İmam Hüseyn (ə) elə gənclik dövründən siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir. “Cəməl” döyüşündə ordunun sol cinahının başçılığı imam Hüseynin (ə) öhdəsində idi. “Siffeyn” döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. (“Siffeyn döyüşü”, səh.144, 249, 530.)
İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbəri imam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında imam Hüseyn (ə) imam Həsənlə (ə) bir olmuşdur. Müaviyə imam Həsənə (ə) sülh təklif etdikdə, o həzrət imam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb, bu təklif barədə onlarla məsləhətləşdi. Nəhayət, sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birgə Mədinəyə qayıtdılar. ("Sireyi-Pişvayan”, imam Hüseynin (ə) həyatı.)
İMAM HÜSEYNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ
İmam Hüseyn (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası imam Əli (ə) ilə birgə yaşamış və imam Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. İmam Əlinin (ə) şəhadətindən sonra (hicrətin 40-cı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı imam Həsənlə (ə) çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin 50-ci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə islami vəzifələr imam Hüseynin (ə) öhdəsinə düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəla çölündə şəhadətə yetmişdir.
Rza Şükürlü (Maide.Az)