Onun sözlərinə görə, bu, milli təhlükəsizlik məsələlərilə bağlıdır.
"Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır", - aprelin 23-də Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
İlham Əliyevin fikrincə, sərhədlərin bağlı olması azərbaycanlılar üçün "əlverişsiz" olsa da, "milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır".
Əliyev Rusiyanın Ukrayna ilə müharibəsini şimal sərhədlərinin bağlı qalması üçün səbəb kimi qeyd edib ancaq müharibədə olan ölkə ilə quru sərhədlərinin bağlı qalmalı olduğu barədə nəyə istinad etdiyini aydınlaşdırmayıb.
İlham Əliyev cənub sərhədlərinin bağlı qalmasını isə İranda güya “böhran” olması ilə əsaslandırmağa şalışıb. O İranda hansı böhranın olduğunu bildirməyib.
" Təzə münaqişələr də ki yağışdan sonra göbələk kimi peyda olur”, deyən Əliyev sözlərindəki qaranlıq məqamları daha da qəlizləşdirib.
Onun fikrincə, sərhədlərin bağlı olması ölkənin təhlükəsizliyini gücləndirir.
"Milli təhlükəsizlik məsələlərilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu, reallıqdır", - o qeyd edib.
Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Əliyevin çıxışını şərh edərkən deyib ki, prezident, nəhayət, quru sərhədlərinin bağlı qalmasının "pandemiya" ilə əlaqəsinin olmadığını etiraf edib.
Əliyevin fikirlərini şərh edən Cəfərli deyib: “Quru sərhədlər "karvansaray" deyil, oradan keçərkən ciddi yoxlamalar olur, yük və sənədlər yoxlanılır, hava limanı ilə eyni prosedurdur, ona görə də bu arqument (prezidentin) suallar doğurur. Məmləkətimiz qonşulardan güclüdür, elə deyil? Necə ola bilər ki, onlar açıq sərhədlərlə öz təhlükəsizliyini qoruya bilir, amma biz yox? Bu suallara da cavablar tapılmalıdır”, - Natiq Cəfərli qeyd edib.