsi bugünkü İran və yaxud İraq kimi deyildi. Şamdan başqa, İran, Əfqanıstan, İraq, Misir, Yəmən və s. ölkələr İslam hakimiyyətinin tərkibinə daxil idi. Əmirəlmöminin Əli (ə) belə böyük bir məmləkətə rəhbərlik etdiyi halda, ayaqqabısını yamamaqla məşğul idi. İbn Abbas durub o Həzrətə tamaşa edirdi. Ağıllı və zəkalı İbn Abbas üçün o Həzrətin bu işi böyük məna kəsb edirdi. Doğrudan da, mənalı idi. Əmirəlmöminin Əli (ə) üzünü İbn Abbasa tutub buyurdu: “Ey İbn Abbas! Bu ayaqqabının qiyməti nə qədər olar?” Özü də ayaqqabının bir tayı! Bir tay təzə ayaqqabı neçəyə olar? O zaman neçə yerdən yamaqlanmış köhnə ayaqqabının qiyməti nə qədər olar? İbn Abbas baxıb deyir: “Heç nə! Qiyməti yoxdur.” Əmirəlmöminin Əli (ə) buyurur: “And olsun Allaha! (And içməsəydi belə, bütün aləm o Həzrətin sözünün doğruluğuna tay ola bilməz, amma and içir.) Sahib olduğum bu rəhbərlik və əmirlik mənim nəzərimdə bu ayaqqabıdan da ucuzdur (onun mənim üçün maddi dəyəri yoxdur. Azacıq belə məni özünə tərəf çəkə bilməz.”
إِلَّا أَنْ أُقِيمَ حَقّاً أَوْ أَدْفَعَ بَاطِلًا
“Lakin (mən hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı dirçəltməli, batili isə aradan qaldırmalıyam.”
Bu nə deməkdir? Hədəfli hökumət, yəni məktəbə çevrilən bir hökumət deməkdir; başqa sözlə, hökmranlıq etmək üçün ürəyim çırpınmır, hökmranlıq etmək istəmirəm, əgər xilafət və rəhbərlik etməkdən istefa etmədiyimi görürsünüzsə, səbəbi odur ki, bu vasitə ilə İslam cəmiyyətini qidalandırmaq, idarə etmək, haqqı dirçəltmək və batili aradan götürmək istəyirəm. Siz bu sözü Əmirəlmöminin Əlidən (ə) eşidirsiniz. İndi isə xütbəyə qayıdaq: Bu xütbədə Peyğəmbərdən (s) sonra xilafət məsələsi şərh edilir, sonra isə Əmirəlmöminin Əlinin (ə) öz xilafətindən söz açılır.
Əmirəlmöminin Əli (ə) tərəfindən hökumətin qəbul edilməsinin səbəbi – camaatın israrı
فَمَا رَاعَنِي إِلَّا وَ النَّاسُ كَعُرْفِ الضَّبُعِ إِلَيَّ يَنْثَالُونَ عَلَيَّ مِنْ كُلِّ جَانِبٍ
“Camaatın hər tərəfdən məni dövrəyə almasından başqa, heç nə məni bu çətin və böyük işə vadar etmədi.”
Camaat hər tərəfdən – Misirdən, Kufədən, Hicazdan, İraqdan və digər şəhərlərdən mənim ətrafıma toplaşıb dedi ki, axı, nə üçün rəhbərlik məsuliyyətini qəbul etmirsiniz? Qəbul edin.
Bu hadisə haçan baş verdi? Osmanın qətlindən sonra.
حَتَّى لَقَدْ وُطِئَ الْحَسَنَانِ
“Hətta (izdiham və camaatın çoxluğundan) Həsən və Hüseyn ayaq altında qaldılar.”
Görünür ki, iki güclü gənc – İmam Həsən (ə) atasının bir tərəfində, İmam Hüseyn (ə) o biri tərəfində dayanıbmışlar. Onlar uzaq şəhərlərdən gələn və “Ey Əmirəlmöminin, hakimiyyəti qəbul et!” – deyə yalvarıb israr edən camaatın ayaqları altda qaldılar; öz sözümüzlə desək, ayaqlar altında əzildilər.
وَ شُقَّ عِطْفَايَ
“Paltarım hər iki tərəfdən cırıldı.”
Camaatın izdihamı bu qədər çox idi.
Əmirəlmöminin Əlinin (ə) hakimiyyəti qəbul etməkdə hədəfi
Xütbənin davamında Əmirəlmöminin Əli (ə) hakimiyyəti qəbul etməsinin səbəbinə toxunur və buyurur ki, mən hakimiyyəti bir hədəfə görə qəbul etdim. O Həzrətin bu xütbədə buyurduğu hədəf bizim üçün bir meyardır. Bizim nəzərimizdə və İslamın baxışında bu hədəfə söykənən hakimiyyət ibadət sayılır. Bu hədəfi izləyəmən hakimiyyətin sonu isə acı və böyük bədbəxtlikdir. Əmirəlmöminin Əli (ə) bu xütbədə hakimiyyəti nə üçün qəbul etdiyini açıqlayır və buyurur:
لَوْ لَا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ لَأَلْقَيْتُ حَبْلَهَا عَلَى غَارِبِهَا
“Əgər cəmiyyətin mənə beyət etmək məqsədilə qiyamı (toplaşması) olmasaydı, höccətin tamamlanmasına kömək edilməsəydi və Allahın (hər cəmiyyətdə) alimlərdən tox zalımlar və ac məzlumlar qarşısında susmamaqla bağlı aldığı əhdi (və onların boynuna qoyduğu məsuliyyət) olmasaydı, xilafət dəvəsinin yüyənini boşlayar və ondan əl çəkərdim.”
Mənim hakimiyyəti qəbul etməyimin bir neçə səbəbi var: Birincisi, camaatın istəyi və tələbi idi. Camaatın istək və tələbi təyinedici bir faktordur. Camaat gəldi, istədi və israrla tələb etdi. İkincisi isə: وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ – Gördüm ki, məni himayə edənlər var və bu yolla öz hədəf və amallarımı gerçəkləşdirə bilərəm. Əgər hədəf və amallarımın gerçəkləşməyəcəyini hiss etsəydim, hakimiyyəti qəbul etməzdim. Digər tərəfdən, alim və agah olduğum üçün çiynimdə böyük bir məsuliyyət var, o da budur: Zalımların toxluğu və məzlumların aclığı müqabilində susmamalıyam. Bu səbəblər məni hakimiyyəti qəbul etməyə vadar etdi.
Bu, Əmirəlmöminin Əlinin (ə) bəlkə də xilafətdən az sonra buyrduğu kəlamdır. O Həzrətin xilafəti dövründəki əməl və rəftarları da bunu sübut etdi. Sözü əməllə təsdiqləmək lazımdır, yoxsa, sözün dəyəri olmaz.
Həqiqi meyar – İslama etiqad
Biz bu gün gözlərimizi açmalıyıq. İmamın buyurduğu kimi, bərbəzəkli sözlər və təntənəli ifadələr çoxdur, diqqətli olmalıyıq. Hökumətin proqramları mütləq bunlar olmalıdır və Allaha iman olmadan onların gerçəkləşməsi qeyri-mümkündür. Allaha iman gətirməyən, İslamı həyat proqramı tək qəbul etməyən, hər təfəkkür və düşüncəyə – ilahi və islami təfəkkürdə düzgün olmayan nasionalist, millətçi və materialist ideyalara, eklektik islami düşüncələrə sahib olan şəxs heç vaxt ilahi hökumət qura bilməz. Hökumət ilahi olmadıqda, cəmiyyət də islami olmayacaq. Bu zaman İmam (Xomeyni) millətçilər, hansısa eklektik təşkilatlar və materialist solçu zümrələrlə bağlı həssaslıq göstərərək fəryad edir. Bunlar bizim inqilab xəttimizi çəkib müəyyənləşdirən bir dərsdir. Biz bu gün, misal üçün, nasionalizm və millətçilik hədəflərə xidmət edən cəmiyyət və yaxud dəstələrə həssaslıq göstərməsək də bizim inqilabımızın pasportunda qeydə alınacaqdır. Çünki İmam onu söyləmiş, müəyyən etmiş və səbəbini də açıqlamışdır. Odur ki, ilahi məqsədlər üzrə hərəkət etməyənlərin öz hökumət sütunlarını hər hansı mümkün yolla möhkəmlətmək üçün deməyə sözləri yoxdur; şantaj, yalan, müxtəlif şivə və təhriklərdən istifadə edirlər. Amma cəmiyyətdə xalqa xidmət məqsədi güdən hakim dairələrin şantaja, aldatmağa, təhriklərə, xaosa, qarşıdurma və münaqişəyə ehtiyacları yoxdur. Çünki məqsəd xalqa xidmətdir.
Əlbəttə, bunlar külliyyatdır. Mən qəbul edirəm, amma siz bu gün İslam alimləri, etiqadi və əməli baxımdan insanların həyatının düzənində təyinedici rolu olanların bir-bir nümunə göstərməsinin intizarında olmayın. Nümunələri xalq özü tanımalıdır. Xalq bu bir il yarım ərzində çoxlu şüar verdi. Bəzilərinin dilə gətirdiyi şüarlar səthi idi, sonradan ona əks şüarlar verməyə başladılar. Anladıqları və həqiqəti bildikləri zaman fikirlərindən döndülər. Belə hallar bir də təkrarlanmamalıdır. İslam cəmiyyəti, xüsusilə, bu dönəmdə öz keçmişi və geridə qalan izlərindən ibrət almalıdır. Bu söz, xüsusən, siz gənclərə aiddir. Çünki gənclər yeni və gələcək nəsillərin təşkilatçılarıdır. Düşmənin hədəfi də məhz onlardır. Gənclərin düşüncələrini ya ələ almaq, ya yumaq, ya da oğurlamaq istəyirlər ki, onları əyri yola sürükləsinlər. Bu gün necə? Bu gün vəhdət və birlik haqqında olduqca yanlış bir təfəkkür formalaşdırıblar. “Vəhdət” və “birlik” aldadıcı və cazibədar bir addır. Amma, görəsən, vəhdət və birlik həmişə yaxşı, parçalanma isə həmişə pisdirmi? Xeyr! Səbəbsiz yerə bir-birinin canına düşən öz qruplarımız arasında birlik yaratmaq bir zərurətdir. İslam Peyğəmbəri (s) və səhabələri(أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ) “kafirlərə qarşı sərt, öz aralarında isə mehriban” idilər. Həmçinin bir ayədə belə buyurulur:
وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin.” Savaş odunu alovlandırmayın, onların arasında fitnə yaratmayın. Fitnə yaratmaq pis işdir.
وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ
“Fitnə öldürməkdən daha böyükdür!”
Elə isə fitnə-fəsad törədib qarışıqlıq salmayın.
فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي
“Əgər onlardan biri digərinə təcavüz etsə, həmin təcavüzkar dəstə ilə vuruşun” və onların qulağından tutub yerində otuzdurun.
Fitnə zamanı təfəkkür və bəsirətin əhəmiyyəti
Təcavüzkar dəstəni necə ayırd etmək olar? Diqqət etdiyiniz, ayıq olduğunuz, emosiyalarınıza qalib gəldiyiniz və əqlinizi işə salıb düşündüyünüz zaman! Yoxsa, bunu asanlıqla ayırd etmək olmur. Bu gün siz iki tarixə baxdıqda, Əmirəlmöminin Əli ibn Əbitalibi tərifləyir, Müaviyəni isə pisləyirsiniz. Lakin Əmirəlmöminin Əli (ə) ilə Müaviyə “Siffeyn” döyüşündə üz-üzə gəldikdə, Peyğəmbərin (s) səhabələrindən bəziləri Müaviyənin yanında döyüşürdülər. Xalqın çoxu doğru yolda olduğunu düşünüb deyirdi ki, Müaviyə möminlərin dayısıdır. O zaman ayıq və diqqətli olmaq lazım idi. Görəsən, kimlər ayıq və diqqətli oldular? Əmmar kimilər. Əmmar Yasir ayıq idi. O, şəkkə düşən bir dəstəni ətrafına yığıb dedi: “Allaha and olsun, Müaviyənin başı üzərindəki Əməvilər bayrağı “Bədr” və “Ühüd” döyüşündə Əmirəlmöminin Əlinin (ə) və onun başı üzərindəki İslam bayrağının əleyhinə dalğalanırdı. Bu gün həmin bayrağın altında Müaviyə dayanırsa, bir gün Əbu Süfyan dayanırdı. Bu gün İslam bayrağının altında Əli (ə) dayanırsa, bir gün onun altında sonuncu Peyğəmbər (s) dayanırdı.” Yəni, keçmişi xatırlayın. Birdən, xalq ayıldı, özünə gəldi. Odur ki, ayıq olmaq lazımdır.
Möminlərin əmiri və müttəqilərin mövlası İmam Əlinin (ə) pak və müqəddəs ruhundan kömək alıb hər gecəsi min aydan qiymətli olan bu dəyərli və bərəkətli gecələrin qədrini bilək, özümüzü Quran və “Nəhcül-bəlağə”yə – İslamın ruhu və həqiqətinə yaxınlaşdıraq.
İlahi, bizi İslam mədəniyyəti və İslam İnqilabının ruhiyyəsinə daha da yaxınlaşdır!
. “Nəhcül-bəlağə”, xütbə 3.
. “Loğman” surəsi, ayə 112.
. “Nəhcül-bəlağə ”, xütbə 39.
. “Əraf ” surəsi, ayə 26.
. “Nəhcül-bəlağə”, məktub 53.
. “Nəhcül-bəlağə”, xütbə 55.
. “Fəth” surəsi, ayə 29.
. “Hucurat” surəsi, ayə 9.
. 1980/05/03.
. Ayətullah Xameneinin bu çıxışı hicri-qəməri tarixi ilə 1400-cü ilə təsadüf edir. İndi isə 1443-cü ildir və həmin tarixdən 43 il keçir (müt.)
. “Nəhcül-bəlağə”, Seyid Rəzinin müqəddiməsi.
. “Nəhcül-bəlağə”, xütbə 11.
Source : Maide
Comment