Gəncə hadisələri ilə bağlı həbs edilmiş daha bir şəxs azad edilib
Islamazeri , 31 Aug 2019 11:51
İslamtimes - Gəncə hadisələri ilə bağlı həbs edilmiş daha bir şəxs - Nemət Heydərli bu gün apellyasiya instansiyasının qərarı ilə məhkəmə zalından azad edilib.
Gəncə hadisələri ilə bağlı həbs edilmiş daha bir şəxs - Nemət Heydərli bu gün apellyasiya instansiyasının qərarı ilə məhkəmə zalından azad edilib.
Onunla birlikdə həbs edilmiş digər şəxslərin: Elman Rüstəmov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev və Renat Məmmədovun həbs cəzası müddəti azaldılıb.
Bu qərar Bakı Apellyasiya Məhkəməsindəki prosesdə elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi sözügedən şəxsləri CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.
Onlar 2018-ci il iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təşkil etməkdə və polis əməkdaşlarına bədən xəsarətləri yetirməkdə ittiham olunurdular. Allahverdiyevin azadlıqdan məhrumetmə cəzası 4 ilə, Xudiyevin cəzası 3, Nəzərov və Məmmədovun cəzası 2,5 ilə endirilib.
Rüstəmova qarşı 220.1-ci maddə ilə ittiham dəyişdirilməyib. 315.2-ci maddə ilə ittiham isə eyni maddənin birinci bəndinə (polis nümayəndəsinə qarşı zor tətbiq etmə) tövsif edilib, cəza müddəti isə 8 ildən 5 ilə endirilib.
Heydərlinin azadlıqdan məhrumetmə cəzası isə 1 ilə endirilib və cəza müddətinin başa çatması ilə əlaqədar o, məhkəmə zalından azadlığa buraxılıb.
Heydərli jurnalistlərə bildirib ki, onun və onunla birlikdə həbs edilmiş şəxslərin heç bir təqsiri yoxdur. O, günahsız həbs edilən hər kəsin tezliklə azad edilməsini arzu edib.
* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.
2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.
10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi işin beş fiqurantını azad edib və iyirmi məhbusun cəza müddətini azaldıb. (turan.az)
Story Code: 813720