0
Thursday 13 June 2019 - 18:34

Gəncə məhbusu təcridxanada ağrıdan bayılıb-Həkim müdaxilə etməyib

Story Code : 799346
Gəncə məhbusu təcridxanada ağrıdan bayılıb-Həkim müdaxilə etməyib
Gəncə məhbusu Yusifov Alim Vahid oğlu böyrəklərinin ağrısından bayılıb. Bu barədə məlumatı vetenugrunda.az-a onun anası Arzu Əliyeva verib: "Alim indi Kürdəxanıdakı təcridxanadadır. Oğlum zəng eləmişdi, ağrıdan danışa bilmədi. Bircə onu dedi ki, böyrəklərimin ağrısından nəfəs ala bilmirəm. Həkimə nə qədər xahiş etdiksə, heç dönüb baxmadı. Ağrıdan huşumu itirmişdim. Bunu deyib, danışğı yarımçıq kəsdi, çünki danışa bilmirdi".
A.Əliyeva deyir ki, oğlu sapsağlam olub, amma tutulana qədər: "Alimin indi 30 yaşı var. Çox sağlam idi. Heç vaxt səhhətindən gileylənməzdi. Tutulandan sonra o qədər döymüşdülər ki, qolunu, burnunu sındırmışdılar. Ciyərləri çox pis zədələnmişdi. Neçə ay ciyərlərini müalicə etdirdim. Ciyəri sağalmamış indi də böyrəkləri sıradan çıxıb. Çünki işgəncə verəndə böyrəklərini təpikləyirmişlər".
Məhbusun anası deyir ki, oğluna etmədiyi cinayəti boynuna qoymaq üçün olmazın işgəncələr verilib: "2018-ci ilin iyulun 11-də səhər saat 10: 00-da kirayədə yaşadığı evdən Şəmkirə rayon polis idarəsinə, oradan Kəpəzə, sonra Gəncəyə aparıblar. Ağlasığmaz işgəncə veriblər. Üzünə o qədər vurublar ki, üzündə yara izləri uzun müddət sağalmadı. Döyürmüşlər ki, ya narkotik alveri ilə məşğul olduğunu ya da digər hər hansı cinayəti boynuna götür".
Alim Yusifov 1989-cu ildə, iyulun 6-da Bakı şəhərində anadan olub. Körpəlikdən atasız böyüyüb. Atasını itirdikdən sonra ailə Şəmkirə köçüb və bu günə qədər rayonun Dəlilər kəndində yaşayırlar. Alim isə ailə qurduqdan sonra Şəmkir rayonunda kirayə evə köçüb. Biri 8, digəri 9 yaşında iki övladı var. Həyat yoldaşı onkoloji xəstədir və bu xəstəliyə görə 9 dəfə əməliyyat olunub. O, hazırda yataqdan qalxa bilmir. Kimyaterapiya müalicəsi alır.
Xatırladaq ki, Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Cümüşüdov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyevin təmsil olunduğu 7 nəfərlik qrupa 2019-cu il, mayın 10-da Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Y.İsmayılzadə 9 il, A.Rüstəmov 8 il, E.Əliyev 6 il, Z.Cümşüdov isə 8 il, Alim Yusifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Alim Yusifovun da təmsil olunduğu 7 nəfərlik qrupun (Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Cümüşüdov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə, Elvin Əliyev) hazırda Bakı Apellyasiya Məhkəməsində işinə baxılır. Növbəti proses iyunun 21-i saat 14:30-da baş tutacaq.
YADDAŞ
Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazovu güllələyən Yunus Səfərovun işgəncə verilmiş şəkilləri internetdə yayıldı. Buna etiraz edən bir qrup vətəndaş iyulun 10-da isə Gəncə şəhərində, icra hakimiyyətinin qarşsındakı meydanda etiraz aksiyası keçirmək istəyib. Lakin etiraz aksiyasında kimlərsə öncədən hazırlanmış təxribat törədərək, dinca aksiyanı qanlı qarşıdurmaya çevirib. Hadisə zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bu hadisədən sonra həbslər başlayıb.
Həbs edilənlər məhkəmə zamanı verdikləri ifadədə onlara qarşı dəhşətli işgəncələr verildiyini bildiriblər.
Məhkəmə prosesi zamanı məhbusların və onların müdafiəçilərinin qaldırdıqları vəstatlər təmin edilməyib. Məhbuslar və onların yaxınları hadisənin baş verdiyi meydandakı kameraların görüntülərini və işgəncə aldıqlarını sübuta yetirmək üçün ekspertiza təyin edilməsini tələb etsələr də onların vəsatəti rədd edilib.
Comment