Məsum rəhbərlərin rəvayətlərində zühurun intizarını çəkənlər üçün bir çox vəzifələr qeyd edilmişdir və biz burada onlardan bie neçə mühümmünə toxunacağıq:
İntizar çəkən insan imamını tanımadan intizar yolunu ötməsi mümkün deyil. Bu səadət vadisində səbirli və dözümlü olmağın yeganə yolu vəd edilən xilaskarı düzgün tanımaqdır. Bunun üçün İmamın (ə) qısa tərcümeyi-halını tanımaqla yanaşı, məqam və mənzilətini də tanımaq zəruridir.
İmam Həsən Əskərinin (ə) xidmətçilərindən olan Əbu Nəsr İmam Məhdinin (ə) qeybə çəkilməsindən öncə hüzuruna getdikdə, İmam (ə) ondan: “Məni tanıyırsanmı?” – deyə soruşdu.
O dedi: “Bəli, tanıyıram. Siz mənim sərvərim və sərvərimin oğlusunuz.”
İmam (ə) buyurdu: “Məqsədim belə tanımaq deyil.”
Əbu Nəsr soruşdu: “Sərvərim, bəs, məqsədiniz nədir?”
İmam (ə) buyurdu: “Mən Peyğəmbərin (s) son xəlifəsiyəm. Allah mənə görə bəlaları xanədanımdan və şiələrimdən uzaqlaşdırır.” (“Kəmalud-din”, c.2, fəsil 43, hədis 12, səh.171.)
Əgər intizar çəkən şəxs imamını yaxşı tanısa, özünü haqq cəphəsində görər və onun xeyməsində onunla birgə olduğunu hiss edər. Belə bir şəxs imamın cəphəsinin güclənməsi üçün çətinlikdən qaçmaz.
“Kim imamını tanıyaraq ölsə, zühurun tez və ya gec olması ona zərər verməz. İmamını tanıdığı halda ölən şəxs imamın xeyməsində (ordusunda) onunla birlikdə olan şəxs kimidir.” (“Üsuli-kafi”, c.1, fəsil: 84, hədis 5, səh.433.)
Qeyd etmək lazımdır ki, məsum rəhbərlərin (ə) kəlamlarında imamı tanımaq üçün Allahdan kömək istəmək göstəriş verilmişdir. Bu da məsələnin nə qədər əhəmiyyətli olduğunu aşılayır.
İmam Sadiq (ə) buyurur: “İmam Məhdinin (ə) böyük qeyb dövründə batil olanlar (din və əqidələrində) tərəddüd və şübhə edərlər.
İmamın (ə) xas səhabələrindən olan Zürarə: “Əgər o dövrü görsəm, nə edim?” – deyə soruşduqda,
“İlahi, Özünü mənə tanıtdır! Həqiqətən, əgər Sən özünü mənə tanıtdırmasan, Peyğəmbərini tanıya bilmərəm. İlahi, Peyğəmbərini mənə tanıtdır! Həqiqətən, əgər Peyğəmbərini mənə tanıtdırmasan, höccətini tanıya bilmərəm. İalhi, höccətini mənə tanıtdır. Həqiqətən, əgər höccətini mənə tanıtdırmasan, dinimdən saparam.” (“Əl-qeybət”, Nömani, fəsil 10, fasıl,3, hədis: 6, səh.170.)
Demək, İmam Məhdi (ə.f.) Allahın höccəti, Peyğəmbərin (s) xəlifəsi və bütün insanların imamıdır. Ona itaət hər kəsə vacibdir. Çünki ona itaət Allaha itaətdir.
Zəmanənin imamını tanımaqla bağlı məsələlərdən biri də onun həyat tərzi, rəftar və xüsusiyyətlərini tanımaqdır. İmamı belə tanımaq intizar çəkənlərin həyat və danışıqlarına, əməl və raftarlarına dərin təsir bağışlayır. Aydındır ki, insan zəmanənin imamını və Allahın höccətini nə qədər yaxşı tanısa, həyatında bir o qədər təsirini görəcək.