İranın Baş Qərargah rəisi: “Azərbaycan ərazilərinin işğaldan azad olunması Ali Rəhbərin sevincinə səbəb olub”
Story Code : 975620
APA xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.
O bildirib ki, İran və Azərbaycan tarix, din, dil və məzhəb baxımından bir-birinə yaxındırlar və möhkəm bağlara sahibdirlər:
“Ümid edirəm sizin səfəriniz iki ölkə arasında əlaqələrin, xüsusi ilə hərbi, texniki və müdafiə sahəsindəki əlaqələrin möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün əlverişli imkan yaradacaq. Biz həmişə azərbaycanlı qardaşlarımızı görməkdən məmnunuq. Çünki İran xalqı Azərbaycanın qardaş xalqını özünə daha yaxın hiss edir”.
M. Baqiri vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin uzun illərdən sonra azad olunması İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin və İran xalqının sevincinə səbəb olub:
“Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünə ölkəmizin ərazi bütövlüyünə qarşı həssas olduğumuz qədər həssasıq”.