Bu gün sənin doğum günün,
Dünyaya gəliş günündür.
Amma sən hörmətinə dünya yaradılan
Beş kimsədən birisən...
Hər kəsə qismət olmaz hörmətinə dünya yaransın...
Sən Zəhranı (s.ə) ilk dəfə ana edən birisən.
Sən analığı Zəhraya ilk dəfə yaşadan,
Sən atalığı ilk dəfə Əliyə bəxş edən,
Sən Allah Rəsulunu ilk dəfə baba edən birisən.
Sənin gəlişinə atalıq Əliyə bu qədər yaraşdı,
Zəhra səni qoynuna alanda analıq şərbətini içdi, ey əziz.
Sən mənim ən çox sevdiyim İmamımsan
Ey məqamı ali olan
Ey şərafət sahibi
Mən səni çox sevirəm
Ən çox sevdiyim İmam (ə).
Ən çox sevdiyim əziz,
Ömrümün axır günü
Can boğazda olanda
Onda da soruşsalar
Ən çox kimi sevirsən
Sənin adın gələcək yalnız mənim dilimə.
Hər kəs İmamını (ə) sevir
Bəsləyərək məhəbbət.
Sizin On İkinizə də qəlblərdə coşur rəğbət
Sizlərin hər birini sevirik atadan çox.
Amma kimdən soruşsan, deyəcək bunu mütləq:
Hər İmamın (ə) öz yeri var mənim ürəyimdə,
Ancaq filan İmamı (ə) bir az artıq sevirəm.
Heç bilmirəm nədəndir
Ki, onun məhəbbəti məni yaman yandırır, əsir alıb qəlbimi
Məni yaman çağırır...
Bax sən də mənim ən sevdiyim İmamsan
Əlbətdə ki, sizlərin hərənin öz sevgisi var.
Qəlbimdə yeriniz var.
Siz bizə çox əzizsiz, ey İlahi İmamlar
Amma İmam Həsənin (ə) xususi bir yeri var. ..
Ən çox sevdiyim İmam
Tənha qalmış sərkərdə
Ey tabutu oxlanan...
Mən səni çox sevirəm
Amma mənim bu sevgim
Nə sənin tənhalığın
Nə oxlanan tabutun
Səbəbindən yaranıb.
Bu, bir acıma deyil
Məhəbbətin özüdür.
Sənin tənhalığına
Acımıram.
Səni bu qədər sevən
İkinci bir insanı nə bu dünyada gördüm
Nə də adın xarici eşitdim.
Kimsə mənim tək desin:
Mən Həsəni (ə) sevirəm.
Hər kəs Hüseyni sevir –
Canım qurban Hüseynə
Mən də onu sevirəm
Amma İmam Həsəni
Hamıdan çox sevirəm.
Bu gun sənin bu dünyaya gəlişinin,
Dünyanı nura qərq edişinin
Tarixidir, Həsəncan (ə).
Mən də səni çox sevən
Biri kimi səslənib
Sənə təbrik deyirəm.
Yaxşı ki, doğulmusan.
Onsuz da bu dünyanın
İşi düzələn deyil.
Amma şükürlər olsun,
Bu dünyaya gəlmisən.
Ağartmısan səmanı
Gecəni gün etmisən.
Sən doğulub, Zəhranın (s.ə)
Qəlbini şad etmisən.
Nə yaxşı doğulmusan,
Ey Əlinin (ə) tikəsi,
Ey Peyğəmbər (s) balası.
Nə yaxşı doğulmusan,
Ey, İmamlar İmamı
Ey, Bəqinin incisi...
Xəyalə Quliyeva İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin məzunu