Rusiyalı rəsmilərin Cocuq Mərcanlıya səfəri Paşinyana yerini göstərmək üçündür
Story Code : 735440
Rusiyanın tanınmış ideoloqları və millət vəkilləri Azərbaycana səfər ediblər. Aralarında Aleksandr Duqin, Dmitri Savalyev, Maksim Şevçeno və digərlərinin olduğu nümayəndə heyəti Cocuq Mərcanlıya baş çəkərək, orada Azərbaycan ordusunun əsgərləri ilə görüşüblər. Rusiya ideoloqları və millət vəkilləri Dağlıq qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı müəyyən fikirlər də səsləndiriblər.
Bəs görəsən rusiyalı rəsmilərin və ideoloqların səsləndirdiyi fikirlər Rusiya hakimiyyətinin mövqeyini əks etdirirmi?. Ümumiyyətlə Rusiya rəsmilərinin Dağlıq Qarabağla bağlı açıqlamaları , münaqişənin həllinə töhfə verə bilərmi?. İslaminSesi mövzunu tanınmış politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Politoloq bildirib ki, Rusiya rəsmilərinin sərgilədiyi mövqe Paşinyan hakimiyyətini qorxutmaq üçündür: “ Əgər Paşinyan da Serj Sarkisyan kimi əlini qaldırıb Rusiyanın iradəsinə təslim olsa, o zaman erməni xalqının öz müqəddaratını təyin etmək hüququ bərpa ediləcək. Əks halda isə Rusiya Azərbaycanın beynəlxalq qanunlara uyğun mövqeyini dəstəkləməkdə davam edəcək. Bu o zamana qədər davam edəcək ki, Ermənistanda “Dağlıq Qarabağ əldən gedir” bağıran millətçilər Paşinyanı devirəcəklər”.
Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycanda bəzi adamlar Rusiya tərəfindən Ermənistana edilən təzyiqlərin Dağlıq Qarabağı geri qaytarmaq üçün zəmin ola biləcəyini düşünürlər:” Dağlıq Qarabağ münaqişəsi Rusiyanın əlində bölgənin sinəsinə sancılmış bir qarmaqdır. Bu qarmaqdan həm Ermənistan, həm də Azərbaycan asılı qalıb. Rusiya heç vaxt Azərbaycanın xeyirinə münaqişəni birdəfəlik həll etməyəcək. Ola bilər ki, formatı dəyişsin. Yaxud erməni millətçiləri birləşib Paşinyanı devirməsələr, Dağlıq Qarabağda müharibəyə başlayıb, bir neçə rayonu geri qaytarmağa Azərbaycana icazə verilsin. Bundan sonra isə Rusiya proseslərə stop deyəcək. Beləcə Ermənistan yenə 7 olmasa da, 5 rayonu və Dağlıq Qarabağı öz nəzarətində saxlayacaq”.
Politoloq qeyd edib ki, rusiyalı deputatların və ideoloqların Azərbaycana göndərilməsi Rusiya hökumətinin istəyi ilə həyata keçirilir: “ Onların bəziləri sərbəst fikir səsləndirirlər. Bəziləri isə Moskvanın istəyini diqtə edirlər ki, Paşinyana təzyiq güclü olsun və Ermənistan öz yerini bilsin”.