Ötən gün mətbuat səhifələrini növbəti “İrana cəsus” adı altında həbslər dolaşdı. “Cəsus” adlı ifrat təmizləmə, istər-istəməz işin kökündə qurama oyun gizlətdiyi üçün səhvləri qaçılmaz edir. Bu dəfə də yeddi nəfərlik “Kərimə dövlət” iddialı həbsin gerçəkləşdiyi xəbərdə Müsəlman Birliyi Hərəkatının “üzvü” olduğu gəncin bu sırada yer alması bir hərəkat olaraq bizim üzərimizə o yalana həqiqət donu geydirməyə çalışan hakimiyyətə cavabımızı məcburi etdi. Mövzuya aydınlıq gətirməzdən öncə 2015-ci il, Nardaran hadisəsi zamanı hakimiyyətin naşı siyasəti olaraq öz cinayətinə haqlılıq donu geydirməyə çalışdığı broşur hadisəsini xatırlatmaq yerinə düşərdi. Nardaran olayından sonra iki güc orqanının yaydığı məlumatda işə daxil edilən broşur diqqət çəkirdi. Broşurda güya Tale Bağırzadə bildirirdi ki, onların etirazları Nardarandakı olaya qisas olaraq gerçəkləşir. Öldürülən və həbs olunanların haqqına görə hakimiyyətə güc nümayiş olunur və sair. Əlbəttə, məhkəmələr zamanı cəsur vəkillər çox sadə sübutla broşurun hakimiyyət tərəfindən hazırlandığını göstərə bilmişdilər. Elə sübut olaraq da baş verməmiş olayın icrasını, neçə nəfərin öldürüləcəyini və bu kimi qeyd olunan hadisələrin baş vermədən öncə Tale Bağırzadənin bunlar barəsində dəqiqliklə xəbər verərək çağırış etməsini mümkünsüz hesab etmişdilər. Mövcud broşurun hadisədən sonra güya işi ağırlaşdırmaq üçün hakimiyyətin naşı orqanları tərəfindən hazırlandığına çoxsaylı sübutlar qoymuşdular. Elə son həbs olunan “Kərimə dövləti” iddiası ilə tutulan gəncin güya hərəkat üzvü olması kimi. Öncə hakimiyyət orqanlarının diqqətinə çatdıraq ki, MBH-nin Bərdə şəbəkəsi yoxdur. Bu məsələlərə həssas olun. Elementar səhvlər sizi daha gülünc vəziyyətə endirir. İkinci, artıq 5 ildir ki, hərəkat şəbəkə üzərində fəaliyyət qurmur. 2018-ci ildən bizdə yalnız birliklər olur. Bunu yəqin ssenarini yazan nümayəndəniz bilmir. Hər ehtimalla bunu da bilməniz yaxşı olar. Və sonuncu, heç olmasa saxlanılan şəxslərə hazır olaraq verdiyiniz yazını elə oxudun ki, onun sətir-sətir oxunması ekran önündən bu qədər aydın sezilməsin. Bunu başa düşmək üçün inanın ki, xüsusi bacarığa ehtiyac yoxdur. Sadəcə sizin naşı mütəxəssislərinizdən bir az diqqətli olmaq yetər. Xalqın dini inancını öz siyasi oyununa, hakimiyyət maraqlarına qurban etmək nəticə etibari ilə məğlubiyyətdən başqa heç bir şey vəd etmir. Son olaraq bir daha bu tip, artıq gülünc ittihamlarla yer alan ikrah doğuran həbslərin dayandırılmasını hakimiyyət orqanlarından tələb edirik. Müsəlman Birliyi Hərəkatı.