AİP parlament seçkilərində iştirakla bağlı qərarını açıqladı
islaminsesi , 16 Dec 2019 16:57
İslamtimes - “Ötən həftənin sonunda Azərbaycan İslam Partiyası İdarə Heyətinin geniş toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə olunub. Qurum səlahiyyətliləri eyni zamanda ölkədə elan olunmuş növbədənkənar parlament seçkilərilə bağlı geniş təhlillər apararaq partiya üzvlərinin Milli Məclisə seçkilərdə iştirakı ilə əlaqədar qərarını da elan edib”.
Bu məlumat “İslaminSisi”-nə AİP Mətbuat Xidmətindən daxil olub.
Məlumatda həmçinin deyilir:
“Ölkədə elan olunmuş növbədənkənar parlament seçkiləri hakimiyyətin gözlənilməz qərarı hesab olunur. Belə bir addımın atılacağına dair indiyədək hakim partiyanın parlamentdəki üzvləri tərəfindən əks arqumentlər dəfələrlə səsləndirilmişdi. Əslində qanunverici hakimiyyətin formalaşması üçün keçiriləcək seçki gününün bu qədər tələsik və yaxın vaxta təyin edilməsi digər siyasi partiyaların belə bir ciddi siyasi mübarizəyə qoşulmaq imkanlarının və zamanının məhdudlaşdırılmasına xidmət etdiyi güman olunur.
Hakim partiya növbədənkənar seçkiləri ölkədə aparılan islahatlarla bağlamağa çalışsa da, bunu nisbətən təsdiq edən hal kimi nə seçki qanunvericiliyində, nə də məntəqə, dairə və Mərkəzi Seçki Komissiyalarının tərkibində mühüm və zəruri hesab edilən dəyişikliklərin şahidi oluruq. Belə bir neqativ seçki mühitinin qorunub saxlanması, hesab edirik ki, əvvəlki qanunsuzluqların, namizədlər üçün bərabər şəraitin yaradılmamasının, bir sıra saxtakarlıqların təktrarlanmasına gətirib çıxaracaq.
Azərbaycan İslam Partiyası iştirak etdiyi əvvəlki seçkilərdə baş verənləri qiymətləndirərək, növbədənkənar parlament seçkisində obyektivliyə etimadın olmadığı təqdirdə, parlamentdə ölkə ictimaiyyəti, xüsusən dini cameə üçün və cəmiyyətdə baş verən milli-mənəvi aşınmanın, onun törətdiyi fəsadların, hicablı xanımların fundamental hüquqlarının kobudcasına pozulmasının qarşısını almaqdan ötrü Milli Məslisdə təmsil olunmağın və zəruri tələb-təkliflərin səsləndirilməsinə böyük maraq və ehtiyacın olmasına baxmayaraq siyasi qurum tərəfindən namizədlərin irəli sürülməsini məqsədəuyğun hesab etmir”.
Story Code: 833096