AİP Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Story Code : 944344
Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrikdə deyilir:
“Allah Təalanın təqdiri və vəhyi-əmrilə Həzrət İbrahim Peyğəmbərdən yadigar qalan, O Həzrətin Allaha bəndəçiliyinin ən uca məqamını, fəlsəfi mahiyyətini, həm də Uca Yaradanın insana rəhməti və sonsuz sevgisini göstərən əzəmətli Qurban bayramı sevindirici və düşündürücü əlamətləri ilə günümüzə qədəm qoyur. Bu əzəmətli bayram münasibətilə həmvətənlərimizi, bütün qardaş və bacıları, dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirik.
Qurban bayramı Allahın təqdir etdiyi əlamətdar hadisələrdən biri kimi İnsanlıq durduqca Yaradanın bəşər övladına sevgisinin və rəhmətinin daimi göstəricisi olaraq qeyd ediləcək. Bu bayram həm də fəlsəfi mahiyyətinə görə bizlərə cəmiyyətin bütövlüyünü, onun təbəqələri arasında olan insani münasibətləri qorumağı və tənzimləməyi , mənəvi göstərici kimi zəruri ictimai dəylərləri təlqin edir. Bu müqəddəs məqam vasitəsilə Uca Yaradan bəşəriyyəti haqqa və ədalətə, ləyaqətli bəndəçiliyə çağırır. Sübut edir ki, İnsan malik olduğu bütün varlıqlardan və ən əziz nemətlərdən belə Allah üçün, Onun əmrini yerinə yetirməyə rəğmən dəyərlənir, ucalır, əbədi olan rəhmət nemətinə qərq olur.
Allah-Təala bu nümunəni -Həzrət İbpahim Peyğəmbərin yeganə əziz-xələfi olan İsmailin Allah yolunda qurban kəsməyə hazır olması və İsmailin anası Hacərin güclü imanı və bu üç şəxsiyyətin tərəddüd etmədən düzgün seçimini bəşəriyyətə təqdim etməklə insanın həqiqi kamillik yolunu göstərmişdir.
Təəssüflər olsun ki, Allah-Təalanın bu imtahanından düzgün nəticə çıxarmaq əvəzinə insanlığa qarşı bəzən yersiz və ciddi haqsızlıqlar törədilir, ədalətsiz müharibələr, qətliamlar və zülmlər həyata keçirilir. Bu qeyri-adekvat münasibət hakim zümrələrin sadə insanlara, Allah, vətən, torpaq, din yolunda hər şeydən keçə bilən möminlərə, hətta din alimlərinə qarşı münasibətində də baş verir. Ölkəmizdə din xadimlərinə, alimlərinə qarşı baş verən həqarətlər, İslam dəyərlərinin həqiqi daşıyıcılarınin cəmiyyətdən təcrid olunaraq zindanlara salınması biz müsəlmanlara, xalqımızın əsl düşmənlə mübarizədə birliyinə zərərdən başqa bir şey vəd etmir. Bütün bunlar İraqda, Suriyada, Fələstində, Əfqanıstanda, Yəməndə, Kəşmirdə və başqa müsəlman məmləkətlərində baş verən haqsızlıqlara və buna xristian ölkələrinin, dünyanın demokratik təsisatlarının, insan haqlarını müdafiə etməli olan beynəlxalq təşkilatların susması və biganəliyinə səbəb olan amillərə xidmət edir.
Biz Allahdan hər növ haqsızlıqlar törədən qövmlərin, ayrı-ayrı hakimlərin tezliklə hidayət olunmasını, işğal altında olan bütün müsəlman torpaqlarının istismarçı siniflərdən azad edilməsini diləyirik. Arzu edirik ki, İnşaAllah dindar qardaşlarımız, o cümlədən Hacı Mövsüm, Hacı İlham, Hacı Abgül və digər ruhani alimlərimiz tezliklə haqq etmədikləri zindanlardan azad olsunlar, ailələrinə qovuşaraq bu əziz günləri övladları ilə birgə keçirsinlər.
Bir daha Azərbaycanımızın müsəlman xalqını, dünya müsəlmanlarını mərhəmət dolu müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Evlərinizə bol ruzi-bərəkət, qəlblərinizə Allah sevgisi, hər kəsə can sağlığı, xoş axirət diləyirik. Allah mərhəmət və rəhmət niyyətilə kəsdiyiniz qurbanları qəbul etsin!”